AZ EN RU

Sənətin kamillik zirvəsi

    Qədim və ulu Naxçıvan torpağı doğma Azərbaycanımızın elm və dövlətçilik tarixinə böyük dühalar bəxş etdiyi kimi, özünün qüdrətli sənət adamları ilə xalqımızın mədəniyyət tarixini də zənginləşdirmiş, həmin tarixə yeni səhifələr yazmışdır. Doğma Naxçıvanımızda bütün sahələrdə olduğu kimi, mədəniyyət sahəsinə də böyük qayğı və dəstək var. Azərbaycan mədəniyyətinin, o cümlədən rəssamlıq sənətinin inkişafında naxçıvanlı rəssamların da özünəməxsus xidmətləri olmuşdur. Təsadüfi deyil ki, Azərbaycanda realist rəssamlıq sənətinin məhz Naxçıvan torpağının istedadlı oğlu Bəhruz Kəngərli ilə başladığı qeyd olunur. XX əsrin 80-ci illərində, eləcə də XXI əsrdə Azərbaycan rəssamlıq və heykəltəraşlıq sənətində özünəməxsus məqama malik sehrli fırça sahiblərindən biri də bütün ömrünü Naxçıvanla bağlamış, Azərbaycanın Xalq rəssamı, gözəl pedaqoq, bu torpaqda özünəməxsus rəssamlıq məktəbini yaratmış Hüseynqulu Əliyevdir.
    O, özünü təsviri sənətin müxtəlif sahələrində rəssam, heykəltəraş, dekorativ-tətbiqi sənət ustası, geyim eskizləri tərtibatçısı kimi təsdiqləyib. Əsərləri ölkəmizdə və onun hüdudlarından kənarda – İran, Türkiyə, Gürcüstan, Türkmənistan, Rusiya, Ukrayna, Koreyada keçirilən sərgilərdə nümayiş olunub.                                
    Dünya estetikasında “Həyat ağacı” deyilən bir mövzu yer tutmaqdadır. Eyni mövzu ilə Xalq rəssamı Hüseynqulu Əliyevin yaradıcılığında qarşılaşırıq. Rəssamın “Həyat ağacı” əsərində, bütövlüklə, köhnə və yeni dünya vəhdət halında canlandırılmışdır. İlk baxışda bütün rəsm əsərinin kökündə qocaman bir ağacın qabıqları, tökülmüş gövdəsi dayanır. Prinsipcə həmin rəsm əsəri öz tamaşaçısına təlqin edir ki, həyat öz axarı ilə davam etməkdədir və həmin qocaman ağacın gövdəsindən göyərmiş yeni budaqlar yeni həyata işarədir. Ağacın yuxarısında yuva qurmuş leyləklər rəsm əsərinə xüsusi canlılıq, həyatilik gətirir. Ümumiyyətlə, Hüseynqulu Əliyevin bu rəsm əsərində hər şey hərəkətdədir. Qocaman ağacın koğuşundan hissələr ayrılıb düşməkdədir. Gövdənin yanlarından çıxan yeni budaqlar səmaya can atmaqdadır. Bu ağaca sığınmış leyləklər uçmağa hazırlaşırlar. Səmada isə buludlar seyrəkləşməkdə və sıxlaşmaqdadır.
    Hüseynqulu Əliyevin sənəti üçün xarakterik olan cəhətlərdən biri də  rəssamın öz  fırçası və rəngləri ilə zamanı qabaqlamasıdır. Onun portret əsərlərinin mövzusu daha çox rəssamın özünə və müasirlərinə həsr edilsə də, biz həmin rəsm əsərlərdə portretləri canlandırılan şəxslərin həyatlarının 20-30 il sonrakı dövrləri ilə qarşı-qarşıya dayanırıq. Təbii ki, belə bir gediş etmək üçün rəssamdan böyük sənətkarlıq tələb olunur. Amma bu cəhət Hüseynqulu Əliyevin sənətində adi hala çevrilib. Məsələn, “Ömür yolu” rəsm əsərinə diqqət edilərsə, görərik ki, portretdə canlandırılan körpələr artıq rəssamın nəvələri deyil, nəticələridir. O nəticələrə baxan Xalq rəssamı isə cəsarətlə özünün 90 yaşında olacaq görkəmini canlandıra bilmişdir. Əslində, bu rəsm əsərinin özü də portret janrındadır və obrazlı şəkildə həmin əsəri “Həyatın portreti” də adlandırmaq mümkündür.
    Heykəltəraş olaraq monumental, dəzgah (büst-portretlər, barelyef, barelyef-pannolar), monumental-dekorativ və dekorativ heykəltəraşlıq (kiçikölçülü plastika) növlərinə müraciət edərək dəyərli sənət nümunələri ərsəyə gətirib. Hüseynqulu Əliyevin heykəltəraşlıq nümunələri Naxçıvan şəhərinin və muxtar respublikanın rayonlarının mənzərəli yerlərini bəzəyir, yerləşdiyi məkanın mahiyyətini açıqlayır. Naxçıvan şəhərinin Koroğlu meydanındakı Koroğlu heykəli dinamik kompozisiyası ilə maraq doğurur. Tuncdan tökülmüş monumental abidə xalq qəhrəmanının əzəmətini nümayiş etdirir. Sənətkar Koroğlunu şaxə qalxan Qıratın üstündə, döyüş zamanı, qələbə anında təsvir edib.
