AZ EN RU

“Şərq qapısı” qəzeti də görkəmli dövlət xadiminin ideyalarından bəhrələnir

    1969-cu ildə hakimiyyətə gələn görkəmli dövlət xadimi Heydər Əliyev milli mətbuatımızın tarixi ənənələrini inkişaf etdirməklə yanaşı, söz, mətbuat azadlığına da nail olmağı özünün prioritet vəzifəsinə çevirdi. Həyatımızın digər sahələri ilə yanaşı, mətbuatımız da hərtərəfli inkişaf yoluna qədəm qoydu, özünün qayğıkeş hamisini tapdı. Milli mətbuatımız xalqın maraq dairəsini özünə cəlb etdi, müxtəlif informasiyaların operativ şəkildə yayılmasında, ölkə vətəndaşlarının maarifləndirilməsində ideoloji tribunaya çevrildi. Dövlət siyasətinin təbliğini, bu siyasətin kütlələrin maraqlarına xidmət etməsini isə səhifələrində dolğun şəkildə işıqlandıran mətbuat orqanlarımız özünə geniş oxucu auditoriyası qazandı.

    Azad mətbuatın, demokratik cəmiyyətin ayrılmaz tərkib hissəsi olan, mütərəqqi idealların carçısına çevrilən, xalqın ülvi arzularının reallaşmasına öz töhfəsini verən söz tribunamız müstəqillik illərində yenə də məhz dahi şəxsiyyət Heydər Əliyevin apardığı uzaqgörən siyasətin, həyata keçirilən məqsədyönlü tədbirlərin hesabına özünün yeni inkişaf mərhələsinə qədəm qoydu.
    Ulu Öndərin 1998-ci ilin avqust ayının 6-da imzaladığı “Söz, fıkir, məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” Fərmanı mətbuat işçilərinin böyük sevincinə səbəb oldu. Bu sənədlə kütləvi informasiya vasitələrində Dövlət Sirlərini Mühafızə edən Baş İdarənin fəaliyyəti dayandırıldı, 1992-ci ilin aprel ayının 16-da imzalanmış Fərmana əsasən yaradılmış hərbi senzura aradan götürüldü.
    Xatırladaq ki, Sovetlər Birliyinə daxil olan respublikalar içərisində ilk dəfə olaraq bu addım Azərbaycanda atılmışdı.
    Həmin fərmanda təqdirolunası məqamlardan biri də o idi ki, Azərbaycanın bütün mətbuat və informasiya orqanları əlavə dəyər vergisindən azad edildi.
    Ulu Öndərin bu istiqamətdə gördüyü ən mühüm işlərdən biri də 2000-ci ilin mart ayının 27-də imzaladığı Fərman idi. “Azərbaycanda milli mətbuatın yaradılmasının 125 illiyi haqqında” adlı bu tarixi sənəd ölkəmizdə mətbuata dövlət qayğısının daha bir təzahürü kimi dəyərləndirildi.
    “Mən jurnalistlərə, mətbuat orqanlarına böyük hörmətlə yanaşıram. Sizin əməyinizi çox ağır, mürəkkəb əmək hesab edirəm. Özünü bu peşəyə həsr edənlər əsl hünər göstərirlər”, – deyən Ümummilli Liderimizin adıçəkilən Fərmanı Azərbaycanın ictimai fikir tarixində mühüm rolu olan mətbuatın daha sürətli inkişafına, söz, fıkir azadlığına şərait yaratdı, respublika mətbuatında öz dəstxəti olan qələm sahibləri yüksək dövlət mükafatlarına layiq görüldülər.
    “Kütləvi informasiya vasitələrinə dövlət qayğısının artırılmasına və Milli Mətbuat, Teleradio və İnternet Şurasının yaradılmasına dair” 2001-ci il 20 iyul tarixli Fərmanı isə bu sahənin daha geniş fəaliyyətinə imkan yaratdı.
