AZ EN RU

Şərəflidir müəllim ömrü... (Oçerk)

    Tez-tez birinci dəfə sinfə getdiyi və müəllim kimi ilk əmək fəaliyyətinə başladığı günləri xatırlayır Əminə Əsgərova – 1971-ci ilin və 1991-ci ilin ilk dərs günlərini. Hər iki gün Şərur rayonunun Şəhriyar kənd tam orta məktəbi ilə bağlıdır.
     ...Evdən çıxanda yenə o günləri xatırladı. Xəyalı 41 il bundan əvvələ getdi. Məktəbə gedən qonşu uşaqlarının salam vermələri onu bir anlığa xəyaldan ayırdı... 
    Məktəbin qapısına çatana qədər 1971-ci ilin ilk dərs günündən bu günə qədər keçdiyi ömür yolunu gözləri önünə gətirdi, müqayisələr apardı. Və bugünkü məktəblilərin xoşbəxt bir dövrdə yaşadığını bir daha özlüyündə təsdiqlədi; o vaxt oxuduğu məktəb binasını xatırlamağa çalışdı – müqayisəedilməz fərq gördü. Elə ilk dəfə əlinə jurnal götürərək sinfə girdiyi gün də məktəb binası əvvəlki vəziyyətindən seçilmirdi. Bəs bu gün? Üzünə təbəssüm qondu: 1991-ci ildən fəaliyyət göstərdiyi Şərur şəhərindəki 2 nömrəli tam orta məktəbə çatmışdı, təhsil ocağının həyəti məktəblilərin şən gülüşləri ilə dolmuşdu.
    ... Bir qədər əvvələ qayıdaraq Əminə Əsgərovanın ilk pedaqoji fəaliyyət göstərdiyi Şəhriyar kənd tam orta məktəbində qazandığı təcrübə, əldə etdiyi uğurlara baxaq. O dövrün orta təhsil müəssisələrindən heç nəyi ilə seçilməyən bu məktəbdə Əminə Əsgərova 10 il şagirdlərə fizika-riyaziyyat fənlərinin ilkin sirlərini öyrətməyə çalışıb. Sınanılmış metodlara istinad etməklə axtarışlar aparıb, dərslərində yeni üsullara üstünlük verib. Fəaliyyətini tədris məşğələləri ilə bitmiş hesab etməyib. Qısa müddət ərzində dərsdənkənar və məktəbdənxaric tədbirlərin proqram materiallarının tam mənimsənilməsində böyük əhəmiyyət daşıdığını görüb.
    Laborator məşğələlərdən səmərəli istifadə etməyə, sinifdə öyrədilməsi nəzərdə tutulmuş nəzəri biliyin dərnək məşğələlərində təcrübi yolla mənimsədilməsinə çalışıb. Əyləncəli tədbirlərin təşkilinə ciddi önəm verib. Belə tədbirlərin şagirdlərin özləri tərəfindən hazırlanmasını diqqətdə saxlayıb və yuxarı sinif şagirdlərinin iştirakının böyük əhəmiyyət daşıdığını görüb. Bununla yanaşı, öz təcrübəsindən bəhs edən yazıları ilə mətbuatda çıxışlar edib. Çəkdiyi zəhmət hədər getməyib. Şagirdləri məktəbdə və rayonda təşkil olunan test-sınaq imtahanlarında, olimpiadalarda, viktorinalarda iştirak edərək ön yerlərə sahib olub, fəxri fərmanlara layiq görülüblər. Onun da əməyi Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və rayon Təhsil Şöbəsi tərəfindən yüksək qiymətləndirilib.
    ...Əminə Əsgərova ilə görüşümüz bu günlərdə oldu. Məktəbin ötən tədris ilinin nəticələri ilə hesablanan uğurlarının sevincini pedaqoji kollektivin bütün üzvləri kimi Əminə Əsgərovanın da yaşadığını hiss etmək çətin deyildi:
    – Uzun illərdir ki, pedaqoji fəaliyyətlə məşğulam. Onu bilirəm ki, təhsilin dünənini bu günü ilə müqayisə etməyə dəyməz. Bəzən düşünürəm: muxtar respublikanın elə bir ucqar dağ və sərhəd yaşayış məntəqəsi yoxdur ki, orada təhsilin inkişafı üçün məqsədyönlü tədbirlər görülməsin. Həmin yaşayış məntəqələrində istifadəyə verilən, Naxçıvan şəhərində, rayon mərkəzlərində tikilmiş məktəb binalarından seçilməyən məktəb binaları bugünkü inkişafımızın, təhsilə qayğının ən böyük ifadəsidir. Müasir kompüter dəstləri, elektron lövhələr, zəngin kitab fondu olan kitabxanalar, idman zalları, iki ilə yaxındır ki, tətbiq edilən STEAM təhsil metodu. Hansını deyim? Distant təhsil, interaktiv dərslər, məhdud fiziki imkanlıların cəmiyyətə inteqrasiyası ilə bağlı görülən işlər dünən kiminsə yuxusuna belə girməzdi. Pedaqoji fəaliyyətə başladığım ilk illərdə ən böyük çətinliklərdən biri tədris etdiyim fənlərə aid əyani vəsaitlərin azlığı idi. Bu isə bəzi mövzuların ancaq nəzəri formada öyrədilməsini zəruri edir, tədrisin keyfiyyətinə mənfi təsir göstərirdi. Məcbur qalıb bəzi vəsaitləri şagirdlərlə birlikdə özümüz hazırlayırdıq. İndi isə, bayaq dediyim kimi, ən ucqar dağ və sərhəd kəndlərində belə elə əyani vəsaitlər var ki... Onlardan səmərəli istifadə edən müəllimlərin qazandıqları uğurların böyük bir qismi məhz bununla bağlıdır. Onu da deyim ki, bu günün şagirdləri də yaxşı başa düşürlər ki, texnologiyalar əsrində yaşayırlar. Ona görə də günün tələbləri ilə ayaqlaşmaq üçün mövcud şəraiti dəyərləndirə bilirlər.
