AZ EN RU

Sərgi-satış başa çatıb - FOTOLAR

    Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında məhdud fiziki imkanlıların və istedadlı qadınların rəsm və əl işlərindən ibarət 10 günlük sərgi-satış başa çatıb.
    Sərgi-satış çərçivəsində “Ən yaxşı əl işləri” müsabiqəsinin müxtəlif nominasiyalar üzrə qalibləri mükafatlandırılıb.
    Bu münasibətlə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxış edərək bildirib ki, 12 ildən artıq bir müddətdə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən istedadlı qadınların rəsm və əl işlərindən ibarət sərgi-satışlar təşkil olunur. Belə sərgi-satışların təşkil edilməsi qadınların məşğulluğunun təmin edilməsinə, onların və ailələrinin maddi və mənəvi rifah halının yüksəldilməsinə və milli dəyərlərin təbliğinə yönəldilib.
    Qeyd olunub ki, muxtar respublikada həyata keçirilən özünüməşğulluq proqramlarının icrası və 2019-cu ildən Azərbaycan Mikromaliyyə Assosiasiyası və Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə icra etdiyi sosialyönümlü layihələr nəticəsində qadınlara göstərilən dəstək, onların hazırladıqları əl işlərinin satışının həyata keçirilməsi nəticəsində istedadlı qadınların və əl işlərinin sayı nəzərəçarpacaq dərəcədə artıb. 
    Diqqətə çatdırılıb ki, 2023-cü il 29 sentyabr tarixdə muxtar respublikada keçirilən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar məhdud fiziki imkanlıların və istedadlı qadınların rəsm və əl işlərindən ibarət sərgi-satış 10 gün davam edib. Sərgi-satışda rayon icra hakimiyyətlərinin təşkilatçılığı ilə rayon və kəndlərdə yaşayan istedadlı qadınların, həmçinin Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin üzvlərinin, Heydər Əliyev Uşaq-Gənclər, Texniki Yaradıcılıq mərkəzlərinin qadın dərnək rəhbərləri və üzvlərinin, ali təhsil müəssisələrinin, o cümlədən Naxçıvan Dövlət Universitetinin və Naxçıvan Müəllimlər İnstitutunun qadın tələbə və müəllimlərinin, Naxçıvan Biznes Mərkəzi ilə əməkdaşlıq edən şəxslərin,  “Naxçıvan Xalça və İplik İstehsalı” müəssisəsində çalışan qadınların, məhkum qadınların, eləcə də sərmayə kapitalı verilən qadınların, həmçinin məhdud fiziki imkanlı şəxslərin əl işləri sərgilənib. 
    Toplanılan əl işləri arasında milli­-mənəvi və ailə dəyərlərini özündə əks etdirən, muxtar respublikanın yeraltı və yerüstü sərvətlərindən hazırlanmış sənətkarlıq nümunələri, müxtəlif yerli, təbii daşlardan hazırlanan bəzək əşyaları, toxuma, bədii tikmə, dekorativ iş, qrafik iş, keramika, heykəltəraşlıq, vitraj, ebru sənəti, muncuqla, gipslə, daş tozu ilə, mislə, duzla hazırlanan əl işləri, taxta üzərində oyma, taxta üzərində yandırma, xalça, dekorativ və tikmə tablo, həmçinin muxtar respublikanı tərənnüm edən sulu və yağlı boya ilə  işlənmiş əl işləri üstünlük təşkil edib. Keçirilən sərgi-satışda 245 müəllifin 9931 manat dəyərində 931 əl işi satılıb.   
    Tədbirdə Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Nicat Babayev, Naxçıvan Müəllimlər İnstitutunun müəllimi Nizami Alıyev və Naxçıvan Dövlət Universitetinin müəllimi Elman Orucovun çıxışları olub. Müxtəlif nominasiyalar üzrə mükafatlandırılanlar muxtar respublikada məhdud fiziki imkanlılara və istedadlı qadınlara yaradılan şəraitə, göstərilən diqqət və qayğıya görə dövlətimizə minnətdarlıq ediblər.

Gülcamal TAHİROVA

Nəşr edilib : 11.10.2023 19:03