AZ EN RU

Şərəfli missiyanın icrasına təkan verən mənəvi güc, strateji üstünlük...

  17 oktyabr Füzuli şəhəri günüdür

 Böyük Qələbəyə aparan 44 günün 21-ci günü düşünə-düşünə xəyallar məni bir neçə ay öncəyə qaytarır: 2023-cü il martın 1-i səhər saatlarıdır. Şuşa şəhərinin içməli su təchizatı sistemlərinin tikintisindən reportaj hazırlamaq üçün səfərə çıxmışıq. Zəfər yolu ilə irəliləyən avtobusun pəncərəsindən mənfur tör-töküntüsündən təmizlənən qədim, əzəli yurdumuzu qarış-qarış seyr etdikcə duyuram Qarabağın ağrı-acılardan təngə gələn, həsrət, hicran buzu bağlayan köksünün hərarətli döyüntüsünü, rahatlaşan nəfəsini, böyük ürək yanğısı, dərin sarsıntı, kəskin hiddət hissləri oyadır 30 illik çirkin niyyətlərin, naqis əməllərin misli-bərabəri tapılmayan təzahürləri... Bu mənzərələr qarşısında iki il bundan öncə oktyabrın 17-də Füzuli rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdə ölkə Prezidentinin səsləndirdiyi fikirlər çınlayır yaddaşımda: “...Füzuli şəhəri tamamilə yerləyeksan edilib. Siz yaxşı xatırlayırsınız, Azərbaycan xalqı yaxşı xatırlayır, Füzuli azad olunandan sonra bir bina tapılmadı ki, biz oraya bayrağımızı sancaq. Bayrağımız hərbi hissənin həyətində dirəkdə qaldırılmışdı. Buraya gələn hər bir insan erməni vəhşiliyini, erməni vandallığını görür və bunu artıq heç kim inkar edə bilməz...”

Düşmənin fərarilik, ordumuzun cəsarətlik rəmzi...

Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan hərbçisinin, əsgərinin haqq-ədalət savaşına çıxdığı 44 günlük Vətən müharibəsinin detallarını incələyəndə bir daha aydın olur ki, Böyük Qələbənin qazanılmasında hərbi-taktiki gediş kimi iki faktor həlledici rol oynadı: Füzuli zəfəri və Laçın dəhlizi. Əgər Laçın dəhlizinin ordumuz tərəfindən bağlanması noyabrın 8-də Şuşanın tamamilə mənfurlardan təmizlənməsinə yol açdısa, həmin zəfərə aparan əsas yol isə məhz oktyabrın 17-də Füzulidən keçdi. 44 günün xronikasına nəzər yetirəndə Füzulinin azad olunmasının əhəmiyyəti, eyni zamanda bu şəhərin döyüşlərin aparılması baxımından strateji üstünlüyü, əlverişli mövqedə yerləşməsi diqqəti çəkir. Bu mənada, müharibənin gedişatına, zəfər yürüşünə Füzulinin azadlığına qədər və sonra olaraq iki mərhələdə yanaşanda fikirlər tam aydınlaşır. Başqa sözlə desək, Füzuli səddi ortada sanki böyük bir dağ kimi dayanmışdı. Yəni diqqət yetirsək, görərik ki, müharibənin 21-ci günündə mənfurlardan alınan bu qədim şəhərimizin azadlığından cəmi 3 gün sonra Zəngilan şəhəri, ondan beş gün sonra Qubadlı şəhəri azad edildi, ardınca ordumuz Laçın dəhlizinə çıxdı və beləliklə, Qələbə simvolumuz sayılan Şuşaya yol açıldı, müharibənin taleyi həll olundu... 
    Tarixə nəzər salsaq, I Qarabağ müharibəsində də düşmən Şərqi Zəngəzurun tamamilə Azərbaycandan qoparılması yolunda əsas həlledici amil kimi Füzulinin işğalını qarşıya məqsəd qoymuşdu. Füzuli şəhərindən sonra ikinci hədəf kimi isə regionda strateji cəhətdən ən əhəmiyyətli, regional kommunikasiyaların kəsişdiyi rayonun Horadiz qəsəbəsinin ələ keçirilməsini seçmişdi. Həmin vaxt bu məkrli planla irəli keçən ermənilərin, təəssüf ki, havadarlarının köməkliyi ilə Horadiz qəsəbəsini işğal etməklə qonşu Cəbrayıl, Qubadlı və Zəngilan rayonları faktiki olaraq blokadaya düşdü və düşmənin işi xeyli asanlaşdı. Lakin Ümummilli Liderimiz Heydər Əliyevin qısa zaman çərçivəsində orduda apardığı islahatlar nəticəsində 1994-cü il yanvarın 5-dən 6-na keçən gecə Azərbaycan Silahlı Qüvvələri Araz çayı boyunca və Əhmədbəyli-Kürdmahmudlu-Alxanlı kəndləri istiqamətində əks-hücuma keçərək Horadiz qəsəbəsini, bir neçə kəndi azad etdi. Təbii ki, II Qarabağ müharibəsində Füzulinin, Cəbrayılın, Zəngilanın azad edilməsində həm kəşfiyyat, həm də əməliyyat şəraitinə nəzarət baxımından Cocuq Mərcanlı ilə yanaşı, illər öncə qazanılmış Horadiz zəfərinin də rolu az olmadı... Ordumuz 44 günlük Vətən müharibəsində ilk şəhidlərini Füzuli istiqamətində gedən şiddətli, amansız döyüşlərdə verdi. Çünki düşmən tərəfi bu rayonda çox güclü, bir neçə xətt istehkamdan ibarət müdafiə zonası yaratmışdı və düşünürdü ki, Azərbaycanın əsgər və zabitləri bu səddi heç vaxt keçə bilməz. Məsələyə real yanaşanda etiraf etmək lazımdır ki, həmin istehkamları yarmaq, keçmək, həqiqətən də, böyük cəsarət, qətiyyət tələb edirdi. Məhz bu baxımdan Füzuli zəfərini həm də əsgər və zabitlərimizin qəhrəmanlığının, şücaətinin, əzmkarlığının göstəricisi kimi xarakterizə etmək olar. Təbii ki, bunu görən düşmən vəlvələyə düşdü və Füzuli azad olunandan sonra Ermənistan ordusunda fərarilik halları daha geniş vüsət aldı. Dərk etdilər ki, bizim əsgər-zabitlərimiz doğma torpaqları azad etmək üçün ölümə getməyə hazırdırlar və onların vətənpərvərlik ruhu, Vətən eşqi qarşısında heç bir maneə, heç bir sədd dözüm gətirməyə qadir deyil. Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev də bu məqama diqqət çəkərək deyib: “...Füzuli uğrunda çox şiddətli döyüşlər gedirdi, bir neçə gün ərzində şəhərin ətrafında çox ciddi əməliyyatlar aparılırdı. Düşmən müqavimət göstərirdi, amma buna baxmayaraq, Azərbaycan Silahlı Qüvvələri öz tarixi missiyasını yerinə yetirdi. Mən Füzulinin azad olunması xəbərini Azərbaycan xalqına çatdıranda artıq Azərbaycan xalqı və hesab edirəm, bütün dünya gördü ki, biz öz şərəfli missiyamızı sona qədər yerinə yetirəcəyik, heç bir qüvvə bizi dayandıra bilməz...” 

