AZ EN RU

Sərhədçilər “Heydər zirvəsi”nə yürüş təşkil ediblər

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ərəfəsində Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları müasir Azərbaycan dövlərinin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsinə ehtiram olaraq Böyük Qafqaz sıra dağlarının Başdağ silsiləsinin Qızıl Qaya massivində, dəniz səviyyəsindən 3751 metr hündürlükdəki “Heydər zirvəsi”nə növbəti yürüş təşkil ediblər.

Xidmətin mətbuat mərkəzindən verilən məlumata görə, Sərhəd Qoşunlarının “Xudat” sərhəd dəstəsinin “Xınalıq” sərhəd zastavasından hərəkətə başlayan yürüş iştirakçıları soyuq hava şəraitinə, mürəkkəb relyefə malik dağlıq ərazini böyük əzmkarlıqla qət edərək “Heydər zirvəsi”nə təyin olunmuş vaxtda çatıblar.

Zirvədə “Həyatı nəsillərə nümunə olan və xalqın qəlbində əbədi yaşayan Ümummilli Lider Heydər Əliyev - 101 il” sözləri yazılmış plakatı, Ulu Öndərin fotoşəkilini, şanlı Zəfər bayrağımızı və Dövlət Sərhəd Xidmətinin emblemini ucaldaraq Azərbaycan Respublikasının Dövlət Himnini ifa ediblər.

Sərhədçilər tərəfindən qaya üzərində “Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev - 101 il – 1923-2024” sözləri əks olunmuş xatirə lövhəsi bərkidilib.

Nəşr edilib : 03.05.2024 16:41