AZ EN RU

Şərəfli yolun layiqli davamçısı

Böyüklük, dahiliklə yoğrulmuş xarakter, şəxsiyyət həmişə böyük işlər görməklə formalaşıb. Görkəmli dövlət xadimi, Ulu Öndərimiz Heydər Əliyevdə isə bu böyüklük, dahilik hər şeydən uca olan Azərbaycançılıq missiyasından yaranmışdı. Vətən adlı bir sevgidir Azərbaycançılıq – müəllifi isə dahi Heydər Əliyev. Bu dahi şəxsiyyət, bütövlükdə, Azərbaycançılıqdır. Ulu Öndərin ölkəmizə hər iki rəhbərliyi dövründəki fəaliyyəti Onda böyük Azərbaycançılıq amilini ön plana çəkmişdi. Görkəmli siyasət xadimi həyatımızın bütün sahələrinin inkişafının bərqərar edilməsinə bu prizmadan yanaşırdı. Dahi rəhbərin özündən sonra Azərbaycanı idarə etməyə layiq siyasətçi yetişdirməsi də Azərbaycançılıq siyasətinin bariz ifadəsi idi.

Ölkənin və xalqın gələcək taleyinə 
etibarlı zəmanət

Ümummilli Lider 2003-cü il prezident seçkiləri ərəfəsində Azərbaycan xalqına tarixi müraciətində cənab İlham Əliyevi yeni mərhələdə ölkəyə rəhbərlik etməyə qadir şəxsiyyət kimi gördüyünü belə bildirirdi: 

“O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir... İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.

    Belə də oldu və ötən 20 il ərzində bu qənaətin çox doğru və düzgünlüyünü bütün Azərbaycan, bütün dünya gördü. Gördü ki, görkəmli dövlət xadimi Heydər Əliyev və akademik Zərifə Əliyevanın ailəsində dünyaya göz açmış, bu ailədə tərbiyə almış bir övlad valideynlərinin yolu ilə gedərək ona göstərilən etimadı doğruldur. Burada fransız mütəfəkkiri Pol Anri Holbaxın fikirlərini xatırlayıram: “Hakimiyyət yalnız o vaxt böyük nemət olur ki, onu əldə edən adama təbiət və tərbiyə və alicənablıq, qüvvətli ruh, geniş ürək, dərin ağıl, böyük təcrübə vermişdir”.

Xalqa ləyaqət və məhəbbətlə xidmət örnəyi

Ölkə başçısı cənab İlham Əliyev isə öz gücünü məhz Ulu Öndər Heydər Əliyevdən aldığını etiraf edir: “Azərbaycanda bütün işlərin təməlində Heydər Əliyev amili, Heydər Əliyev siyasəti dayanır. Biz bu siyasətə sadiqik. Öz milli liderimizin vəsiyyətinə sadiqik”.
    2003-cü il. Bu o vaxt idi ki, torpaqlarımızın 20 faizi düşmən tapdağı altında bizdən imdad diləyirdi, minlərlə azərbaycanlı qaçqın və köçkün vəziyyətində idi. Ulu Öndərin əbədiyyətə qovuşması ilə Onun bu istiqamətdə həyata keçirdiyi tədbirləri məhz cənab İlham Əliyev davam etdirməli idi: Artıq görülən işlərin bəhrələri hamımıza bəllidir. Bütün xalqımız bilir ki, Ermənistan işğal müddətində ərazilərimizdə çox möhkəm istehkamlar qurmuşdu. Azərbaycana qarşı hərbi təcavüzün nəticələrinin aradan qaldırılması və BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin həyata keçirilməsi üzrə davam edən danışıqlar prosesi Ermənistanın desturiktiv mövqeyinə görə heç bir nəticə vermirdi. ATƏT-in Minsk qrupu isə tapşırılan vəzifəni yerinə yetirmək əvəzinə bu prosesin bir qədər də uzadılmasına dəstəkçi idi. Bu isə uzun müddət davam edə bilməzdi.
    Məhz belə bir vəziyyətdə Azərbaycanın böyük və şərəfli yol qət etməsi, dünyada söz sahibinə çevrilməsi bu günün reallığıdır. Bu inkişaf yolunu görənlər öz təəccüblərini gizlədə bilmirlər. Doğrudan da, çox qısa bir zaman kəsiyində belə bir inkişaf yüzillik inkişafa bərabərdir. Onu xüsusilə vurğulamaq lazımdır ki, dövlət başçısı inkişaf və tərəqqini ilk olaraq iqtisadiyyatın gücləndirilməsində, güclü ordunun formalaşdırılmasında, onun müasir silah və sursatla təchizatında, orduda müsbət psixoloji durum yaratmaqda görürdü və öz fəaliyyətində bu sahələri diqqət mərkəzində saxlayırdı. Və nəticə olaraq onu da vurğulamağa ehtiyac var ki, elə güclü iqtisadiyyat hesabına da güclü ordu yaradıldı; 44 gün davam edən İkinci Qarabağ müharibəsində “Dəmir yumruğ”un və bu ordunun şücaəti ilə tarixi Zəfər qazandıq. Bununla cənab İlham Əliyev həm də özünün sərkərdərlik bacarığını ortaya qoyaraq, xalqımıza məxsus olan “Torpaqdan pay olmaz” deyimini bir daha təsdiqlədi. Bundan bir qədər sonra 2023-cü il sentyabr ayının 19-20-də lokal antiterror tədbirləri müharibə dövründə düşmənin başına dəyən “Dəmir yumruq”dan da bərk oldu. Elə müharibə və postmüharibə dövründə dünyanın elə bir mötəbər beynəlxalq tirubunası qalmadı ki, cənab İlham Əliyev o tirubunalarda cəsarətli, tarixi həqiqətlərə söykənən, müasir dövrün reallıqlarını özündə əks etdirən, beynəlxalq hüquq normalarına hörmətlə yanaşan çıxışları ilə siyasi qələbə qazanmasın. O da məlumdur ki, bəhs olunan dövrdə Prezident xarici dövlətlərə səfərlər edir, dünya ölkələrinin Azərbaycana gələn başçıları, siyasət xadimləri ilə görüşür, AXC-Müsavat rəhbərliyi dövründən yığışıb qalan problemlərin həlli ilə məşğul olur, islahatlar aparır, ölkə vətəndaşlarının layiq olduqları səviyyədə yaşamaqlarını təmin etmək üçün bütün mümkün olanları reallaşdırmağı diqqətdə saxlayırdı. 
    Ölkə Prezidentinin bir sıra dövlət başçılarına örnək olan sözləri onun güclü mənəviyyatının ifadəsidir:     

