AZ EN RU

Sənətinə, doğulub böyüdüyü torpağa olan sevgisi onu yaşadır

    Naxçıvan torpağı tanınmış alimlər, müğənnilər, musiqiçilər, bəstəkarlar, rəqqaslar  yetirib. Tariximizin, mədəniyyətimizin misilsiz sərvəti olan milli rəqslərimiz bu torpaqda yaşadılıb, qorunub saxlanılıb. Hansı ki həmin rəqslər insan ruhunun, daxili dünyasının gözəlliklərini ortaya çıxarır,  öz ahəngi və cazibəsi ilə tamaşaçıların diqqətini cəlb edir. Bir sözlə, bu zaman dil susur, musiqi danışır, əllər, ayaqlar hərəkət edir, baxışlar, üzün ifadəsi rəqsin məzmununa görə dəyişir. İnsanın zövqünü oxşayan əvəzolunmaz, musiqi və emosional hərəkətlər məcmusu olan rəqslərimiz illər keçsə də, həmişəcavan qalıb. Rəqslərimizi yaşadan, onları həmişəcavan saxlayan məhz bu sənət üçün doğulanlardır. Hansı ki onlar da milli rəqs sənətini öz tələbələrinə, gələcək nəsillərə ötürərək yaşadırlar. Onlardan biri Naxçıvan torpağının yetirməsi olan  Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi, Prezident mükafatçısı, Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblının baletmeysteri Tamerlan Bağırovdur. Onun bu yaxınlarda 70 yaşı tamam olacaq. Ömrünün 50 ildən çoxunu milli rəqs sənətinin yaşadılmasına sərf edən Tamerlan Bağırovla həmsöhbət oluram. 

    – Tamerlan müəllim, heç yaşınızı göstərmirsiniz, bu yaşda belə şux, qamətli, cavan qalmağınızın səbəbi nədir? – deyə ondan soruşuram. Bu suala cavabında tanınmış rəqqas deyir: – Əvvəla, sənətimə olan sevgim, ikincisi də yaşadığım torpağa, Naxçıvana olan məhəbbətim. 
    Qarşımda könül verdiyi sənətin, doğulub, böyüdüyü torpağın sevgisi ilə sanki gündən-günə cavanlaşan bir insan görürəm. Söhbət zamanı öyrənirəm ki, Tamerlan müəllim 1952-ci ildə Naxçıvan şəhərində ziyalı ailəsində anadan olub. Orta təhsilini Naxçıvan şəhər 2 nömrəli tam orta məktəbdə alıb. Rəqsə maraq isə onda elə uşaq yaşlarından başlayıb. Tamerlan müəllim bu barədə geniş danışaraq deyir: 
    – Evimiz Naxçıvan şəhərindəki köhnə Pionerlər Evinin olduğu tərəfdə yerləşirdi. Azərbaycan peşəkar rəqs sənətinin banisi, tanınmış rəqqas Əlibaba Abdullayevin Naxçıvana gəlməsi o zaman mənim həyatımda dönüş nöqtəsi oldu. Həmişə onun rəhbərliyi ilə oynanılan rəqslərə baxırdım. Bir gün məni yanına çağırdı, bir müddət oynanılan rəqsləri izləyəndən sonra məndə də bu sənətə həvəs yarandı. Altı yaşımdan rəqs sənətini öyrənməyə və məşğul olmağa başladım. İlk konsertimi kollektivlə birgə elə altı yaşımda olarkən verdik. 1958-ci ildən 1968-ci ilə qədər Pionerlər Evində əvvəlcə xor dərnəyində, sonra isə rəqs dərnəyində fəaliyyət göstərdim. Həmin illər ərzində o zaman tanınmış bəstəkar Məmməd Məmmədovun Naxçıvan Pioner və Məktəblilər Evində yaratdığı və bədii rəhbərlik etdiyi  “Əlvan çiçəklər” Mahnı və Rəqs Ansamblının solisti olmuşam. O gündən bu günə kimi rəqs kollektivinin rəqqası və baletmeyster köməkçisi, 80-ci illərdən isə baletmeyster vəzifəsində çalışıram. O zaman bir rəqqasın 20 il səhnə ömrü var idi. Təqaüdə çıxdıqdan sonra Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblının baletmeysteri kimi qalmışam, işləmişəm. Heç bir ali təhsil almamışam. Oxumağım üçün təkid də ediblər, amma sənəti üstün tutmuşam. Qastrol səfərlərində olmağı  çox sevirdim. O vaxt bizim qastrollar iki-üç ay çəkirdi. İlin altı, yeddi ayını qastrol səfərlərində keçirirdim. O ölkə yoxdur ki, orada olmayam: İsveçrə, Almaniya, Macarıstan, Polşa, Türkiyə, Rusiya, Gürcüstan, Orta Asiya respublikaları və sair. O dövrdə  rəqsə maraq, tamaşaçının ifaçını qarşılamağı başqa idi. Səhnədə bir rəqsi üç, dörd dəfə alqışla oynayırdıq. Bir gündə  elə olub ki, üç konsert vermişəm. Səhər məktəblilərə, günorta kolxozçulara, axşam da digər tamaşaçılara. Roza Cəlilova, Yuri Davıdov və başqa rəqqas və baletmeysterlərlə işləmiş, Şövkət Ələkbərova,  Nəzakət Məmmədova, Zeynəb Xanlarova, Əlibaba Məmmədov kimi tanınmış musiqi xadimləri ilə birgə konsertlərdə, qastrol səfərlərində olmuşam. Muğamımızın xanı sayılan Xan Şuşinskinin  xüsusi təşəkkürünü almışam. Müxtəlif fəxri fərmanları, yubiley medalları ilə təltif edilmişəm.

