AZ EN RU

Şərəfli peşə sahibi

Yunis Quliyevin 70 yaşı tamam olur

Muxtar respublikanın tanınmış ziyalılarından biri olan Yunis Quliyev 1975-ci ildən Kükü kənd tam orta məktəbində müəllim işləyir. Ecazkar kimya elminin sirlərini şagirdlərə öyrədir. Dərs dediyi şagirdlərdən çoxu ali təhsilli, 50-dən çoxu müəllim, o cümlədən 30 kimya elmləri namizədi və doktorudur. Yetirmələrindən 2 nəfəri “İlin ən yaxşı müəllimi” müsabiqənin qalibidir. Səmərəli pedaqoji fəaliyyətinə görə Yunis Quliyevə 1981-ci ildə “Baş müəllim” adı verilmişdir. Onu da qeyd edək ki, gənc pedaqoq Azərbaycanın ən gənc “Baş müəllimi” adına layiq görülmüşdür. İki dəfə SSRİ Maarif Nazirliyinin, 4 dəfə Azərbaycan Respublikası Təhsil Nazirliyinin, o cümlədən çoxlu sayda Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin Fəxri fərmanlarını almışdır.

Azərbaycan Respublikası Təhsil Nazirliyinin keçirdiyi konfranslarda maraqlı məruzələr ilə çıxış etmişdir. Həmin məruzələrin əksəriyyəti “Kimya və biologiya tədrisi” jurnalında çap edilmişdir. 2004-cü ildə Sumqayıtda keçirilən Beynəlxalq konfransda iştirakçısı olmuşdur.           

Qabaqcıl müəllim pedaqoji fəaliyyəti elmi fəaliyyətlə əlaqələndirən ziyalıdır. Dövri mətbuatda 500-dən artıq məqaləsi dərc olunmuşdur. Qəzet səhifələrində və jurnallarda “Çətinlikdən tərəqqiyə doğru”, “S.Vurğunun fəlsəfi görüşləri”, “H.Cavidin ateizm dünyası”, “Y.Məmmədəliyevin həyat və fəaliyyəti”, “N.Gəncəvi və kimya elmi”, “Ailə dağılmasın”, “Telefondan düzgün istifadə edirikmi?”, “İşdən sonra asudə vaxt”, “Toylarımız”, “Yaslarımız”, “Gülüş həyatımdır” və sair elmi və fəlsəfi məqalələri maraqla qarşılanmışdır.

2020-ci ildə Ali Baş Komandan cənab İlham Əliyevin apardığı uğurlu siyasət, Azərbaycan əsgərinin rəşadəti nəticəsində, 2023-cü ilin sentyabrında isə 1 günlük antiterror əməliyyatı nəticəsində ərazi bütövlüyümüzü təmin etdik. 30 illik həsrətə son qoyuldu. Yunis Quliyev tarix boyu qəlbimizdə yaşayacaq şəhidlər haqqında da müntəzəm olaraq yazılar yazır. Həmin yazılardan biri şəhidlik zirvəsinə ucalan Kamran Hüseynov haqqında olan “Səndən bizə qısa bir ömürlük xatirə qaldı” yazısı “Şərq qapısı” qəzetində çap olunmuşdur. Müəllif bu silsilə yazıları davam etdirir.        

Yunis Quliyev haqqında M.Məmmədoğlunun “Mənim Naxçıvan dünyam”, M.Cəfərlinin “Nurlu ömürlər” və Ə.Hümmətovun “Təhsilimizin tərəqqisi yolunda” kitablarında məqalələr özünə yer almışdır. Haqqında dövri mətbuatda müxtəlif yazılar işıq üzü görmüşdür.

Yazımızı ağsaçlı müəllimin bacısı Firəngiz müəllimin onun haqqındakı qeydləri ilə bitiririk: “O, sadə bir ömür yaşayır – müəllim ömrü. Lakin qibtəyə layiq oldu bu sadəlik. Böyük bir sirr, sehr, qeyri-adilik ünvanlandı bu sadəliyə. Qəlbinin odu ilə yüzlərlə şagirdi isidə-isidə, gözünün nuru ilə onların ömür yollarını işıqlandıra-işıqlandıra, onların beyninə nur ələyə-ələyə, ziya paylaya-paylaya bir ömür yaşayır Yunis müəllim”.

Biz də “Şərq qapısı” qəzeti olaraq Yunis müəllimi 70 illik yubileyi münasibətilə təbrik edir, ona cansağlığı, seçdiyi və sevdiyi şərəfli müəllimlik yolunda daim uğurlar arzulayırıq.

Nəşr edilib : 06.04.2024 10:15