Qarabağın mühüm nəqliyyat qovşağı, dünyaya açılan hava qapısı...

Tarixi Zəfərin əldə olunmasından sonra azad olunan torpaqlarla bağlı dövlət siyasətinin prioritetləri sırasında ərazilərin tez bir zamanda minalardan təmizlənməsi və qayıdış proqramının uğurla həyata keçirilməsidir. Bu mənada, birinci infrastruktur layihələri Füzulidə başlasa da, təəssüf ki, düşmən tərəfindən rayonun kütləvi şəkildə minalanması bu prosesi bir qədər mürəkkəbləşdirdi. Verilən rəsmi məlumatlara görə, ölkəmizin bu dilbər guşəsi azad edilmiş bölgələri arasında minaların sayına görə ən çox çirkləndirilmiş rayondur. Təxminən, burada yüz mindən çox mina basdırılıb. Ona görə də bütün işlər, yəni həm infrastruktur, həm də minatəmizləmə tədbirləri paralel şəkildə həyata keçirilir. Beynəlxalq standartlar çərçivəsində aparılan məskunlaşma siyasətinə uyğun Füzuli şəhərinin Baş planı, kəndlərin inkişaf konsepsiyası hazırlanıb. Böyük Qələbədən sonra cəmi 8 ay ərzində həyata keçirilən tikinti işləri nəticəsində beynəlxalq statusa malik, Qarabağın ilk hava qapısı sayılan Füzuli Beynəlxalq Hava Limanı tam hazır vəziyyətə gətirilib. 2021-ci il oktyabrın 16-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə aeroportun açılış mərasimi keçirildi. Uçuş-enmə zolağının uzunluğu 3000, eni isə 60 metr olan hava limanının müasir infrastrukturla təchiz edilən terminalı saatda ən azı 200 sərnişinin buraxılışına imkan verir. Şuşada keçirilən beynəlxalq tədbirlərdə iştirak üçün həm Bakıdan, həm də ölkə xaricindən aeroporta mütəmadi reyslərin təşkili, eyni zamanda Füzuli-Şuşa, Füzuli-Hadrut, Füzuli-Cəbrayıl, Füzuli-Ağdam yollarının inşası gələcəkdə bu rayonumuzu Şərqi Zəngəzurun, Qarabağın əsas nəqliyyat qovşaqlarından birinə çevirərək sosial-iqtisadi inkişafına mühüm töhfələr verəcək, geosiyasi əhəmiyyətini xeyli artıracaq... 
    Ölkə Prezidentinin 2022-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiq olunan “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nda yer alan müddəalar, o cümlədən “Ağıllı şəhər”, “Ağıllı kənd” layihəsi Zəngilanın Ağalı kəndindən sonra  Füzulidə də tətbiq olunmağa başlayıb. Artıq bu istiqamətdə işlərin icrası üçün əməli addımlar atılıb. Belə ki, rayonun azadlığının birinci ildönümündə ölkə Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli Memorial Kompleksin və şəhərin bərpasının, eyni zamanda Dövlətyarlı kəndinin “Ağıllı kənd” konsepsiyası əsasında təməlini qoyublar. Beş kəndi birləşdirən bu layihə çərçivəsində Dövlətyarlıda birinci mərhələdə 450 evin tikintisi nəzərdə tutulur. Ondan sonra əlavə 300 ev inşa olunacaq. Bu, Füzuli rayonunda yaradılmasına başlanılan birinci yaşayış mərkəzidir. Bundan başqa, şəhər mərkəzində də MİDA tərəfindən ümumi sahəsi 8,9 hektar və 6 məhəllədə 38 yaşayış binasından ibarət Füzuli yaşayış kompleksi tikilir. Yaşayış binaları ilə yanaşı, ərazidə park, yeraltı və yerüstü avtodayanacaqlar, uşaq oyun və idman meydançaları da istifadəyə veriləcək. Həyata keçirilən böyük quruculuq işləri çərçivəsində oktyabrın 16-da isə ölkə başçısının iştirakı ilə Füzuli şəhərində inzibati binanın, ikinci, üçüncü yaşayış komplekslərinin, 240 yerlik uşaq bağçasının, idman kompleksinin, Qoçəhmədli, Cuvarlıkəndlərinin təməlləri qoyulub. 