    Bir təhsil işçisi kimi mən də fəxr edirəm ki, bu gün muxtar respublikamızda ali məktəblərə qəbul göstəricisi olmayan orta təhsil müəssisəsi yoxdur. Bütün bunlar qədim diyarımızda təhsilin prioritet vəzifə olduğunu bir daha təsdiqləyir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin ali təhsil müəssisələrinə qəbulun nəticələri və ali məktəblərə yüksək ballarla qəbul olunan tələbələrlə görüşləri onu deməyə əsas verir ki, muxtar respublikada artıq kəmiyyət yox, daha çox təhsilin keyfiyyəti diqqətə çəkilir. Dəfələrlə bizim məktəbin məzunu olaraq tələbə adını qazanan gənclərimiz elə görüşlərdə iştirak ediblər. 
    Məktəbin direktoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi Sevil Hacıyeva söhbətə qoşularaq həm məktəbin şagirdlərinin, həm də müəllimlərin təhsildəki uğurlarının göstərilən hərtərəfli dövlət qayğısı hesabına qazandıqlarını deyir: 
     – Bu gün dördmərtəbəli və 1020 şagird yerlik məktəbimizdə müasir təhsilin tələblərinə cavab verəcək hər bir şərait yaradılıb. Laboratoriyalarımız ən müasir avadanlıqlarla və əyani vasitələrlə zənginləşdirilib. Burada təhsil alan şagirdlərin təlim-tərbiyəsi ilə 116 müəllim məşğul olur. Qeyd edim ki, 2021-2022-ci tədris ilinin məzunlarından 11-i 500-700, 4-ü isə 600-700 bal intervalında nəticə göstərməklə həm bizə, həm də valideynlərinə başucalığı gətiriblər. Məzunlarımızdan Nərmin Vəliyeva 691 bal toplamaqla muxtar respublika birincisi olub; həm müəllimlərinin, həm də ailəsinin etimadını doğruldub, Prezident təqaüdünə layiq görülüb. Sözsüz ki, belə uğurlarda mövcud şəraitlə yanaşı, müəllim əməyi başlıca amildir. Həmin müəllimlər sırasında isə Əminə Əsgərovanın öz yeri var. Bu gün o, pedaqoji fəaliyyəti, ictimai işlərdə fəallığı ilə yanaşı, məktəbdə çalışan gənc müəllimlərə köməyini əsirgəmir, onlara mənəvi hamilik edir. Pedaqoji mətbuatı izləyir, yenilikləri dərslərinə tətbiq edir. Öz işinə vicdanla yanaşmağın, çəkdiyi zəhmətin bəhrəsidir ki, o, 2012-ci ildə ölkə Prezidentinin müvafiq Sərəncamı ilə “Azərbaycan Respublikasının Əməkdar müəllimi” fəxri adına layiq görülüb.
    Məktəbdə kimya-biologiya fənnini tədris edən Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi Nəzirə Rəhimova deyir ki, əlinə jurnal alıb sinfə girən şəxs qəlbən müəllim olmalıdır, daşıdığı adın, tutduğu vəzifənin dəyərini bilməlidir, məsuliyyətini dərk etməlidir. Əminə Əsgərova belə müəllimlər sırasında ön yerdə dayanır. Özünəməxsus pedaqoji üsulları olan Əminə müəllim şagirdlərinin hər birinə şəxsiyyət kimi yanaşır; onları gələcəyin müəllimi, həkimi, mühəndisi kimi görür. Həmişə söhbətlərində bunu vurğulayır ki, hər bir şagirdə onun fərdi xüsusiyyətləri baxımından yanaşmaq lazımdır. Sinifdə neçə şagird varsa, bir o qədər də xarakter var. Bunu fəaliyyətində əsas tutan müəllimin uğur qazanması şəksizdir. Bu baxımdan Əminə Əsgərovanı xoşbəxt müəllimlərdən biri hesab edirəm. Bacarıqlı, savadlı, öz müəllim peşəsinə qəlbən bağlı olan Əminə Əsgərova bugünkü gənc müəllimlər üçün bir örnəkdir.
    Əminə Əsgərova az qala yarım əsrə yaxındır ki, bu amalları özünün həyat kredosuna çevirib. Hər bir dərsə başlayanda çox vacib bir vəzifəni yerinə yetirdiyi üçün qürur duyur Əminə Əsgərova. Həm də qürur duyur ki, ömrünün ötən illəri ona şərəfli bir həyat yaşadıb. Bu həyatdan bilik, savad qazanan, ali təhsil alan yetirmələri sırasında üç övladı da var ki, onların ikisi Əminə Əsgərovanın yolunu seçib, deməli, bu yol davam edir... 

Muxtar MƏMMƏDOV
Naxçıvan Muxtar Respublikasının 
Əməkdar jurnalisti

Nəşr edilib : 11.11.2022 20:28