AZ EN RU

Şərq aləminin ilk satira Günəşi

    Azərbaycan milli mətbuat tarixi və onun inkişafında “Molla Nəsrəddin” jurnalının özünəməxsus yeri və mövqeyi vardır. Mübaliğəsiz demək olar ki, “Molla Nəsrəddin” jurnalı publisistik püxtəlik, jurnalistika peşəkarlığı, müxbirlik məharəti, janr müxtəlifliyi, milli ideyalılığı, xalqa bağlılığı, xalq yaradıcılığı ənənələrinə sədaqəti, ana dilinə məhəbbəti və dilinin sadəliyi, eləcə də müasirliyi və bəşəri dəyərlərə hörməti ilə səciyyələnirdi. Mübarizə amalını “xalqın xoşbəxtliyi yoluna” həsr edən bu jurnal ilk nömrəsindən başlamış son nömrəsinə qədər – 25 il ərzində “vətən, millət, dil” ideyasına xidmət göstərmişdir. 

    “Sizi deyib gəlmişəm” baş proqramı ilə xalqına və vətəninə məhəbbətdən yoğurulmuş jurnalın ətrafında çoxsaylı ziyalı və ədiblər toplaşaraq “Molla Nəsrəddin” adlı bir məktəbi də formalaşdırmış oldular. “Molla Nəsrəddin” özünün satirik ruhu, şirin yumoru, sadə dili və xalqın xoşbəxtliyi uğrunda mübarizə meyarı ilə milli yaradıcılıq ənənələrini yeni əsrdə bir qədər də inkişaf etdirmiş və zənginləşdirmiş oldu. Məhz onun xidmətləri sayəsində milli mətbuatımızda Azərbaycançılıq düşüncəli, kütləvi oxunaqlılığa malik yığcam publisistik janr nümunələri geniş meydan tapdı. Dövrünün görkəmli fikir adamı, söz və fikir zadəganı kimi geniş şöhrətə malik böyük ideoloq,  məşhur “Füyuzat” jurnalının redaktoru Əli bəy Hüseynzadənin “Yaxşı yazırsınız... Belə də yazmaq olarmış” fikirləri də bu jurnalın milli mətbuat və jurnalistika tariximizdə tutduğu əhəmiyyətli yeri və oynadığı misilsiz xidmətləri etiraf edən mühüm  faktdır. Bu baxımdan xalq yolunda xidmətləri misilsiz olan böyük ictimai xadim və görkəmli ədib Cəlil Məmmədquluzadə həm də milli mətbuatımızın inkişafı və intişarında mühüm xidmətləri ilə yadda qalmışdır. Bu mənada, bənzərsiz yumoristik jurnal olan “Molla Nəsrəddin” jurnalı “Dünyada sözdən böyük yadigar yoxdur”, – deyən böyük ustad Cəlil Məmmədquluzadənin və onun yoldaşları olan mollanəsrəddinçi ədiblərin məhəbbətlə sevdikləri Azərbaycan xalqına və onun gələcəyinə miras qoyduqları ən böyük yadigar oldu. Görkəmli elm adamı, böyük mirzəcəlilşünas alim, akademik İsa Həbibbəylinin də yazdığı kimi: “Şərq aləminə ilk satira Günəşi ilk dəfə “Molla Nəsrəddin”dən doğmuşdur. Məhkum Şərqin oyanışı, dirçəlişi və istiqlalı uğrunda geniş, sistemli və ardıcıl mübarizə “Molla Nəsrəddin” dərgisi ilə başlamışdır. “Molla Nəsrəddin” dərgisi Azərbaycanda və türk-müsəlman dünyasında milli azadlıq və müstəqillik uğrunda mübarizənin ədəbiyyatda və mətbuatdakı sərkərdəsidir”. 
