AZ EN RU

“Şərq qapısı” qəzeti yaradıcılıq müsabiqəsi elan edir

Naxçıvan Muxtar Respublikasının yaradılmasının 100 illiyinə həsr olunmuş “Naxçıvan 100 ildə” yaradıcılıq müsabiqəsində hər kəs iştirak edə bilər.

 Müsabiqədə iştirak etmək istəyənlər müəyyənləşdirdiyi sahə üzrə hazırladığı işi (yazı, foto) “Şərq qapısı” qəzeti redaksiyasına təqdim etməlidir.

Müsabiqəyə təqdim edilmiş materialların qiymətləndirilməsi redaksiya tərəfindən təsdiq olunmuş 6 (altı) nəfərdən ibarət münsiflər heyəti tərəfindən aparılır.

Yaradıcılıq müsabiqəsi qəzet məqaləsi və fotoreportaj istiqamətləri üzrə keçirilir.

Müsabiqə çərçivəsində iştirakçılar tərəfindən hazırlanacaq materiallar Naxçıvan Muxtar Respublikasında sosial-iqtisadi inkişaf, səhiyyə, mədəniyyət, təhsil, vətənpərvərlik, ordu quruculuğu, gənclər sahəsində görülən işlər, ekologiya, idman, müasir inkişaf mənzərəsi və digər istiqamətlərdən birini və ya bir neçəsini əhatə etməlidir.

Müsabiqəyə rəngli və ağ-qara, jpeg formatda olan fotolar təqdim edilə bilər. Bir müəllif 5 (beş) fotodan artıq təqdim edə bilməz.

Müsabiqəyə təqdim olunan işlərin qiymətləndirmə meyarları aşağıdakı kimidir:

– müsabiqənin şərtlərinə cavab verməsi, istiqamətlərdən birini və ya bir neçəsini özündə əks etdirməsi;

– işlərin bədii səviyyəsi və keyfiyyəti;

– mövzunun əhatə olunması;

– jurnalist araşdırması və əsaslandırma;

 – ideyanın orijinallığı;

– savadlı kompozisiya həlli;

– materialın dil və üslub xüsusiyyətləri;

– işin təsiredici qüvvəyə malik olması, oxucu üçün informasiya səviyyəsi, mövzunun asan qavranılması və açılması, ictimai maraqların müdafiəsi və sair;

 – fikrin bədii-estetik ifadəsi, yaradıcı yanaşma.

Müsabiqə 1 aprel 2024-cü il tarixdən 30 iyun 2024-cü il tarixədək olan müddətdə keçiriləcəkdir. Yaradıcılıq müsabiqəsində iştirak etmək istəyənlər hazırladıqları işləri 30 iyun 2024-cü il tarixədək “Şərq qapısı” qəzeti redaksiyasına təqdim etməlidir.

Müsabiqədə hər istiqamət üzrə 4 (dörd) nəfər olmaqla, birinci, ikinci, üçüncü və həvəsləndirici yerlər nəzərdə tutulur:

I yer – 2 nəfər  

II yer – 2 nəfər  

III yer – 2 nəfər  

Həvəsləndirici yer – 2 nəfər     

Nəşr edilib : 27.03.2024 16:58