AZ EN RU

Sərhəddən başlayan Vətənin sərhədçi qəhrəmanları

    “Sərhəddə keşik çəkən əsgər ana kimidir”, – deyirlər. Doğrudan da, bir ana övladının keşiyini çəkdiyi kimi sərhədçi də Vətənin keşiyində dayanır. Onun daşının, torpağının, hətta əsən mehinin də keşiyini çəkir. Sərhədçi üçün qızmar günəşin, qarın, boranın, çovğunun əhəmiyyəti yoxdur. O, gözünü bir an belə, qırpmadan Vətən torpağının hər qarışını əzmlə, mərdliklə qoruyur. Sərhədçi bilir ki, simli məftillərdən, minalı ərazilərdən, atılan güllələrdən, açılan atəşlərdən, bir sözlə, sərhəddən başlayır Vətən. Gözünü Vətən sərhədinə dikib, kirpiklərini tikanlı məftillərtək sərhədə çəkən sərhədçinin qəlbində heç vaxt qocalmayan, təravətini, həyəcanını itirməyən tək sevgi alovlanır – Vətən sevgisi. Bu, elə bir duyğudur ki, bütün ali hissləri özündə cəmləyir – namus, şərəf, heysiyyət, qürur, fəxarət kimi...

    Elə bugünkü söhbətimiz də İkinci Qarabağ müharibəsində Vətənin müdafiəsinə qalxan, 44 gün ərzində yağış, boran, qar demədən savaş meydanında düşmənə qan udduran, 30 ilin ədalətsizliyini haqq ünvanına çatdıran sərhədçi igidlərimiz barədədir.
    27 fevral 1992-ci ildə Naxçıvan şəhərində anadan olan Mirməhəmməd Seyidov 15 nömrəli tam orta məktəbdə təhsil alıb. 2007-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə, oranı bitirdikdən sonra – 2010-cu ildə isə Dövlət Sərhəd Akademiyasına daxil olub. 2014-cü ildən Dövlət Sərhəd Xidmətində hərbi qulluqçu kimi fəaliyyət göstərən qəhrəman sərhədçi döyüş xatirələrini dilə gətirir: – 27 sentyabr 2020-ci ildə Kəlbəcər istiqamətindən başlayaraq Füzuli, Cəbrayıl uğrunda döyüşlərdə iştirak etmişəm. “Cəbhədə nələr baş verirdi?” – soruşduqda sərhədçi şəstlə: “30 ilin qisası alınırdı”, – deyə sualımızı cavablandırır: – Çünki bu dava namus, qeyrət, torpaq davası idi. Hər kəsin gözündən alov saçırdı. Birlikdə xidmət etdiyimiz döyüş yoldaşlarımız qollarımız üstündə can verirdi. Bu hissi dilə gətirmək çox kədərlidir, ancaq düşünəndə ki, 30 ilin həsrəti vüsala yetəcək, bir az da əzmimiz artırdı, gözümüzü qan bürüyürdü. İşğal olunmuş torpaqlarımızın hər qarışı alındıqca bizə də elan olunurdu. Bu bizə daha da güc, qüvvət verirdi. İrəli getməyə daha da ruhlandırırdı. Orada yaşadığım hər anı, hər dəqiqəni həm ən acı, həm də ən şirin xatirə kimi heç vaxt unuda bilmirəm. 
    Döyüş yoldaşının yağı düşmən tərəfindən snayperlə vurulduğunu görüb, onu döyüş meydanından kənara çəkmək üçün güllə-baranın önünə atılan sərhədçi elə həmin vaxt özü də ağır yaralanır. Kapitan Seyidov deyir ki, ilk günlərdə müharibədə olduğunu dərk edə bilmirsən. Ancaq ilk şəhiddən sonra sən artıq hiss edirsən ki, müharibədəsən. 
    Qəhrəmanımız ordumuzun döyüş əzmindən də danışır: “Ordumuzun döyüş əzmi yüksək səviyyədə idi. Azərbaycan əsgəri mərd, dözümlü, qorxmaz, cəsur və vətənpərvərlik hissi ilə döyüşürdü. Bütün əsgərlərin gözündə sevinc, içində fərəh, dilində “Qarabağ Azərbaycandır!” şüarı var idi. Hamı sevinirdi ki, nəhayət, həsrətində olduğumuz İkinci Qarabağ müharibəsi başladı. Allahın izni ilə şəhidlərimizin qisasını alacaq, alnımızdakı qara ləkəni siləcək, Qarabağımızı əsl sahiblərinə qovuşduracağıq. Bu müharibənin başqa nəticəsi ola bilməzdi. Dövlət, ordu və xalq olaraq hər kəs Zəfərə köklənmişdi və elə Zəfər də bizimlə oldu”.