    Böyük alim və publisist Məhəmməd ağa Şahtaxtılının “Şərqi-Rus” qəzetindən başlanan “jurnalistika məşqindən” sonra qəlbi xalqına xidmət amalı ilə döyünən dahi söz adamı Cəlil Məmmədquluzadə görkəmli ziyalı, əqidə və məslək dostu Ömər Faiq Nemanzadə ilə birgə dünyalarca məşhur olan “Molla Nəsrəddin” jurnalının əsasını qoymuşdur. Mirzə Cəlil isə deyildiyi kimi, bu jurnalın, o cümlədən mollanəsrəddinçi ədiblərin ağsaqqalı, yolgöstərəni və ideoloqu idi. 1906-cı il aprelin 7-dən (yeni təqvimlə 20-dən) nəşrə başlayan “Molla Nəsrəddin” jurnalı “Əkinçi”dən başlanılan milli mətbuatçılıq ənənələrini davam etdirməklə bərabər, Azərbaycan mətbuatı və jurnalistikasına yeni ənənələr gətirməyə və onu zənginləşdirməyə də müvəffəq oldu. Bu jurnalın xidmətlərindən biri də o idi ki, ətrafında birləşdirdiyi milli ziyalı və ədiblər kollektivindən Azərbaycan ictimai fikri və ədəbiyyatı tarixinə Mirzə Ələkbər Sabir, Əbdürrəhim bəy Haqverdiyev, Üzeyir bəy Hacıbəyli, Yusif Vəzir Çəmənzəminli, Əliqulu Qəmküsar, Məmmədsəid Ordubadi, Əli Nəzmi, Mirzə Əli Möcüz və başqa görkəmli ədəbi simalar bəxş etmişdir. Karikatura və şəkillərə də üstünlük verən “Molla Nəsrəddin” dərgisi həm də Azərbaycan incəsənətində karikatura janrının inkişafına böyük imkanlar açmış, Azərbaycanda satirik qrafika və karikatura sənətinin yaranmasına vasitə olduğu kimi, Oskar Şmerlinq, İozef Rotter, Əzim Əzimzadə, Seyidəli Behzad, İsmayıl Axundov, Hüseyn Əliyev, Qəzənfər Xalıqov kimi karikatura ustalarının da yaranması və meydana çıxmasına vəsilə olmuşdur. Xalqına bağlı insanların vətənə xidmət vasitəsinə çevrilən “Molla Nəsrəddin” jurnalı təkcə Azərbaycanda deyil, maarif, nəşr və bir sıra ictimai inkişaf baxımından bir çox türk-müsəlman xalqlarını qabaqlamaqla Azərbaycan xalqının mübariz və vətənsevər ziyalılarının əldə etdiyi böyük nailiyyəti təzahür etdirirdi. Adından tutmuş üslubuna qədər xalq yaradıcılığı ənənələrinə dayanan “Molla Nəsrəddin” jurnalı bütün Şərq aləmi və Türk dünyasında ilk rəngli, şəkilli, karikaturalı yeni mətbuat orqanı idi. Xalq lətifələrinə dayanaraq yaranan felyetonlar adı “Molla Nəsrəddin” seçilən milli mətbuat orqanının “öz üzərinə gülmək” üslubuna uyğun ədəbi xidmət göstərirdi. Mollanəsrəddinşünasların yazdığı kimi də, “teleqram, atalar sözləri, poçt qutusu, bilməli xəbərlər” kimi məlum anlayışlar bilavasitə jurnalın kəşfi olaraq mətbuatda janr kimi yetkinləşmiş və jurnalın aparıcı janrlarına çevrilmişdir. Mətbuat aləminə “Molla Nəsrəddin” jurnalı “Sizi deyib gəlmişəm, ey mənim müsəlman qardaşlarım!” müraciəti ilə gələrək, bütövlükdə, xalqı, müsəlman və türk aləmini ünvan seçmişdi. “Ax unudulmuş vətən, ax yazıq vətən! Dünya titrədi, aləmlər mayallaq aşdı, fələklər bir-birinə qarışdı, millətlər yuxudan oyanıb gözlərini açdılar və pərakəndə düşmüş qardaşlarını tapıb dağılmış evlərini bina etməyə üz qoydular. Bəs sən hardasan, ay biçarə vətən!” – deyə həmvətənlərini oyatmağa səsləyən jurnal: “Dünya aləm dəyişildi, mənalar özgə təbir əxz elədi, yəni... hamı buna nail oldu ki, vətən, vətən, vətən, dil, dil, dil, millət, millət, millət. Dəxi bu dairələrdən kənar bəni-noi-bəşər üçün nicat yolu yoxdur” deməklə “gərək bir-birinizlə  əl-ələ verəsiniz... yəni birləşəsiniz. Çünki vallah, billah, yer haqqı, göy haqqı, bundan başqa, sizdən ötrü nicat yolu yoxdur” fikrini təlqin edir, azərbaycanlıların həmrəyliyi və birliyi ideyası ilə çıxış edirdi. Təsadüfi deyil ki, “Sizi deyib gəlmişəm”, “Azərbaycan”, “Vətəndaşlar”, “Cümhuriyyət” və sair kimi zəngin məqalə və felyetonlar Azərbaycan publisistikası və jurnalistikasının yeni məzmunda inkişafında əvəzsiz rola malik olmuşdur. “...Hər bir qələmin öz müqəddəs vəzifəsi var: birinci növbədə, millətin xoşbəxtliyi yolunda xidmət etmək”, – deyə xalqının istiqlaliyyəti, milli oyanışı və inkişafı yolunda dönmədən xidmət göstərən nəhəng ictimai və ədəbiyyat xadimi Cəlil Məmmədquluzadə ilk sözündən tutmuş son sözünə qədər vətəndaşlıq məktəbi, vətənpərvərlik dərsliyidir. 
    Qısa fasilələrlə düz 25 il nəşr olunan və 748 nömrəsi çap olunan “Molla Nəsrəddin” jurnalı həm də yeganə  mətbuat orqanı idi ki, bu qədər uzun müddətə nəşr olunmaqla özünəməxsus ənənələri ilə məktəb yaratmağa müvəffəq olmuş, həm də Azərbaycan ictimai fikir tarixində tənqidi-realizm cərəyanını formalaşdırmışdır (İkinci belə bir məktəb və romantizm cərəyanını yaratmış mətbuat orqanı “Füyuzat” idi). “Baraban” jurnalı rusca, “Şeypur” jurnalı isə azərbaycanca bu məşhur mətbuat orqanının mütərəqqi ənənələrini davam etdirərək ən çətin və məsuliyyətli vaxtlarda Azərbaycan xalqına milli-ideoloji cəhətdən xidmət göstərmişlər.  “Molla Nəsrəddin” jurnalı konkret ictimai mühit və dövrün tələbləri ilə bağlı hərəkət edir, dövrün ictimai sifarişlərini əsasa alaraq milli istiqlal və siyasi bütövlük ideallarını da ifadə edirdi. Söz yox ki, ilk işə başlayanda “siyasət sözünün baş hərfi olan “s” hərfinin adını çəkməyin qorxulu olduğunu”, – deyən ədib C.Məmmədquluzadə sonrakı dönəmlərdə ardıcıl olaraq siyasət məsələlərinə də biganə qalmamış, Azərbaycanın birliyi və bütövlüyü, milli istiqlalı, milli həmrəyliyi kimi vacib məsələləri də qələmə almışdır. Jurnal müəyyən fasilələrlə 1906-1918-ci illərdə Tiflisdə, 1920-1921-ci illərdə 8 nömrə ilə Təbrizdə, 1922-1931-ci illərdə isə Bakıda nəşr edilmişdir. Ümumiyyətlə isə “Molla Nəsrəddin” jurnalı yeganə və ilk mətbuat orqanı idi ki, çap olunduğu yerlərin xəritəsi ilə də Azərbaycanın tarixi ərazilərini əhatə etmiş, sözün əsl mənasında, böyük və bütöv Azərbaycan coğrafiyası və ideyasını ortaya qoymuş­dur. Vətən, dil və milli istiqlal məsələsi jurnalın əsas məqsədi və yaradıcılıq məramını təşkil edirdi. Və söz yox ki, məhz həyata keçirilən ardıcıl, məqsədəuyğun işlərin, əldə olunan milli-ictimai oyanış və birliyin nəticəsində 1918-ci ildə elan olunan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasında “Molla Nəsrəddin” jurnalının da xidmətləri əvəzsiz idi. Məlum olduğu kimi, Sovet dövründə də fəaliyyətini davam etdirən “Molla Nəsrəddin” jurnalının Allahsızlar İttifaqının orqanına çevrilməsinə qarşı jurnalın naşiri və redaktoru Cəlil Məmmədquluzadə qəti şəkildə etiraz etmiş, bu və digər səbəblərdən yeni dövrün sərt tənqid, qınaq və təqiblərinə məruz qalmış, 1931-ci ildə “Molla Nəsrəddin” jurnalı öz fəaliyyətini dayandırmış, 1932-ci ildə isə böyük mütəfəkkir-yazıçı Cəlil Məmmədquluzadə dünyasını dəyişmişdir. 