    Artıq Füzuli sakinləri də öz doğma yurdlarına qayıtmağa başlayıblar. Belə ki, bu il avqustun 18-dən etibarən Böyük Qayıdış proqramı çərçivəsində paytaxtın Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən Füzuli şəhərinə 23 ailə – 90 nəfərlik ilk köç karvanı yola salınıb. Evlərin bölgüsü isə məcburi köçkünlərə yeni yaşayış sahələrinin verilməsi püşkatma ilə aparılıb. Avqustun 5-də keçirilən püşkatmada 144 ailə ( 509 nəfər) iştirak edib. Ailə tərkibinə uyğun olaraq onlardan 51-i ikiotaqlı, 76-sı üçotaqlı, 17-si dördotaqlı mənzillə təmin olunub. Oktyabrın 10-13-də isə növbəti köç karvanları ilə, ümumilikdə, 86 ailə – 297 nəfər doğma yurdlarına qayıdıb. Bununla da Böyük Qayıdış proqramı çərçivəsində Füzuli şəhərində 230 ailə, yəni 811 nəfərin daimi məskunlaşması təmin edilib. Qısa müddətdə görülən bu quruculuq işləri və həyata keçirilən qayıdış proqramı ölkə Prezidenti cənab İlham Əliyevin hələ 2021-ci il oktyabrın 17-də şəhərin bərpasının təməl daşını qoyan zaman rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə dediyi fikirlərinin əməli təsdiqidir: “...Füzuliyə həyat qayıdır və qayıdacaq. Əminəm ki, maksimum qısa müddət ərzində Füzuli şəhəri də, rayonun kəndləri də çiçəklənəcək. Biz azad edilmiş ərazilərdə ən müasir texnologiyaları tətbiq edirik. Bu, artıq reallıqdır. Bunu mən müharibə başa çatandan dərhal sonra bəyan etmişdim və bunu bu gün hər kəs görə bilir...”

Qayıdır şən günlər, qayıdır həyat, 
Xoşbəxtlik sinəndə açır qol-qanad!

Otuzillik yad əllərdən, nankor baxışlardan, murdar ayaqlardan zinhara gələn, doğma münasibətə, munis duyğulara təşnə Füzulim! Doğma anan Azərbaycana qovuşmağının üçüncü ili tamam olur artıq, gözlərin hər zaman belə aydın, sabahların işıqlı, gələcəyin parlaq, Şuşaya, Ağdama, Hadruta, Cəbrayıla, Bakıya uzanan yolların rəvan, hava qapın qonaqlarının üzünə daim açıq olsun. Düz üç il bundan öncə uğrunda vətənpərvər oğulların dastan yazdılar, heç bir istehkam, heç bir maneə onları sənə olan sevdadan döndərə bilmədi, şəhid oldular, qazi oldular, qalib oldular, öz torpaqlarına, məmləkətlərinə sahib oldular... Ömrünün ağrılı-acılı, şaxtalı, boranlı illəri sona yetdi nəhayət, çin çıxıbdır ürəkdəki xoş arzular, saf niyyət. Qayıdır şən günlər, qayıdır həyat, xoşbəxtlik sinəndə açır qol-qanad, sığal çəkir hüsnünə övladların, ey elim, çevrilirsən gül-çiçəkli gülüstana Füzulim! Günün mübarək, Füzulim! 

Nail ƏSGƏROV

Nəşr edilib : 16.10.2023 21:44