AZ EN RU

“Şərq qapısı” ailəsinə böyük etimad

“Şərq qapısı” qəzeti Naxçıvan Muxtar Respublikasının tarixini, keçdiyi inkişaf yolunu gələcək nəsillərə çatdıran salnamədir. Eyni zamanda 103 yaşlı bu mətbuat orqanı tədqiqatçılar, araşdırmaçılar, elm adamları, media mənsubları üçün etibarlı mənbədir. Təsadüfi deyil ki, 1990-1993-cü illərdə görkəmli dövlət xadimi, Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın xilası naminə həyata keçirdiyi tədbirlər, qəbul etdiyi tarixi qərarlar məhz “Şərq qapısı” qəzeti vasitəsilə geniş xalq kütləsinə çatdırılıb. Həmin dövrdə bu mətbu orqan Ulu Öndərin milli dövlət quruculuğu yolunda fəal mübarizəsini öz səhifələrində əks etdirib, informasiya blokadasının aradan qaldırılmasında mühüm rol oynayıb. Həmin tarixi hadisələr yalnız “Şərq qapısı” qəzetinin səhifələrində əksini tapıb. Ümummilli Liderin ikinci dəfə Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonrakı illərdə “Şərq qapısı”nın maddi-texniki bazası daha da gücləndirilib. Ötən dövrdə bu mətbu orqan muxtar respublikanın sosial-iqtisadi və mədəni inkişafına öz töhfəsini verib. “Cavanlar həyatı” kimi fəaliyyətə başladığı andan indiyə qədər ötən 103 ildə “Şərq qapısı”, sadəcə, muxtar respublika rəsmilərinin xitabət kürsüsü olmayıb, həm də regionda ən müxtəlif sahələrdə çalışan, hətta orta və ali təhsil alan sakinlər üçün də əsl tribunaya çevrilib. 2005-2007-ci illərdə Naxçıvan Dövlət Universitetində “Mətbuat tarixi” istiqaməti üzrə magistr təhsili alarkən mənim də yolum bu qəzetin redaksiyasından keçib. İlk vaxtlar, sadəcə, əməkdaşlıq etdiyim “Şərq qapısı” sonradan iş yerimə çevrilib. Rəhmətlik baş redaktor Məmməd Məmmədovun rəhbərlik etdiyi doğma, mehriban bir kollektivin üzvü olmuşam. Sevinirəm ki, vaxtilə çiyin-çiyinə çalışdığım həmkarım, iş yoldaşım Sara Əzimovanın baş redaktorluğu ilə “Şərq qapısı” qəzeti öz ənənəsini davam etdirir, muxtar respublikadakı ictimai-siyasi, sosial, mədəni, iqtisadi proseslərin əsl güzgüsünə çevrilir. Ötən müddətdə qəzetin əməkdaşlarının sayı artıb, kollektivə yeni simalar cəlb edilib, dərc edilən materialların rəngarəngliyi, əhatə dairəsi, məzmunu, oxunaqlığı artıb. Əminəm ki, Prezident cənab İlham Əliyevin bu günlərdə imzaladığı Sərəncamla “Media haqqında” Qanununda dəyişikliyin edilməsi isə qəzetin fəaliyyətində yeni mərhələnin başlanğıcı olacaq. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin rəsmi orqanı olan “Şərq qapısı” qəzetinin təsisçisi statusunun qanunvericilikdə təsbit edilməsi və qəzetin fəaliyyətinin təmin olunmasının hüquqi əsasının yaradılması tarixi hadisə olmaqla yanaşı, ölkə rəhbərliyinin mediaya göstərdiyi qayğının daha bir əyani nümunəsidir. Bu həm də “Şərq qapısı” ailəsinə böyük etimad, onların üzərinə düşən məsuliyyət, qarşılarına qoyulan yeni və mühüm vəzifələrdir. Ona görə də “Şərq qapısı” qəzetinin baş redaktoru Sara Əzimovanı və rəhbərlik etdiyi kollektivi, ümumən, bütün muxtar respublika sakinlərini bu münasibətlə təbrik edirəm. Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının daha da inkişafı naminə informasiya cəbhəsinin əsgərləri sayılan doğma kollektivə, həmkarlarıma yeni-yeni yaradıcılıq uğurları və nailiyyətlər arzulayıram.

Rufik İSMAYILOV

Medianews.az saytının baş redaktoru, “Baku TV”-nin Qərbi Azərbaycan Departamentinin əməkdaşı-aparıcısı

Nəşr edilib : 02.05.2024 11:28