    Vətən savaşının digər iştirakçısı Taleh Əsgərov isə 22 may 1988-ci ildə Babək rayonunun Cəhri kəndində anadan olub. Təhsilini Cəhri kənd 1 nömrəli tam orta məktəbdə alıb. 2005-ci ildə isə Heydər Əliyev adına Hərbi Liseyə daxil olan Taleh 2013-cü ildə Dövlət Sərhəd Xidmətində gizir kimi fəaliyyətə başlayıb. Döyüş əmri verildikdən 3 gün sonra Zəngilan istiqamətində döyüşlərə qatılıb. Şərəfli döyüş yolundan qürurla danışan Taleh deyir ki, Birinci Qarabağ müharibəsindən, Aprel döyüşlərindən olan savaş kadrlarını izləyirdim, içimdən keçirdi ki, düşməni məhv edim, ona qan uddurum, 30 ildir gözləyən qisasımızı alım. Sentyabrın 27-də İkinci Qarabağ müharibəsi başlayanda Zəngilan istiqamətində irəlilədik. Kimsə geriyə baxmırdı, hər kəs böyük əzmlə, möhkəm addımlarla irəliləyirdi. O deyir ki, mülki həyatda qazandığım yüz dost hərbidəki bir dostu əvəz etmir.
    Unutmadığınız, yaddaşınıza həkk olunan ən yadda qalan xatirəniz nədir? – sualına “Vətən müharibəsinin hər anı xatirədir, – deyə cavab verir sərhədçi. Deyir ki, müharibə həm çətin, həm də maraqlıdır. Hər gözəl anın dalınca kədər gəlirdi. Cəbrayılın azad olunduğu gün sevinirdik, yemək yeməyə hazırlaşırdıq. Bu vaxt yaralı və şəhid gətirdilər. Ondan sonra yeməyə iştaha qalmadı, heç su da içmədik. Müharibədə insan hər şeyin qədrini bilməyi öyrənir. Bir tikə quru çörəyi də yarı bölürdük və doyurduq. Ən azından elə hiss edirdik. Qurtum-qurtum su içirdik ki, hamıya çatsın. Olub ki, elə torpağın üstündə yatmışıq. Yağışdan islanan geyimlərimiz elə əynimizdə quruyub. Müharibə yoldaşınla ölümün içində olursan, hər an istənilən hadisə baş verə bilər. O səni qoruyur ki, ehtiyatlı ol, orada mina ola bilər, sən onu qoruyursan. Eyni vaxtda kədərlənir, bərabər sevinirdik. Yaralılara yardım edirdik, bilmədiyimizi öyrənir, vəziyyətdən çıxış yolu tapırdıq. Təki amalımızı gerçəkləşdirək, torpaqlarımızı yağı tapdağından azad edək.
    Müharibə iştirakçısı deyir: – Ancaq ölməyə yox, öldürməyə gəldiyimizi düşünürdük. Müharibədə hər an diqqətli və hazır olmalısan. Hər an ölüm təhlükəsi ilə üzləşə bilərsən, bəzən də, heç nədən. Sağ qayıtmağı isə heç cür düşünmürdüm. Düşünürdüm ki, nə vaxtsa, şəhid olacağam. Əfsuslar olsun ki, o şərəf mənə qismət olmadı... 
    Qəhrəmanımız qələbə xəbərini aldığı gecəni xatırlayır: “Həmin gecə gördük səs-küy var. Atəş səsləri gəlir, silahlandıq. Baxdıq ki, atəş biz tərəfdən atılır. Sonra bölük komandirimiz yaxınlaşıb dedi ki, müharibə bitdi. Qələbə bizimdir. Biz də başladıq göyə yaylım atəşi açmağa. Əsgərlərimiz bir-birini qucaqlayır, gözaydınlığı verirdilər. Ordumuzun ön cəbhədən alnıaçıq, üzüağ qayıtmağının, Zəfərin, Qarabağın azadlığının, doğmalarına qovuşacaqlarının xoşbəxtliyini yaşayırdılar. Tək kədərimiz o idi ki, şəhidlərimiz həmin günü görmədi. Amma bilirdik ki, onlar cismən olmasa da, ruhən bizimlədir. İndi onların ruhu şaddır.
    Qeyd edək ki, Prezident cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən Zəngilanın və Cəbrayılın işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə igid sərhədçimiz Mirməhəmməd Seyidov “Cəbrayılın azad olunmasına görə”, gizir Taleh Əsgərov isə “Zəngilanın azad olunmasına görə” medalları ilə təltif edilib. Bu qəhrəman oğullarımız tarixi Zəfərlə bitən şanlı Vətən müharibəsində keçdikləri döyüş yolu ilə vətənpərvərlik, cəsurluq mücəssəməsi kimi gələcək nəsillərə hər zaman örnək olacaq.

Gülcamal TAHİROVA

Nəşr edilib : 02.02.2022 19:00