    Bütün bu xüsusiyyətlərinə, Azərbaycan xalqının inkişafı yolunda göstərdiyi xidmətlərə görə xalqımızın ümummilli lideri Heydər Əliyev “Molla Nəsrəddin” jurnalını və onun redaktoru Mirzə Cəlil Məmmədquluzadə irsini yüksək qiymətləndirərək deyirdi: “Cəlil Məmmədquluzadə öz yaradıcılığı ilə, əsərləri ilə, publisistikası ilə, böyük mətbuatçılıq fəaliyyəti ilə Azərbaycan xalqının milli oyanışında, milli dirçəlişində əvəzsiz rol oynamışdır. Xalqımızın milli şüurunun formalaşmasında məhz “Molla Nəsrəddin” jurnalının və Mirzə Cəlilin fəaliyyətinin rolu misilsizdir”. Bu baxımdan ölkəmizdə, o cümlədən Vətəni Naxçıvanda böyük ədibin xatirəsinin əbədiləşdirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilmişdir. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2009-cu ildə 140, 2019-cu ildə isə 150 illik yubileyləri keçirilmişdir. Bununla əlaqədar olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin təsdiqlədiyi Tədbirlər Planı da böyük ədibin xatirəsinə ehtiram göstərilməsi istiqamətində əlamətdar tədbirlərlə yadda qalmışdır. Ədibin Vətəni Naxçıvanda üç ev-muzeyi fəaliyyət göstərir. Böyük ənənələrə malik olan Naxçıvan Dövlət Musiqili Dram Teatrı da böyük ədibin adını daşıyır və qarşısında əzəmətli heykəli ucaldılıb. 

    Hər il aprel ayında Naxçıvanda “Molla Nəsrəddin” günləri” keçirilir. AMEA Naxçıvan Bölməsində hazırlanaraq çap edilən “Cəlil Məmmədquluzadə: taleyi və sənəti”, “Əliqulu Qəmküsar: taleyi və sənəti”, “Məmməd Səid Ordubadi: taleyi və sənəti” kimi kitablar da ilk satirik milli mətbuat orqanı olan “Molla Nəsrəddin” jurnalı və onun aparıcı nümayəndələrinin xatirəsinə mühüm töhfələrdir. “Molla Nəsrəddin” jurnalı son dövrlərdə on cilddə yenidən nəfis tərtibatla nəşr edilərək ictimaiyyətə təqdim edilmişdir. Nəşr edilən “Cəlil Məmmədquluzadə 150” məqalələr toplusu da bu sahədə görülən qiymətli işlərdən biridir. Bütün bunlar təsdiq edir ki, böyük ideyalar carçısı “Molla Nəsrəddin” jurnalı, onun naşiri ustad Mirzə Cəlil və mollanəsrəddinçi məsləkdaşları Azərbaycançılıq məfkurəsinin mətbu bayraqdarları kimi bu gün də bizimlə qoşa addımlayır, həmişəyaşardırlar. 

Ramiz QASIMOV
AMEA Naxçıvan Bölməsinin əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru, dosent

Nəşr edilib : 19.04.2022 20:26