“Bəzən sual verirlər ki, uğurlu siyasətin əsl səbəbi nədir? Mən hesab edirəm ki, xalqa olan məhəbbətdir. Əgər bu varsa, deməli, rəhbərlikdə olan şəxslər də öz doğma xalqıma ləyaqətlə, məhəbbətlə xidmət edirlər...”

    Xalqına olan məhəbbət mənəvi dəyərdir. Bu dəyəri başqa heç nə ilə ölçmək mümkün deyil. Mənəviyyatca böyük olmayanlar həyatda ülvi amallar uğrunda mübarizə apara və uğur qazana bilməzlər. Mənəviyyatın meyarı daxili zənginlikdir. Daxili zənginlik isə milli-mənəvi dəyərlərə sahibliklə ölçülür və həmin dəyərlər tarixi köklərdən qaynaqlanır.

Praqmatik düşüncə, idaəretmə məharəti,
 liderlik istedadı

Cənab İlham Əliyev də Ulu Öndərin bu istiqamətdə müəyyənləşdirdiyi siyasətə sədaqətini 20 ildir ki, öz fəaliyyətində göstərərək deyir:   
    “Mən Azərbaycanın xoşbəxt gələcəyinə inanıram. Əminəm ki, ölkəmiz bundan sonra da inkişaf edəcək, daha da güclənəcəkdir. Bütün bunları etmək üçün çox işlər görmək lazımdır... Ən başlıcası isə Azərbaycanda Heydər Əliyev siyasəti davam etdirilməlidir”

    Ötən 20 il isə bir daha təsdiq edir ki, Azərbaycanın qazandığı qələbələr məhz Heydər Əliyev siyasətinin bəhrələridir. Bu qələbələr, təbii ki, bir gündə qazanılmayıb, təməli Ulu Öndər tərəfindən qoyulan siyasət uğurla həyata keçirilib, adlarını çəkmədiyimiz neçə-neçə irihəcmli layihələr reallaşdırılıb və bu proses davam edir. Görülən işlər ölkəmizin təkcə Cənubi Qafqazda deyil, bütün dünyadakı nüfuzunu xeyli yüksəldib, özünə tərəfdaşlar toplayıb.
    Cənab İlham Əliyevin belə fəaliyyətini dünya şöhrətli yazıçı Çingiz Aytmatov çox gözəl xarakterizə edir: “Bu gün İlham Heydər oğlu Əliyev öz xalqı, ölkəsi qarşısında üzərinə götürdüyü çox şərəfli, şərəfli olduğu qədər də ağır vəzifənin öhdəsindən bacarıqla gəlir. Atasının müəyyən etdiyi və özünün son dərəcə praqmatik düşüncə, idarəetmə məharəti, liderlik istedadı ilə sahib durduğu siyasi kursu bacarıqla davam etdirir...”

