AZ EN RU

Sərhəd bölgəsi Sədərəkdə seçkilərə hazırlıq yüksək səviyyədə həyata keçirilib

Bu il fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkiləri həm də onunla fərqlənir ki, bu seçkilər ilk dəfə olaraq suverenliyini tam bərpa edərək bütün ölkə ərazisini əhatə edəcək. Artıq ölkəmizin hər yerində olduğu kimi Naxçıvan Muxtar Respublikasında da seçkilərə hazırlıq işləri yüksək səviyyədə həyata keçirilir. Muxtar respublikamızın ucqar sərhəd bölgəsi, yağı düşmənlə üz-üzə mərdanə dayanan Sədərəkdə də gördüklərimiz bunu bir daha təsdiq etdi.

1 saylı Şərur-Sədərək seçki dairəsinin 1-36 saylı məntəqə seçki komissiyası Sədərək rayonunun Heydərabad qəsəbə tam orta məktəbində yerləşir. Məntəqə seçki komissiyasının sədri Azər Abdullayev bildirdi ki, bu seçki məntəqəsi üzrə 1219 seçici qeydə alınıb. Bu seçicilərdən 70 nəfəri ilk dəfə seçkilərdə iştirak edəcək.

Qeyd edək ki, burada seçki prosesinin tam şəffaf və demokratik şəraitdə keçməsi üçün hər cür şərait yaradılıb. Məntəqə lazımi avadanlıq və metodiki vəsaitlərlə, yanğın təhlükəsizliyi, fasiləsiz rabitə və elektrik enerjisi ilə təchiz olunub. Həmçinin məntəqədə seçki qutuları və lazımi inventar avadanlıqları qoyulub, seçici siyahıları və məlumat lövhələri asılıb. Seçki məntəqələrinə mürəkkəb, ultrabənövşəyi lampalar və digər zəruri vəsaitlər də gətirilib. Katib və üzvlər, habelə seçkini izləyəcək müşahidəçilər üçün yerlər müəyyənləşdirilib. Seçki məntəqələrinin ərazisində seçkiqabağı təşviqatın aparılması və təşviqat materiallarının lövhələrdə yerləşdirilməsi üçün müvafiq yerlər müəyyənləşdirilib.

1-37 saylı seçki məntəqəsi isə rayon Mədəniyyət Sarayının inzibati binasında yerləşir. Məntəqə seçki komissiyasının katibi Kəmalə Əliyeva bildirdi ki, bu məntəqə üzrə 1065 seçici sayı müəyyənləşib. Onlardan 3 nəfəri ilk dəfə səsvermədə iştirak edəcək. Öyrəndik ki, buradakı seçki məntəqəsi də lazımi avadanlıq və metodiki vasitələrlə təchiz edilib, ərazidə seçkiqabağı təşviqatın aparılması üçün lazımi şərait yaradılıb. 

Hər iki seçki məntəqəsində müşahidə etdiklərimizə əsasən deyə bilərik ki, muxtar respublikamızın digər  bölgələrində olduğu kimi, Sədərək rayonunda da seçicilərin rahat səs verməsi üçün hər cür şərait yaradılıb. Bu isə seçkilərin azad, demokratik və şəffaf şəkildə keçirilməsinə, seçicilərin öz iradələrini sərbəst şəkildə ifadə etmələrinə şərait yaradacaqdır.

Səbuhi HƏSƏNOV

 

Nəşr edilib : 17.01.2024 18:02