    Ulu Öndər deyirdi: “Milli özünüdərkin bərqərar olmasında, vətənpərvərlik hisslərinin aşılanmasında, milli və ümumbəşəri dəyərlərin təbliğində müstəsna rol oynamış Azərbaycan mətbuatı xalqımızın azadlıq və müstəqillik uğrunda mübarizəsinə öz böyük töhfələrini vermişdir”. Təbii ki, bu töhfələr mətbuatımıza Ulu Öndərin böyük qayğısından qaynaqlanırdı. Belə qayğının davamı kimi Ümummilli Liderin 2001-ci ilin dekabr ayının 27-də imzaladığı “Kütləvi İnformasiya Vasitələrinə dövlət qayğısının artırılması sahəsində əlavə tədbirlər haqqında” Sərəncamı da mühüm əhəmiyyət daşıyan sənəd kimi dəyərləndirilməlidir. Eyni zamanda dahi rəhbərin “Azərbaycan” nəşriyyatına olan borcların ödənilmə müddətinin 3 il uzadılması ilə əlaqədar 9 yanvar 2003-cü ildə qüvvəyə minən Sərəncamı da onu göstərir ki, Ulu Öndər mətbuatın dövlətin inkişafında oynadığı rola necə yüksək qiymət verirdi.
    2001-ci ildə kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüşən Ulu Öndər Heydər Əliyev demişdir: “Bilin, mən jurnalistləri həmişə sevmişəm. Mən bir dəfə söylədim ki, keçmişdə, sovet hakimiyyəti dövründə, Sovet İttifaqı Kommunist Partiyasının liderləri içərisində başqalarına nisbətən mətbuatla ən yaxın olan adam mən olmuşam. Ən dost olan adam mən olmuşam. Bu, mənim xarakterimdədir, xasiyyətimdədir. Mən həmişə mətbuatla maraqlanmışam, qəzet-jurnalları oxumuşam, radio-televiziyada verilən məlumatlara həmişə diqqətlə yanaşmışam. Ona görə də jurnalistika sənəti mənə çox yaxın olubdur”. 
    Bütün bunlara rəğmən onu da vurğulamağı vacib sayırıq ki, Ümummilli Liderin kütləvi informasiya vasitələrinin inkişafına, jurnalist əməyinin qiymətləndirilməsinə göstərdiyi qayğının bəhrələrini Naxçıvan Muxtar Respublikası timsalında aydın görmək olar. Belə ki, regionumuzda fəaliyyət göstərən kütləvi informasiya vasitələri üçün normal iş şəraiti yaradılıb, maddi-texniki bazaları gücləndirilib.
    Bunu muxtar respublikanın ən böyük söz tribunası olan “Şərq qapısı” qəzetinin timsalında aydın görmək olar. Köklü mətbuat ənənələri olan qəzetin fəaliyyətini Ümummilli Liderimiz yüksək qiymətləndirərək deyirdi: “Mən “Şərq qapısı” qəzetinin təsiri altında tərbiyələnmişəm. Hələ gənc ikən, burada orta məktəbdə, pedaqoji texnikumda oxuyanda müxtəlif məsələləri öyrənmək üçün “Şərq qapısı”ndan çox istifadə etmişəm... O vaxtdan nüfuzlu qəzet kimi hafizəmdə qalıb”.
    Bir faktı diqqətinizə çatdırım ki, Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti, filologiya üzrə fəlsəfə doktoru,  Mehriban Sultanın qəzetimizin 17 noyabr 2021-ci il tarixli nömrəsində dərc olunmuş “Şərq qapısı” qəzeti Ümummilli Lider Heydər Əliyevin siyasi fəaliyyətinin Naxçıvan dövründə” adlı tədqiqat xarakterli yazısında görkəmli dövlət xadiminin həmin illərdə bu mətbuat orqanı ilə sıx əlaqəsindən bəhs olunub. 
