AZ EN RU

Sərhəddə təxribatlar törədən Ermənistanın məqsədi aydındır

    Müharibədən ötən üç il müddətində yalnız bir şey dəyişmədi: uzun illər ata-baba torpaqlarımızı işğal altında saxlayan, talayan, yağmalayan ermənilərin, Ermənistan dövlətinin iç üzü. Təxribat törətməyi özlərinə sanki bir vəzifə hesab edən bu “yazıq” millət və onun başçıları ilə illərdir, mübarizə aparırıq. Müharibə bitsə də, torpaqlarımız qaytarılsa da, sülh üçün çalışılsa da, görünən odur ki, qarşı tərəf əvvəlki peşəsindən əl çəkən deyil. 

    44 günlük Vətən müharibəsində əldə etdiyimiz, tariximizə qızıl hərflərlə yazılan şanlı Zəfərimizi gözü götürməyən, hələ də içdən-içə alışıb yanan, hətta işğalçı, barbar xislətlərini açıq-aydın göstərməkdən çəkinməyən Ermənistan və ona dəstək verən havadarları bölgədə sülh yaratmaqdansa, vəziyyəti daha da gərginləşdirməyə xidmət edirlər.
    Hazırda açıq şəkildə ölkəmizə qarşı həm sərhəddə, həm də informasiya  təxribatı törədilir. Xüsusilə Kəlbəcər və Naxçıvan istiqamətində mövqelərimiz mütəmadi atəşə tutulur. Beynəlxalq hüququn norma və prinsiplərinə hörmət etməyən, xüsusilə 2020-ci ildə imzalamağa məcbur qaldığı kapitulyasiya aktının müddəalarını ötən müddət ərzində dəfələrlə pozan Ermənistana dəstək verənlər isə başda Fransa olmaqla digər Qərb dövlətləridir. Ancaq bilməlidirlər ki, davamlı təxribat törətməklə sülh danışıqlarını pozan Ermənistanın və ona havadarlıq edənlərin yazdığı növbəti “ssenari” də iflasa uğrayacaq. Yəqin ki, onlar II Qarabağ müharibəsində başlarına dəyən “dəmir yumruğ”u unudublar. Ermənistan silahlı qüvvələrinin bu cəsarəti haradan aldığı bəllidir, lakin ordumuzun gücü, qüdrəti, qəhrəmanlığı bütün təxribatların qarşısını alır.
    Son vaxtlarda Ermənistanın Laçın-Xankəndi yolunun, guya, blokadada olması barədə yaydığı yalan məlumatların əsl  səbəbi isə çirkin məqsədlərini və planlarını həyata keçirmək idi. “Bölgədə gərgin humanitar vəziyyət” iddiaları ilə yalan təbliğat kampaniyalarını uzun müddətdir, davam etdirən, Azərbaycanın suveren ərazilərinə “humanitar yük” adı altında avtomobil konvoylarını göndərən Ermənistan tərəfinin təxribatçı addımlarından bir daha aydın oldu ki, o, bölgədə sülh və sabitlikdə maraqlı deyil. Həmçinin Ermənistanın təxribatlarına göz yuman, sözdə beynəlxalq hüquq müstəvisindən çıxış edən bir sıra dövlətlər ermənipərəst mövqelərini  ortaya qoymaqla beynəlxalq ictimaiyyəti də yanlış yönləndirirlər. 
    Ermənistanın təxribatlar törətməkdə bir məqsədi də öz daxilində baş verən mövcud gərginliyi atdığı çirkin addımlarla pərdələməkdir. 
    Ölkə başçısı onlara çox gözəl   xatırladır: “Əgər kimsə fikirləşir ki, bizə qarşı cızılmış çirkin planlar həyata keçə bilər, səhv edir. Bizə qarşı hər bir çirkin plana bizim güclü iradəmiz, güclü siyasətimiz, müzəffər Ordumuz cavab verəcək”. 

Güntac ŞAHMƏMMƏDLİ 

Nəşr edilib : 04.09.2023 18:19