AZ EN RU

Sənətkarlığın kamillik zirvəsini fəth edən görkəmli bəstəkar Tofiq Bakıxanov: “Bu diyar mənim üçün əziz, müqəddəs bir məkandır”

 “Tofiq Bakıxanov xalqımızın tarixi keçmişində, elm və mədəniyyətində öz yeri olan böyük bir nəslin ənənələrini ləyaqətlə davam etdirərək Azərbaycan musiqi mədəniyyətinə gözəl töhfələr vermişdir”.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev

   Abbasqulu ağa Bakıxanov nəslinin layiqli davamçısı, sənətkarlığın kamillik zirvəsini fəth edən görkəmli bəstəkar, öz əsərləri ilə Azərbaycan musiqi xəzinəsini zənginləşdirən sənətkar, Azərbaycan Respublikasının Xalq artisti, Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi, “Şöhrət” ordenli professor Tofiq Bakıxanov Naxçıvana gəlib. Elə biz də bu fürsəti dəyərləndirib, milli mədəniyyətimizin inkişafında mühüm xidmətləri olan və sənət taleyinin, yaradıcılığının böyük hissəsini qədim diyarımıza həsr edən bəstəkarla görüşdük, həmsöhbət olduq, Naxçıvana sevgisinin bir daha şahidi olduq.

   – Tofiq müəllim, doğma diyarımızda sizi görməkdən məmnunluq duyuruq. Əvvəlcə, sizə, xoş gəlmisiniz, deyirəm. İstərdim ki, söhbətimizə budəfəki gəlişinizin məqsədi və təəssüratları ilə başlayaq.

   – Bildiyiniz kimi, Naxçıvana tez-tez gəlirəm. Bu, mənim Naxçıvan kimi müqəddəs bir diyara bağlılığımdan irəli gəlir. Naxçıvana bağlılığım, ilk növbədə, yüksək səviyyəli insanlarla, dostlarımla əlaqədardır. Məni ilk dəfə bu gözəl diyarla tanış edən, yaradıcılığıma Naxçıvan mövzusunu gətirməyimdə ən böyük dəstəkçim Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov olub. Hörmətli Vasif Talıbov hər zaman mənə və yaradıcılığıma yüksək dəyər verib. Bu isə məni Naxçıvanla bağlı əsərlər yazıb-yaratmağa daha da ruhlandırıb. Mənim qəlbimdə həmişə Naxçıvana qarşı böyük sevgi olub. Çünki, Naxçıvanı özümə mənəvi dayaq hesab edirəm. Əgər Naxçıvanla bağlı xatirələrim olmasaydı, bəlkə də, heç belə uzun ömür sürə bilməzdim. Hazırda məni yaşadan Naxçıvanda yaradıcılığıma verilən dəyərdir.

   Naxçıvana səfərlərimin hamısı maraqlı və yaddaqalan olub. Hər dəfə bu diyara üz tutduqda zəngin təəssüratlarla qayıtmışam. Çünki hər gəlişimdə Naxçıvanın möhtəşəm inkişafının son nailiyyətlərini görürəm, buradakı elm, təhsil, mədəniyyət xadimlərinin hər cür qayğı ilə əhatələndiyinin şahidi oluram, şəxsən öz yaradıcılığımın yüksək səviyyədə qiymətləndirilməsinin sevincini yaşayıram. Hörmətli Vasif Talıbov hər gəlişimdə məni şəxsən qəbul edir və Azərbaycan mədəniyyətinin bugünkü uğurları barədə əhatəli şəkildə, səmimi söhbətimiz olur. Qətiyyətlə deyə bilərəm ki, bu gün Naxçıvanda musiqi mədəniyyətimiz, həqiqətən, heç zaman görünməmiş inkişaf mərhələsini yaşayır.

   Naxçıvan mənim sevimli şəhərimdir. Bu müqəddəs məkan hər görüşdə gözümə daha gözəl görünür. Buranın havası, suyu, təbiəti məni yeni yaradıcılıq uğurlarına ruhlandırır. Digər tərəfdən, Naxçıvanda yaradılan qayda-qanun məni həddindən artıq sevindirir. Naxçıvan hər sahədə bütün dünyaya nümunədir. Bura dünyanın bir sıra qabaqcıl ölkələri ilə belə müqayisə edilməyəcək qədər təmizdir, sakitdir, firəvandır, azaddır.

   Naxçıvan həm də ona görə müqəddəsdir ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev bu torpaqda dünyaya göz açıb. Yəqin ki, elə bu səbəbdən də hava limanında təyyarədən enərkən elə oradaca qeyri-adi hisslərə bürünürəm. Mən dünyanın bir çox gözəl şəhərlərində olmuşam. Bu gözəl şəhərlər sırasında Naxçıvanın yeri tamam başqadır. Buranın təkcə suyu, havası yox, siması da gözəldir. Mü­asir binalar, səliqəli yollar, təmizlik insana xoş təsir bağışlayır. Burada hər şey çox ürəkaçandır. İnsanları da xoşbəxtdirlər ki, belə bir qədim və eyni zamanda, gözəl bir diyarda yaşayırlar.

   – Muxtar respublikada müntəzəm olaraq yaradıcı ziyalıların, xüsusən görkəmli mədəniyyət və elm xadimlərinin yubileyləri keçirilir. Elə sizin özünüzün yubileyləriniz də dəfələrlə Naxçıvanda yüksək səviyyədə qeyd edilib...