    Yazıda oxuyuruq: “Xalqımızın böyük oğlu, dahi siyasətçi Heydər Əliyevin Moskvadan Naxçıvana qayıdaraq burada yaşayıb fəaliyyət göstərdiyi, muxtar respublikaya rəhbərlik etdiyi 1990-1993-cü illər “Şərq qapısı” qəzetinin də nəşri tarixində dövlət müstəqilliyinin bərpa və bərqərar olması dövrü kimi xarakterizə edilməlidir. Məhz bu dövrdən qəzet Azərbaycanın çoxsaylı mətbu orqanları arasında birinci olaraq ölkəmizi düşdüyü bəlalardan qurtarmağın yeganə yolunun görkəmli dövlət xadimi Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıtmasında olduğu barədə yazılarla çıxış etmişdir. Ulu Öndərin rəhbərliyi altında milli dövlətçiliyimizin bərpası ilə bağlı Naxçıvan parlamentində qəbul edilən tarixi siyasi qərarlar ilk olaraq məhz “Şərq qapısı” vasitəsilə geniş oxucu kütləsinə, ölkə ictimaiyyətinə çatdırılmışdır. Həmin illərdə dahi şəxsiyyətin maddi-mənəvi dəstəyilə qəzet böyük tirajla nəşr olunmuş, öz yayılma arealını genişləndirərək ilk dəfə coğrafi sərhədlərini xeyli aşmış, Azərbaycanın digər bölgələrində də oxunmağa başlanmışdır. Təbii ki, bu, ilk növbədə, Ümummilli Liderə olan tükənməz sevgidən irəli gəlirdi.
    Dahi şəxsiyyət Naxçıvana qayıtdıqdan bir neçə gün sonra Naxçıvan gənclərinin xahişi ilə onlarla iki saatdan artıq davam edən görüşdən reportaj “Həmyerlilərimə minnətdaram” sərlövhəsi ilə “Şərq qapısı”nın oxucularına 2 avqust 1990-cı il tarixli nömrəsində təqdim olunub” . 
    Yeri gəlmişkən bir faktı diqqətinizə çatdırmaq istərdim. Azərbaycan milli mətbuatının 135 illik yubileyi ərəfəsində, 13 iyul 2010-cu il tarixli nömrəsində “Ziyalı tribunası” rubrikasında dərc olunmuş “Mətbuat cəmiyyətin güzgüsüdür. Onun nüfuzunu yüksəldən başlıca amil dövlətçilik dəyərlərinin formalaşması prosesində oynadığı roldur” sərlövhəli müsahibəmdə Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi, 1991-2000-ci illərdə “Şərq qapısı” qəzetinə redaktorluq etmiş mərhum həmkarımız Səxavət Kəngərli mətbuatda işlədiyi dövrlərdə Ümummilli Lider Heydər Əliyevlə görüşlərini xatırlayaraq deyir: “Ötən əsrin 90-cı illərinin əvvəlləri, konkret olaraq, xain qonşularımız ermənilərin Azərbaycana qarşı təcavüzü nəticəsində 1991-1993-cü illər maddi cəhətdən nə qədər ağır, sarsıntılı illər kimi yaddaşlarımıza yazılıb. Həmin illəri xatırlayanda yadıma öncə Ulu Öndər Heydər Əliyev düşür. Çünki həmin illərdə biz bilavasitə o dahi şəxsiyyətin rəhbərliyi altında işləmişik. Ümummilli Liderimiz mətbuata qarşı çox həssas və qayğıkeş insan idi. Muxtar respublika Ermənistanın təcavüzündən qorunmaq məcburiyyətində qaldığı, işığın və qazın olmadığı, bütün kommunikasiya xətlərinin kəsildiyi bir dövrdə Ulu Öndərimizin bir amalı var idi: muxtar respublikanı erməni təcavüzündən qorumaq, bu qədim diyarın işğalının qarşısını almaq, naxçıvanlıların yaşamaq əzmini yüksəltmək. Belə bir ağır vəziyyətdə çıxış yolu tapmaq üçün gecə-gündüz yorulmaq bilmədən çalışan Ümummilli Liderimiz mətbuata da böyük diqqət yetirirdi. Çünki mətbuatın cəmiyyət həyatındakı rolunu yaxşı bilirdi. O, daim qəzetin fəaliyyəti ilə maraqlanır, muxtar respublikanın maddi vəziyyətinin son dərəcə ağır olmasına baxmayaraq, qəzetin nəşrinin davam etdirilməsinə hər cür maddi köməklik göstərir, onun keyfiyyətini yaxşılaşdırmaq, ideya-siyasi cəhətdən düzgün istiqamətləndirmək üçün çox qiymətli tövsiyələr verirdi. Qəzetin o dövrdə oxunaqlı çıxmasında bu tövsiyələrin böyük əhəmiyyəti olub. Dünya şöhrətli siyasət və dövlət xadimi olan belə bir insanın rəhbərliyi altında işləmək hər bir jurnalist üçün böyük xoşbəxtlik idi…
    Qeyd etdiyim kimi, ölkəmiz müstəqillik qazandıqdan sonra partiya vəsaiti ilə maliyyələşən kütləvi informasiya vasitələrinin bu vəsaitdən məhrum olması nəticəsində mətbuatın vəziyyəti son dərəcə ağırlaşdı. “Hər bir qəzet öz-özünü maliyyə vəsaitləri ilə təmin etməlidir” şüarını ortaya atan AXC-Müsavat iqtidarı mətbuatı taleyin ümidinə buraxdı. Qəzeti hazırlayıb çapa göndərmək üçün kağız alınması, redaksiya əməkdaşlarına məvacib verilməsi üçün vəsait çatışmırdı. Biz qəzetin gündəlik nəşrini həftədə bir dəfəyə endirsək də, yenə də çətinliklərlə üzləşirdik.