    Tamerlan müəllim qeyd edir ki, sevdiyi milli rəqslərdən biri qız və oğlanın müşayiəti ilə ifa olunan “Naz eləmə” rəqsidir: – Bu rəqsdə iki gəncin bir-birinə ülvi məhəbbət hissləri tərənnüm edilir. Bu rəqsin musiqisinin, quruluşunun müəllifi və ilk ifaçısı Əlibaba Abdullayev olubdur. Özümün qurduğum 60-70-ə  yaxın rəqs vardır. “Vətən”, “Azərbaycan”, “Naxçıvan” süitalarını, qızlar üçün lirik rəqslər qurmuşam. Naxçıvan yallılarının digər ölkələrdə təbliğinə çalışmışıq. Filarmoniyada kamera, estrada, simfonik orkestrləri üçün bu gün də rəqs quruluşu verirəm. Hazırda 26-30 rəqs professional səhnədə oynanılır. Baletmeyster kimi balet əsərinə quruluş verir və operalarda balet səhnələrini, xoreoqrafik musiqi nömrələrini qurub hazırlayıram. Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında dahi bəstəkar Üzeyir Hacıbəylinin “Koroğlu”, “Leyli Məcnun” kimi operaların quruluşunu vermişəm. Bildirim ki, rəqs qurulanda anlamı olmalıdır. Tamaşaçı rəqsə baxanda bilməlidir ki, bu rəqs hansı bölgəyə, hansı ölkəyə aiddir. Ona görə mədəniyyət haqqında ümumi anlayışın olmalıdır. Səhnədə rəqsin bir dəqiqəsi insanın  yeddi kilometr qaçışda itirdiyi enerjiyə bərabərdir. Ürək, nəfəs, görkəm lazımdır ki, tamaşaçı rəqsi  qəbul eləsin. Sənət cavanlığı, gözəlliyi sevir.
    Qeyd edim ki, Tamerlan Bağırovun bu günə qədər milli rəqslərimizi öyrətdiyi yüzlərlə qız və oğlan yetişdirmələri vardır. Müsahibim deyir ki, 6-40 yaş arasında tələbələrim olub. Hazırda 18 tələbəm vardır. Tələbələrimin hamısına öz övladım, nəvəm kimi baxmışam. Onları heç bir maddiyyat güdmədən hazırlaşdırıram. Yüzlərlə tələbəm olub, dərs dediklərimdən də bir qəpik tələbim olmayıb, əksinə, çalışmışam ki, həmişə onlara kömək əlimi uzadam. Bu gün xarici dövlətlərdə, Türkiyənin əksər şəhərlərində, Bakıda tələbələrim vardır ki, onlar akademiyada təhsil alır, peşəkar fəaliyyət göstərirlər. 
    Söhbət zamanı öyrənirik ki, Tamerlan Bağırov həm də uşaqlıqdan Azərbaycanın qədim milli zərb aləti olan nağara ifaçılığı ilə də məşğuldur: – Rəhmətlik atamın aldığı  nağara ilə öz üzərimdə işləmişəm. Naxçıvanda yaşayıb-yaradan ustad tarzən Səfər Rəcəbli mənə bu alətdə peşəkar ifaçılığı öyrənməyə kömək edirdi. Naxçıvanın sayılıb-seçilən nağaraçılardan olmuşam. Hazırda “Reyhan” şadlıq sarayının bədii rəhbəriyəm. 70 yaşında toyda nağara çalmaq da yəqin ki nadir görünən hadisələrdən biridir (gülür).