Qədim diyar inkişaf və tərəqqinin yeni müstəvisində

Ulu Öndər Heydər Əliyev deyirdi: “İstəyirəm ki, mənim arzum, istəklərim, Azərbaycan dövləti haqqında, müstəqil Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan haqqında planlarım, arzularım yerinə yetirilsin”.
    Naxçıvanın böyük dövlətçilik tarixi və bu tarixin, ümumilikdə, Azərbaycanın dövlətçilik tarixi olduğunu ən yüksək tribunalardan qürurla bəyan edən Ulu Öndərin bu qədim yurd yeri haqqındakı arzularını da ata vəsiyyətin yerinə yetirməkdən qürur duyan cənab İlham Əliyev yüksək səviyyədə həyata keçirir. 
    Azərbaycan dövlətçiliyinin intişar tapdığı bu qədim diyar ölkə Prezidenti cənab İlham Əliyevin davamlı qayğısı sayəsində son illərdə keçdiyi sürətli inkişaf yolu ilə, doğrudan da, dövlətçiliyin beşiyi olduğunu sübut edib. Bu gün müstəqillik kimi böyük bir nemətin daha da əbədi olması prinsipi  naxçıvanlıların həyat idealına çevrilib. Bir ucu sərhəd bölgəsi Sədərək, bir ucu bağlar diyarı Ordubad, dağlar qoynunda füsunkarlıq rəmzi olan Şahbuz, digər bölgələrimiz bu gün inkişaf və tərəqqinin yeni müstəvisindədirlər. Rayon mərkəzləri ilə yanaşı, ucqar dağ kəndləri, sərhəd və ən kiçik yaşayış məntəqələri qəsəbə timsallıdırlar. Müasirləşən kəndlər bugünkü Naxçıvanın nail olduğu sosial-iqtisadi inkişafın göstəriciləridir. 
    Ancaq görülən bu işlərin blokada şəraitində yaşayan bir məmləkətdə reallaşması kiçik məsələ deyil. Və bütün bunların təməlində dövlət başçısı cənab İlham Əliyevin doğma yurduna bağlılığı, sevgi və məhəbbəti, insan amilinə, yurd amilinə böyük diqqət dayanır. 
    Naxçıvana hər gəlişində ölkə Prezidenti burada həyata keçirdiyi siyasətin bəhrələrini görür. Görür ki, hər gün, hər saat dəyişən Naxçıvan başdan-ayağa, sözün həqiqi mənasında, hər sahədə yeni quruculuq donundadır. Gündən-günə sayı artan məktəb, səhiyyə, mədəniyyət ocaqlarının yeni binaları, salınan yeni yaşayış massivləri, yeni emal və istehsal müəssisələrinin həyata vəsiqə alması, insanların məşğulluq probleminin həllinə nail olunması, informasiya-kommunikasiya texnologiyalarının ən son nailiyyətlərinin tətbiqi, beynəlxalq konfransların, idman yarışlarının keçirdiyi ünvan kimi Naxçıvanın bugünkü mənzərəsi Heydər Əliyev siyasətinin uğurlarıdır.

    “Naxçıvan bizim əziz diyarımızdır, Heydər Əliyevin vətənidir. Hər bir azərbaycanlı üçün əziz, doğma diyardır və Naxçıvanın inkişafı, çiçəklənməsi artıq reallıqdır. Bu reallığı biz özümüz yaratmışıq. Bu gün Ulu Öndərin xatirəsinə göstərilən ən böyük diqqət məhz özünü, bax bu inkişafda təcəssüm etdiririr”    ,–  deyən cənab İlham Əliyevin Naxçıvanda yeni idarəetmə institutu yaratması isə ölkə başçısının Şərqin qapısına növbəti qayğısının təzahürüdür. Digər bir qayğı isə ölkə başçısının 2023-cü il 5 iyun tarixli Sərəncamı ilə təsdiq olunmuş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”dır. Bu mühüm əhəmiyyətli dövlət sənədində yeni prioritetlər müəyyənləşdirilib. Bir faktı xüsusilə qeyd etməliyik ki, dahi rəhbərin “bir millət, iki dövlət” adlandırdığı Azərbaycan və Türkiyə əlaqələrinin inkişafı Naxçıvanı da öz qoynuna alıb. Sentyabr ayında məhz Naxçıvanda hər iki ölkə rəhbərinin iştirakı ilə İğdır-Naxçıvan qaz kəmərinin təməlqoyma mərasiminin keçirilməsi, “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Qars-Naxçıvan dəmir yolu layihəsinə dair Niyyət Protokolu”nun imzalanması, Bakı-Tbilisi-Qars dəmir yolunun potensialının genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılması, Naxçıvan Bərpa-İstehsalat hərbi kompleksinin açılışında iştirak etmələri dünya siyasət aləminin müzakirə predmetinə çevrilib.
    Sadaladıqlarımız ölkə başçısının cəmi bir iş günündəki fəaliyyətinin əksidir. Bu baxımdan Onun 20 illik prezidentlik dövrü, bu dövrdəki görüşləri, həyata keçirdiyi tədbirlər, təbii ki, cild-cild kitaba sığmaz. Bunlar isə cənab İlham Əliyevin hər bir azərbaycanlının Prezidenti olduğunu sübuta yetirir.
    Gəlinən nəticə odur ki, cənab İlham Əliyev 2003-cü ildə Prezident seçkiləri ərəfəsində Ulu Öndərimizin ona olan inamını, uzaqgörənliyini fəaliyyəti ilə sübut edib, siyasət aləminə dünəni, bu günü və sabahı əlaqələndirərək düzgün nəticələr çıxarmağı bacaran siyasətçinin gəldiyini ortaya qoyub.

 Muxtar MƏMMƏDOV
Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti

 

Nəşr edilib : 12.10.2023 21:06