   – Bəli, muxtar respublika rəhbəri mədəniyyəti daim diqqət mərkəzində saxlayır, onun inkişafı üçün nə lazımdırsa, edir. Mənim də 70, 75 və 80 illik yubileylərim Naxçıvanda təntənə ilə qeyd olunub. 2015-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə mənə “Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi” fəxri adı verilib. Bundan başqa, 2010-cu ildə Naxçıvan Muxtar Respublikasının 85 illiyinə həsr olunmuş “Qızıl medal” mükafatçısıyam, 2017-ci ildən isə Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatının fəxri üzvüyəm. Burada təkcə mənim yox, mənsub olduğum nəslin nümayəndələrinin də yubiley tədbirləri keçirilib. Yaxşı yadımdadır, 2014-cü il iyulun 2-də Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında mənim ulu babam Abbasqulu ağa Bakıxanovun 220 illik yubiley tədbiri yüksək səviyyədə qeyd edildi. Yeri gəlmişkən onu da diqqətimizə çatdırım ki, yanvar ayının 31-də ölkəmizin ən qabaqcıl ali təhsil ocaqlarından biri olan Naxçıvan Dövlət Universitetində 90 illik yubileyim qeyd edildi. Bunun özü bu qədim diyarda sənətə, sənətkara, konkret desəm, mədəniyyətə böyük diqqətin ifadəsidir. Bunun üçün başda cənab Vasif Talıbova, təşkilatçılara və bütün naxçıvanlılara dərin minnətdarlığımı, ehtiramımı bildirirəm.

   Naxçıvanda musiqi mədəniyyəti sahəsində baş verən yeniliklərə, burada gedən mədəni proseslərə münasibətinizi bilmək maraqlı olardı...

   –  Ümumiyyətlə, demək istərdim ki, Naxçıvan Muxtar Respublikasında Ali Məclis Sədrinin diqqət və qayğısı ilə incəsənət və musiqi sahəsində təqdirəlayiq işlər görülüb, musiqi kollektivlərinin fəaliyyəti üçün yüksək şərait yaradılıb. Bu qayğı milli musiqi mədəniyyətimizə Naxçıvanda verilən qiymətdir. Bildiyiniz kimi, Naxçıvan Dövlər Universitetində bir neçə tədbirdə iştirak etdim, ali təhsil ocağı ilə tanışlığım zamanı bu sahədə necə böyük addımlar atıldığının şahidi oldum. Universitetin Konservatoriyasında istedadlı və peşəkar musiqiçilər formalaşır. Burada yetişən istedadlı gənclərdə kifayət qədər enerji və potensial var. Bu potensial Naxçıvanda musiqi sənətini daha parlaq gələcəyə aparacaq.

   Bunu xüsusilə qeyd etmək istərdim ki, bu səfərimdə məni qürurlandıran və yaddaqalan hadisələrdən biri də Naxçıvan Dövlət Universitetinin “Fəxri doktor”u adına layiq görülməyim oldu. Dünyanın bir çox ölkələri tərəfindən yüksək mükafatlarla təltif edilmişəm. Ancaq məhz mənə canım qədər əziz olan Naxçıvanın doğma universitetinin fəxri doktoru olmağım mənim üçün ən ali addır.

  – Tofiq müəllim, gənc musiqiçilərimizin yetişdirilməsi üçün mövcud şərait barədə qənaətləriniz də bizim üçün maraqlı olardı...

   – Burada fəaliyyət göstərən musiqi ocaqlarında müəllim və tələbələrlə görüşlərə, ustad dərslərinə də dəvət olunuram. Naxçıvan Dövlət Universitetində, Naxçıvan Musiqi Kollecində, eyni zaman­da, musiqi məktəblərində həm ustad dərslərində iştirak edirəm, həm də tələbələrin ifasında konsertlərin, tədbirlərin dinləyicisi oluram, çox razı qalıram. Naxçıvanda müəllimlərin, sözün həqiqi mənasında, milli mədəniyyətimizə, musiqi incəsənətimizə özünəməxsus töhfələr verə biləcək gənclərə xüsusi qayğı ilə yanaşdıqlarını, istedadlı musiqiçilər nəsli yetişdirdiklərini görürəm; bu da məni çox sevindirir. Çünki bu, musiqimizin əmin əllərdə olması deməkdir. Bir ağsaqqal kimi müəllimlərə də minnətdarlığımı bildirirəm.

   Ötən gün Naxçıvan Dövlət Musiqili Dram Teatrında təşkil olunan möhtəşəm konsert proqramında da iştirak etdim. Yerli sənətkarların ifasında elə musiqi parçaları eşitdim ki, onları dinləyən istənilən azərbaycanlı fəxr etməyə qürur duymaya bilməz. Həmin tədbirdə ifa olunan bir neçə əsər Naxçıvan haqqında bəstələdiklərim idi. Bir daha demək istəyirəm ki,  bu diyar mənim üçün əzizdir, doğmadır. Naxçıvan mövzusu hər zaman mənim yaradıcılığımda aparıcı mövqe tutub. Mən hər zaman Naxçıvana bağlı olmuşam. Naxçıvanda milli musiqinin inkişafı üçün çox arzularım var idi. Bu diyarda artıq buna nail olunub. Bunun üçün özümü xoşbəxt hiss edirəm.

  – Qısa zaman ərzində müsahibə üçün vaxt ayırdığınıza görə minnətdarlığımı bildirirəm.

Gülcamal TAHİROVA

Nəşr edilib : 03.02.2022 11:35