AZ EN RU

Sərhəd hərəkatından başlanan həmrəylik yolu

O gün tariximizin qızıl səhifələrindən biri yazılırdı

    Dekabr ayı ərzində qəzetimizdə “Həmrəyliyimizin ən böyük ideyası – Azərbaycançılıq” rubrikası ilə dərc olunan bir-birindən maraqlı, oxucularımızı qısa tarixi keçmişə qaytaran yazıları oxuduqca özüm də şahidi olduğum, o vaxt gördüklərimi qələmə aldığım hadisələri bir daha xatırlayıram...

    O gün havanın da rəngi dəyişmişdi elə bil. Heç qış havasına oxşamırdı. Uzun illərin ayrılığından sonra birliyə gedən yollarda cəsarətli bir addım atan xalqın zəkası qarşısında sanki o da gücsüzlüyünü hiss edərək “yumşalmışdı”, tikanlı sərhədlərə – Araz qırağına axışan insan selinin qəzəbinə tuş olmaqdan qorxurdu elə bil. Ya o da insanların bu haqq işinə öz köməyini belə göstərirdi, ya da bizə elə gəlirdi ki, hava da istidir, soyuq dekabr Günəşinin şüaları yerə ilıq bir hərarət verirdi...
    O gün tariximizin qızıl səhifələrindən biri yazılırdı...
    ...Araz qırağı yaşayış məntəqələrindən aralıda yaşayan insanlar belə axın-axın tikanlı məftillərlə sərhədlənmiş, bizi o taya həsrət qoymuş, məhzun görkəmli Araza doğru axışırdılar – sanki Araz da səhvini başa düşmüşdü, sakit-sakit axmağa başlamışdı; elə bil buralarda bir belə adam gördüyündən xoflanmışdı Araz.
    İnsan seli Araz qırağına axışmaqda idi... Bu insanların çöhrələrində təbəssüm, gözlərinin dərinliyində uzaqlara dikilmiş bir nigarançılıq vardı: doğrudanmı, sökəcəyik o tikanlı məftilləri? Qoyarlarmı? Uzun illərin içlərdə qaysaq bağlamış yarası bu inamsızlığa qarşı çıxırdı.
    Azadlığı istəmirəm zərrə-zərrə, qram-qram,
    Qolumdakı zənciləri qıram gərək, qıram-qıram, – istəyi arzusu, hökmü ürəklərə hakim kəsilmişdi.
    ...Bir neçə gün sonra “Qardaşlıq. Bərabərlik. Sülh” dünyasının paytaxtı Moskva televiziyasının “Zaman” xəbərlər proqramında belə şou-xəbərlər efirə çıxacaqdı: Naxçıvan Muxtar Sovet Sosialist Respublikasında yaşayan bir qrup ekstremist dövlət sərhədlərini dağıdıb. Bu, SSRİ Konstitusiyasına qarşı çıxmaq, sərhədlərimizin toxunulmazlıq hüququnu tapdalamaq deməkdir. Onlar SSRİ qanunları ilə mühakimə olunmalıdırlar (SSRİ-nin “bu humanist qanunları” isə 70 il idi ki, Azərbaycanın əleyhinə işləyirdi). 
    “Bu qanunazidd hərəkət” o vaxt baş vermişdi ki, həmin “Zaman” xəbərlər proqramı uzun illər bir-birindən ayrı düşmüş Pribaltika respublikaları vətəndaşlarının üzlərinə bağlanmış sərhədləri dağıdaraq sevincdən göz yaşı tökmələrini, həmin sərhədlərdə bir-birinə qovuşan insanların bu sevincini, onların birləşmək arzularının həyata keçməsini alqışlayırdı... 
    İstər-istəməz düşünməli olursan: Onların bu hərəkətlərinə çox yüksək qiymət verildiyi halda naxçıvanlılar nə üçün eyni hüquqdan istifadə edəndə ekstremist oldular?
    ...Bu da var ki, birləşmək, bir olmaq, öz gücünü dünyaya göstərmək amallı insanlar, gördükləri işin haqq işi olduğuna əmindirlər.
    ...Tariximizə qızıl hərflərlə daha bir gün yazılmaqdaydı: 31 dekabr.
    Taleyin hökmündən dünyanın hər yerinə səpələnmiş 50 milyondan çox azərbaycanlının birləşmək arzuları çin olurdu o gün. Sevincdən doğan göz yaşları qəmli-qəmli axan Araza qovuşurdu... Arazı günahkar sayan insanlarsa bir-birinə. O gün üzlərə sevinc qonmuşdu, çöhrələr də sanki işıqlanmışdı.
    Bəşər cəmiyyəti yaranandan insan adlı varlığın bu təbii arzusu, bu yolda uzun mübarizələr keçməsi həqiqəti bütün zamanlara aiddir. Çünki birliyə gedən yol əbədi yoldur. Bu yolun çətinlikləri, ağrıları, əzabları mənəvi ucalıq, özünüdərk yolunda fədailikdir.
    Öz anasından cismən ayrı düşmüş qədim Naxçıvan bu yolun beşiyinə çevrildi. Arzumuz bu qədim torpaqda çin oldu – doğuldu, böyüdü.
    O günü xatırlayıram. Bir vaxt quş quşluğu ilə qona bilməyən sərhəd dirəkləri, tikanlı məftillər, 70 il özümüzü özümüzdən qoruyan sərhəd zolağı... Və özündə qüvvə taparaq həmin tikanlı məftillərə, sərhəd dirəklərinə qarşı üsyan edən insanların Arazdan su götürə­rək bir-birini sulamaqları yadıma düşür. Ogünkü sevinci bir daha yaşayıram.
    Mənzili çox uzaqlardan başlayan arzumuzun həyata keçməsindən, ülvi bir istəyin gerçəkləşdiyi gündən illər keçir. Sərhəd dirəkləri yoxdur daha. O dirəklər dağılan günün şərəfinə – 31 dekabr dünyanın müxtəlif yerlərində yaşayan “Azərbaycanlıların Həmrəylik Günü” kimi tarixə düşüb. Yer kürəsinin bütün qitələrində bu gün Azərbaycan diasporları fəaliyyət göstərir. Vətən, torpaq, yurd təəssüblü həmyerlilərimiz bu diasporla Azərbaycan həqiqətlərini dünyaya çatdırırlar. Elə söhbətimizin əvvəlində dediyim və qəzetimizdə gedən yazılarda da bunu görür və qürur hissi keçiririk. 

 Muxtar MƏMMƏDOV

Nəşr edilib : 21.12.2023 20:04