AZ EN RU

Şərəfli ad

    Bu gənclərin hər birinin ayrı-ayrı taleləri olsa da, onları birləşdirən dəyər eynidir – şərəfli kursant adını daşımaq. Onlar üçün həyat bu addan başlayır, sabaha gedən işıqlı yol isə onlara bu adı qazandıran məktəbdən keçir. Bu məktəbdə doğmalarından uzaq olan kursantların doğmalarından daha doğma Vətəninə andı var. Vətəni göz-bəbəyi kimi qorumağın məsuliyyətini hələ kiçik yaşlarından öz çiyinlərinə alan kursantlar burada Vətən boyda sevgi ilə böyüyür. Onun yarı da, dostu da, ailəsi də Vətən olur. Hər səhər ana nəvazişi ilə yuxudan oyanmaqdan, əzizlənə-əzizlənə məktəbə yollanmaqdan, böyüyüb boya-başa çatdığı doğma evindən, isti yatağından uzaq düşsələr də, kursantlar xoşbəxtdirlər. Çünki onlara ana şəfqəti qədər əziz, ata qayğısı qədər doğma hisslər bəxş edən uca, ülvi bir hiss var: Vətən sevgisi... 
    Onlar çıxdıqları yolun çətin, bir o qədər də məsuliyyətli olduğunu yaxşı dərk edirlər, amma bu elə bir sevgidir ki, bütün istəklərin, hisslərin, çətinliklərin önünə keçir. Bu məhəbbətin sonunda zirvələrə ucalmaq da var. O zirvəyə ucalarkən nəinki yaddaşlarda qalırlar, əbədi ürəklərdə yaşayırlar. Hansı ki Vətən fədailəri indi o zirvədən dünyaya ədaləti, Vətənə səadəti, ülviyyəti səpələyir. Heç bir vəsfə sığışmayan o ucalıq zirvəsində Vəliləri, Sahilləri, Raqibləri, İbrahimləri, Aşurları – neçə-neçə igidləri görmək olur. İndi həmin igidlərin yastığına bu günün kursantları baş qoyur, onların yatağında gələcəyin igidləri uyuyur, addımladıqları yollardan ötür, qəlbən duyduqları hissləri keçirir, qurduqları xəyalları qururlar. Bu igidlər bir zamanlar bizə həmvətən olub indi isə vətənləşən oğulların davamçılarıdır. Onlar şərəf andı içərək gələcəkdə Vətəninə, xalqına şərəflə xidmət edən zabitlər olacaqlarına söz verirlər. Və başlayır, sağlam mənəviyyatlı, vətənpərvər zabit kimi yetişmək üçün atdıqları ilk addımları... 
    Zabit peşəsini öz arzu, istəkləri ilə seçən kursantlar bu peşəyə ürəkdən bağlanıb, bu yolu özlərinin həyat amalına çevirirlər. Onlar atdıqları hər addıma diqqətlə yanaşırlar. Çünki Heydər Əliyev adına Hərbi Liseyin kursantı olmaq nümunəvi olmaq deməkdir. Bəli, onlar nümunədirlər. Vətənə ucsuz-bucaqsız sevgiləri ilə... 
    Bura təkcə təhsil ocağı deyil, həm də gənclər üçün bir həyat məktəbidir. Burada təhsil alan gənclər həyatın keşməkeşləri ilə ayaqlaşmağı öyrənir. Onlar səhər saat 6-da oyanır, idman edir, üst-başlarını səliqəyə salır, nizam-intizamlı yeni bir dərs gününə başlayırlar. Kursantlar sanki hər gün hərbi qaydalarla bağlı kiçik bir imtahan verirlər. Onları kursant həyatının çətinlikləri qorxutmur. Şərəfli kursant adını uca tutan bu gənclər hünər və cəsarətləri ilə digərlərindən seçilirlər. Bu cəsarət onları daha da möhkəmləndirir, mətinləşdirir. Bəzən də bu hiss onları sınağa çəkir. Onlar həmin sınaqlardan üzüağ çıxmaqla öz mübarizliklərini sübut edirlər. Kursantlar liseydə öyrəndiklərini heç zaman unutmurlar. Ələlxüsus da, səmimi dostluqları. Burada onlar sadiq dostlar qazanırlar. Hansı ki bu dostluqlar zəncirdən də möhkəm olur. 
    Bir zamanlar arzusunda olduqları kursant formasında evlərinə tələsən gələcəyin zabitləri ilə tez-tez rastlaşırıq. Xüsusilə də şənbə günləri... Axı həmin gün kursantların buraxılış günüdür. Onların qılıncdan kəskin baxışı, poladtək əyilməz qaməti, dağ kimi məğrur duruşuna baxıb qürur hissi keçirməyə bilmirsən. Ciddi simalarına nəzər saldıqda ilk baxışda sərt görünsələr də, gözlərindəki işığı gördükdə qəlb riqqətə gəlir. Kənardan onları məftun baxışlarla izlədikcə hiss edirsən ki, üzərində daşıdıqları formanın onlara verdiyi “kursant” adı ilə bizim qədər fəxr edirlər. Bir daha şərəfli peşə seçdiklərinə əmin olurlar. Düşünürəm... Bəlkə də, nə vaxtsa kursant formasında yanımızdan neçə-neçə Ülvilər, Elcanlar, Sərxanlar, Seymurlar, Xansular, Sadiqlər kimi igid oğullar ötüb-keçib. Bəlkə də, nə vaxtsa hansısa məkanda qarşılaşdığımız, uzun bir yolda yolyoldaşı olduğumuz, şux qamətində qürurla daşıdığı kursant formasına baxdıqca heyranlıq duyduğumuz, fəxarət hissi keçirdiyimiz kursantların indi uca şəhid adları ilə qürurlanırıq. Onlar da ilk dəfə bu formanı geyinəndə güzgü qarşısına keçib, çiyinlərində zabit poqonunu təsəvvür edib, daşıdığı şərəfli hərbçi adına görə fəxarət hissi keçiriblər. Ataları da, anaları da oğullarına baxıb sevinib, onu general formasında görməyi arzu ediblər. Onlar igidlərini general formasında görmək qürurunu yaşaya bilməsələr də, indi oğullarının “Qalib ölkənin Qalib qəhrəmanları” adına görə qürurludurlar. Həm də bu qürur o qürurdan deyil. Bu qürurda məğrurluq var, mətinlik var, ucalıq, ülvilik var... 
    İndi kursantlar daha da qürurludur. Çünki onlar içdiyi hərbi anda sadiq Vətən qəhrəmanlarının izilə addım-addım irəliləyərək bütöv Azərbaycanın keşiyində başı uca dayanıblar. Vətənin bir parçası olan kursantlar şəhadətə ucalan, əbədilik qazanan öz sələflərinin yolunu layiqincə davam etdirərək sabahın kursantına müqəddəs vəzifə olaraq Vətənə sadiq olmaq, onun üçün candan keçmək kimi ali hisslər ərməğan edirlər. 
    ...Əziz kursantlar! Siz təkcə bir ailənin deyil, bütöv xalqın mərd oğulları, qüdrətli ordunun layiqli zabitləri, Azərbaycan adlı əziz Vətənin igid qəhrəmanlarısınız! Şərəfli adınızla, cəsarətli addımlarınızla, işıqlı yolunuzla, məğrur duruşunuzla qürur duyur, fəxr edirik! 

Gülcamal TAHİROVA

Nəşr edilib : 27.02.2024 00:01