    Şəhidlər xiyabanındakı “Ana” abidəsi professional işləmə tərzi ilə diqqəti cəlb edir. Əsərdə şəhid övladının məzarını ziyarətə gəlmiş ana təsvir olunub. Heykələ baxarkən tamaşaçının gözü önündə şəhid analarının ümumiləşdirilmiş obrazı canlanır.
    Sənətkar, həmçinin monumental dekorativ heykəllərlə (“Fərhad süd arxı çəkərkən”, “Bulaq başında qızlar”) yanaşı, bir çox büst-portretlər, barelyef, dekorativ-barelyef-pannolar, qorelyeflərin, Molla Nəsrəddinlə bağlı hekayələrdən götürülmüş süjetli dekorativ heykəllərin müəllifidir.
    Hüseynqulu Əliyevin rəssamlıqda üstünlük verdiyi janrlar portret, mənzərə, natürmort, tematik tablolar, süjetli kompozisiyalardır. Bir çox rəssamların yaradıcılığında müəyyən rəngə aludəlik hiss edilir, onun palitrası həmin rənglə müəyyən olunur. Hüseynqulu Əliyevin əlvan palitralı əsərlərində belə bir xüsusi aludəlik sezilməsə də, özü ağ rəngi daha çox sevdiyini etiraf edir. Rəssamın fikrincə, ağ rəng işıq, əbədilik, xoş ovqat, təmizlik, sülh rəmzi və bütün rənglərin açarıdır. Çox vaxt rəssamların yaradıcılığında sevimli motiv olur ki, bu da əsərlərin ideyasını açmağa kömək edir. Hüseynqulu Əliyevin əsərlərində  sevimli element at və almadır. Rəssam atı murad, insanın ən yaxın dostu, məğrurluq rəmzi kimi, almanı isə sərvət və məhsuldarlıq simvolu kimi əsərlərində canlandırır. Rəssamın mənzərə janrında çəkdiyi əsərlərindən “Mənim Naxçıvanım” triptixi, “İlanlı dağ”, “Meşə” və başqaları realistliyi ilə tamaşaçını heyran edir.
    Hüseynqulu Əliyevin portret janrında maraqlı əsərləri var.  Böyük ədib Hüseyn Cavidin portretinin koloriti obrazın əhvali-ruhiyyəsinə uyğun seçilib. Əsərdə Cavidin çatılmış qaşları, üzünün ifadəsi, stolun söykənəcəyinə qoyulmuş əlin gərgin vəziyyəti dövrün ictimai-siyasi ədalətsizliyindən yaranan daxili narahatlığı ifadə edə bilib. Rəssam əsərdə böyük şairin daxili xarakterini özünəməxsus ustalıqla təsvir edib.
    Hüseynqulu Əliyevin “Məcnun”, “Azadlıq”, “Mənzərə” adlı rəsm əsərləri Cənubi Koreya Respublikası, Almaniya, Türkiyə və İranda nümayiş olunub. Sənətkar, həmçinin “Həyat”, “Bağda” və sair tematik tabloların, “Yasəmənlər”, “Heykəllə natürmort”, “Dolça və almalar” və digər natürmortların müəllifidir. Hüseynqulu Əliyev teatr-dekor rəssamı, geyim eskizləri tərtibatçısı kimi də fəaliyyət göstərir. 1989-cu ildən 2019-cu ilə qədər Naxçıvan teatrında baş rəssam vəzifəsində çalışmış, burada “Xeyir və Şər”, “Arşın mal alan”, “Afət”, “Hacı Qara”, “Özümüz bilərik” və bir çox başqa  tamaşalara səhnə tərtibatı vermişdir. 2002-ci ildə “Azərbaycan Respublikasının Xalq rəssamı” fəxri adına layiq  görülən Hüseynqulu Əliyev hazırda Naxçıvan Dövlət Universitetinin Təsviri incəsənət kafedrasının professoru vəzifəsində çalışır.
    Onun yetirmələri də sənətdə öz sözlərini deyir, müəllimlərindən öyrəndikləri bilik və bacarığı uğurları ilə təsdiqləyirlər. Azərbaycanın tarixi taleyi, müstəqillik dövrü ilə bağlı  vətənpərvərlik nümunələri yaratmış, Naxçıvanda yeni nəsil rəssamların ustadı və müəllimi olmuş, çoxcəhətli yaradıcılıq qabiliyyətinə malik professional rəssam və heykəltəraş, teatr rəssamlığında öz dəstxətini müəyyən etmiş Xalq rəssamı Hüseynqulu Əliyevə bundan sonra da bu çətin və şərəfli sənət yolunda uğurlar arzulayırıq. 

Toğrul CƏFƏRLİ 
Naxçıvan Dövlət Universitetinin Təsviri 
incəsənət kafedrasının müəllimi

Nəşr edilib : 20.09.2022 19:14