    Xoşbəxtliyimiz onda oldu ki, o ağır dövrdə Heydər Əliyev kimi görkəmli dövlət xadimi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsinə seçildi. AXC-Müsavat iqtidarı tərəfindən qəzetə pul vəsaitinin ayrılması qəti olaraq qadağan edilsə də, Ulu Öndər Heydər Əliyev qəzetin nəşrinin davam etdirilməsi üçün maliyyə orqanlarını vəsait ayırmağa məcbur edirdi. Əgər o vaxt Ulu Öndərimiz Naxçıvana rəhbərlik etməsəydi, “Şərq qapısı” qəzetinin nəşrində ən azı bir il, il yarım fasilə yaranacaqdı”. 
    Səxavət müəllim onu da deyirdi ki, qəzetin hər bir nömrəsi ilə yaxından maraqlanan Ulu Öndər “Şərq qapısı” qəzetinin bülleten şəklində nəşr edilərək paytaxt Bakıya göndərilməsini təmin etmişdi. Məqsəd o idi ki, Bakıda və ölkənin digər bölgələrində yaşayanlar muxtar respublikada gedən ictimai-siyasi proseslərdən xəbər tuta bilsinlər. 
    Ötən dövr ərzində həyatımızın bütün sahələri ilə yanaşı, mətbuata da böyük qayğı göstərən Ulu Öndərin layiqli davamçısı, ölkə başçısı cənab İlham Əliyevin bu istiqamətdə həyata keçirdiyi məqsədyönlü tədbirlər hər bir mətbuat işçisinin hərtərəfli fəaliyyət göstərməsinə böyük imkanlar yaradıb. Ölkəmizdə fəaliyyət göstərən qəzet və jurnalların dövlətin ideoloji tribunasından söz demək imkanları genişlənib.
    Şərəfli bir yol keçmiş, bölgənin ictimai-siyasi, mədəni, iqtisadi həyatında mühüm rol oynamış “Şərq qapısı” qəzeti də belə qayğılardan kənarda qalmayıb. Belə ki, son illərdə əməkdaşların əməkhaqqı bir neçə dəfə artırılıb, 3 şöbə yaradılıb, qəzetin dövriyyəsi artırılıb, bir vaxtlar həftədə 4 səhifə ilə 3 dəfə oxucularla görüşə gələn “Şərq qapısı” neçə illərdir ki, 6, bəzən 8 və daha çox səhifə ilə həftədə 5 dəfə çap olunur. Görkəmli dövlət xadiminin müəyyənləşdirdiyi mətbuat siyasətini də özünün prioritet vəzifəsinə çevirən dövlət başçısı cənab İlham Əliyevin bu sahəyə daha bir qayğısının ifadəsidir ki, 2010-cu ildə “Şərq qapısı” qəzeti müasir bina və texnoloji avadanlıqlarla təmin edilib. 2021-ci ildə qəzetin 100 illik yubileyi keçirilib. 
