AZ EN RU

Səninləyəm, qədim diyar

Naxçıvan... Min illərin keşməkeşli tarixinə şahidlik edən bir əzəmət, bir möhtəşəmlik, bir qəhrəmanlıq, bir qürur, bir cəsarət və mərdlik qalasıdır. Daşlarında tarixlər yatan alınmaz QALA... Bu qalanın hər daşı, hər torpağı, sözün həqiqi mənasında, ayrı bir hünər, ayrı bir qəhrəmanlıq, ayrı bir vüqarlı insan ömrüdür. Havasında qəhrəmanların nəfəsi var. Torpağında bu qəhrəmanların zərrəsi var, ruhunda dəmir iradəli insanların əzmi var. Səması insanlarının qəlbi kimi genişdir. Qollarını qulac-qulac açsan da, bu genişliyi qulaclarına sığışdıra bilmirsən. Günəşi boldur, elə boldur ki 12 ayın hər gününə yetə bilir, qışın qar-çovğununda belə ilıqlığı insanın ruhunu isidir. Yağmuru bol suludur, elə sulu ki yayın istisində dodaqları cadar-cadar olmuş torpaqlara yetəcək qədər çox suludur. Qarı çox bəyazdır, ağbirçək nənələrin, ağsaqqal babaların saçlarından belə bəyaz.

Dağlarıyla, düzləriylə gözəlliklər oylağıdır. Təbiəti, sözün əsl mənasında, min tamaşadır. Çünki bir tərəfdə başıqarlı dağlar ətəyində lalə, bənövşələr, bir tərəfdə leysan yağan qapqara buludlar və ardınca gələn Günəş yağışdan sonra rəngarəng göyqurşağıyla səmaya əsrarəngiz tacını taxır. Təbiətinə gözəllik qatan uca dağları insanlarının xarakteridir. Bu dağlar bizim kimliyimiz, bizim varlığımız, bizim soykökümüzdür. Biz bu dağlara baxarkən əzəmətin və gücün rənginin ahəngdarlığını görürük. Əlincə qalasının sərt qayaları, daşları, torpağı, ağacları, çiçəkləri vərəqlənib səhifə-səhifə açılır və gözümüz önündə canlanan bu tarixə zaman-zaman qürurla, sevinclə, hünərlə, eşqlə, yanğıyla baxırıq, qayaların hər qatının məğrurluğunu hiss edirik, hər qatının ayrı bir hekayəsini öyrənirik.

Əshabi-kəhf dağlarında yatan, yüzillikləri soraqlayan qədim inancı, ilahi gücün ucalığını, mistik auranın vəhdətini görürük. Naxçıvanın gərdanında Xan Araz kimi bir gözəllik var. Bu gözəlliyin hər damlasında Vətən həsrəti, Vətən eşqi alovlanıb sağındakı solundakı həyatlara işıq saçır. Naxçıvanın Batabat gölü kimi bir gözəlliyi var ki, bu gölün gözəlliyi rəssamların rəngarəng fırçasından tablolara axaraq çərçivələrdə yeni-yeni həyatlara sahib olaraq göz oxşayır, bu gölün gözəlliyi şairlərin ilham mənbəyidir. Naxçıvanın hər addımı bir tarixdir. Nuh zamanından bu günə gələn min illərin qoruyub hifz etdiyi ulu tarix.

Mərdlik, cəsarət, məğrurluq bərabərində Naxçıvan durur... 14 il Əlincə Qalanın düşmənə qarşı dirənişi məhz bu məğrurluğun ifadəsidir.

Kimliyindən asılı olmayaraq, hər kəs, istər Naxçıvanda doğulub böyüyən olsun, istər Azərbaycanın hər hansı bir şəhərində böyüyən, istərsə də dünyanın hər hansı bir ölkəsindən gələn qonaq Naxçıvanı tarixiylə, təbiətiylə, təbiət gözəllikləriylə, adət-ənənələriylə, dadlı-ləzzətli təamlarıyla, yeraltı, yerüstü sərvətiylə, daşıyla-torpağıyla, şəhəriylə-kəndiylə, qonaqpərvərliyiylə, insanıyla, insanlığıyla və ən əsası, insanın zəngin ruhuyla sevir və bu torpağa aşiq olur.

Naxçıvan... Sən, elə bir cahansan ki sənin hər anın, sahib olduğun hər şey çox qiymətlidir və bu bütün nəsillər üçün belə görünəcək... 100 yaşlı qocaman diyar, üzündəki qırışların hər qatında yatan izlər sənin zəngin, mənəvi dəyərlərindir. Bu dəyərlər vərəq-vərəq oxuyub bitirə bilmədiyimiz bir sanballı salnamədir, bu dünənində mərdlik, bu günündə zəfər, sabahında gözəl, günəşli gələcəkləri olan bir diyarın salnaməsidir. Bu hər zaman kəsiyi üçün belə olub və belə də olacaqdır, bizdən öncə də, bizimlə və bizdən sonra. Naxçıvan qərinələri, əsrləri məğrurluqla yola salan Möminə xatın türbəsində yaşayan minlərlə Əcəmi Naxçıvanilər, Məhəmməd Cahan Pəhləvanlar, “Mənim Tanrım gözəllikdir, sevgidir” misrasında ölümsüzlük qazanan Hüseyn Cavidlər, “Dumanlı Təbriz”i oxuyanda Məmməd Səid Ordubadilər, “Bir könül sındırmışam” mahnısının həzin notlarını dinləyəndə İslam Səfərlilər, “Poçt qutu”sunu oxuyanda Cəlil Məmmədquluzadələr, Novruzəlilər, “Varım, yoxum, səninləyəm”, – deyən Məmməd Arazlardır.

Naxçıvan, doğma diyarım! Çox şanslıyam yurdun bir parçası olduğuma və qoynunda böyüyüb boy atmama izin verdiyin üçün. Alqış sənə, alqış sənin varlığını qoruyub bizə miras verənlərə.

Alqış olsun 100 yaşlı qocaman, yaşlanmayan Ulu yurda! Qürurumsan, gözəl Vətən!

 

Samirə ƏKİNÇİ

ABŞ, Florida, Tampa

Məqalə “Şərq qapısı” qəzetinin elan etdiyi “Naxçıvan 100 ildə” yaradıcılıq

müsabiqəsinə təqdim etmək üçündür

Nəşr edilib : 16.05.2024 10:12