AZ EN RU

“Şərq qapısı” – Naxçıvan mediasının 103 yaşlı əfsanəsi

Dünən ölkə başçısı “Media haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliyin edilməsi ilə bağlı müvafiq Qanunu imzaladı və Naxçıvan Muxtar Respublikası Ali Məclisinə çap mediası subyektinin təsisçisi olmaq statusu verildi. Bununla da “Şərq qapısı” qəzetinin təsisçisi statusu qanunvericiliklə təsbit edilir.

Bu qərar 103 yaşlı yaşayan əfsanənin – “Şərq qapısı”nın həyatında yeni mərhələnin başlanması deməkdir. Bu o qəzetdir ki onun bir əsrdən artıqdır, işıq üzü görən saylarında tanıdığımız və tanımadığımız Naxçıvan yaşayır. Qəzet tarixdir, günün salnaməsini yaratmaqdır. Qəzetçilik isə mənə görə çap mediası kimi klassik jurnalistikanın ən çətin qoludur. Qoy bu fikrimə görə TV və radio sahəsində çalışan həmkarlarımız qətiyyən məndən inciməsin. Qələm sahibi qəzetdə daha çox püxtələşir, bədii təsvirini zənginləşdirir. “Şərq qapısı” bizim kimi yüzlərlə jurnalistə qucaq açıb, məktəb rolunu oynayıb, bizi peşəkar jurnalistikaya hazırlayıb, ziyalı tribunası, söz çələngimiz olub.

İndi qəzetin fəaliyyəti ilə bağlı hüquqi statusun yaranması elə ən çox ömür-gününü “Şərq qapısı”na həsr edənləri, həmçinin ziyalıları və kənar müəllifləri sevindirir. Bir media mənsubu kimi ölkə liderinə minnətdarlıq etməyi özümə mənəvi borc bilirəm.

Ömrünə ömür calanıb, 103 yaşlı həmişəcavanımız. Hər zaman publisistik duyğularımızın, analitik qabiliyyətimizin, dinamik xəbər yaradıcılığımızın güzgüsü olmağın diləyi ilə baş redaktor və yaradıcı heyətə uğurlar.

Muxtar RZAZADƏ

Nəşr edilib : 02.05.2024 12:00