    Tamerlan Bağırov həm də  Azərbaycan mədəniyyətinin beşiyi sayılan Qarabağ torpağını gəzib-görmüş, orada konsert vermişdir. Müsahibim bununla bağlı deyir: – Birinci dəfə 1968-ci ildə Qarabağda səfərdə olmuşam.  İldə iki-üç dəfə oraya qastrola gedirdim. Hər gedəndə də iki-üç ay qədim torpaqlarımızda qalırdım. O yerlərin təbiəti, yaşıllığı, təmiz havası, gözəlliyi məni cəlb edirdi. Bir dəfə Vyetnam Sosialist Respublikasına qastrol səfərinə dəvət olunsam da, bunu qəbul etməyib, Şuşaya, Kəlbəcərə getdim. Ən böyük arzularımdan biri yenidən Şuşanı, işğaldan azad edilmiş digər torpaqlarımızı gəzib-görməkdir. 
    “Tamerlan müəllim, 70 yaşınızda hələ də milli dəyərlərimizin ən gözəl nümunələri olan milli rəqslərimizi təbliğ edir, gəncləri öyrədirsiniz. Bundan sonra hansı planlarınız var?” – sualımı tanınmış rəqqasımız belə cavablandırdı: 
    – Deyim ki, bu yaşıma qədər məni bir çox yerlərə işləməyə dəvət ediblər. Bu sənəti sevdiyimə görə pul düşünməmişəm. Bir də Naxçıvana olan sevgim məni burada yaşamağa, çalışmağa sövq edib. Həm də ona görə ki, uşaqlıq çağlarım burada keçib, bu diyarın çörəyini yemişəm. Hansı ki sənətə, sənətkara dəyər, qiymət verilən bir diyarın. Gücüm çatana qədər də qalıb işləyəcəyəm.
    Qeyd edək ki, Tamerlan Bağırovun xidmətləri dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. Ona 2006 və 2019-cu illərdə Prezident mükafatı, 2007-ci ildə isə “Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi” fəxri adı verilib. Biz də qəzet redaksiyası olaraq Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblının baletmeysteri vəzifəsində çalışan, işlədiyi dövrdə xüsusi istedadı və zəhməti sayəsində süitalar, yallılar, milli rəqslər, eləcə də əcnəbi xalqların rəqslərinə quruluş vermiş, uğur qazanmış Tamerlan Bağırovu 70 illik yubileyi münasibətilə təbrik edir, ona cansağlığı, yeni uğurlar arzulayırıq.

Güntac ŞAHMƏMMƏDLİ 

Nəşr edilib : 10.02.2022 19:08