    Bu gün muxtar respublikamız ölkə başçısı cənab İlham Əliyevin hərtərəfli qayğısı ilə böyük quruculuq yolundadır. Regionumuzun hansı yaşayış məntəqəsinə, ucqar dağ və sərhəd kəndinə üz tutsaq yeniləşmə proseslərinin ərməğanlarını görə bilərik. Yeni məktəblər, səhiyyə ocaqları, inzibati binalar tikilir, yollar salınır, yaşıllaşdırma tədbirləri həyata keçirilir, iqtisadiyyat inkişaf etdirilir. Bütün bunlar naxçıvanlıların qurmaq-yaratmaq əzmini, doğma yurda bağlılıq hisslərini gücləndirir və muxtar respublikada gedən prosesləri operativ şəkildə işıqlandırmaq üçün qəzetin yaradıcı heyəti səy və bacarığını əsirgəmirlər. 
    Bu gün iki elmlər namizədi, dosentin, 3 Əməkdar jurnalistin, 2 “Tərəqqi” medallı əməkdaşın fəaliyyət göstərdiyi qəzetdə çalışanların çoxu gənclərdir. Qəzetin bütün əməkdaşları oxuculara onların maraqları ilə üst-üstə düşən yazıların hazırlanması üçün var-qüvvələrini sərf edirlər.
    Ölkə başçısı cənab İlham Əliyevin Ulu Öndərin müəyyənləşdirdiyi iqtisadi siyasəti uğurla həyata keçirməsinin nəticəsidir ki, bu gün muxtar respublikanın iqtisadiyyatı özünün yüksək inkişaf mərhələsindədir. Dövlət başçısının 2023-cü il 5 iyun tarixli “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncamından, bununla əlaqədar olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən müşavirədən irəli gələn vəzifələrin icrası istiqamətində görülən işlər əməkdaşların da qarşısında yeni vəzifələr qoyub. Bu istiqamətdə hazırlanaraq oxuculara təqdim edilən yazılar maraqla qarşılanır. 
    Muxtar respublikamız şərəfli tarixə malik olan qədim yurd yerlərimizdən biridir. Bölgədə olan tarixi və mədəniyyət abidələri bu yurdun daş salnamələridir. Onların tədqiq və mühafizə olunması, gələcək nəslə ərməğan edilməsi istiqamətində dövlət səviyyəsində göstərilən qayğı getdikcə artmaqdadır. Qəzetin aparıcı mövzusuna çevrilən bu cür yazılar muxtar respublika haqqında oxucularda hərtərəfli təəssüratlar yaratmaq, onlara geniş bilgilər vermək məqsədi daşıyır. Bu sahədə qələmə alınan yazılar özlərinə geniş oxucu auditoriyası qazanıb.
    Milli-mənəvi dəyərlərimizi yaşatmaq, təbliğ etmək, gənclərdə bu dəyərlərə məhəbbət hissləri oyatmaq üçün də qəzet öz imkanlarından geniş istifadə edir.
    Maarifləndirici funksiya daşıyan qəzet kənar müəlliflərin də köməyindən hərtərəfli bəhrələnir. Bu cəhətdən muxtar respublikada fəaliyyət göstərən ali, orta ixtisas və ümumtəhsil məktəblərinin müəllim və tələbələri, AMEA Naxçıvan Bölməsinin əməkdaşları qəzetlə sıx əlaqə saxlayır, onları düşündürən məsələlərlə bağlı qəzetimizdə tez-tez çıxışlar edirlər. 
    Bu gün muxtar respublikada fəaliyyət göstərən bir ali təhsil ocağında jurnalist sahəsində kadr hazırlığı aparılır. Bu da muxtar respublikamızda mətbuatın daha da inkişaf etdirilməsi məqsədi daşıyır. Ulu Öndərin: “Jurnalistika böyük zəhmət, xüsusi səy, professional yanaşma, hadisələri obyektiv dəyərləndirmək və prosesləri düzgün analiz etmək bacarığı tələb edən sənətdir” müdrik kəlamını əsas götürən qəzet əməkdaşları öz fəaliyyətlərində bu cəhətlərə diqqət yetirməyə səy göstərir, Ümummilli Liderimizin bu çətin, çətin olduğu qədər də şərəfli və məsuliyyətli jurnalist peşəsinə bağlananlara verdiyi tövsiyəyə əməl etməyə çalışırlar.

 Muxtar MƏMMƏDOV
Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti

Nəşr edilib : 01.09.2023 18:00