AZ EN RU

Sənətin gücü iki qardaş ölkənin rəssamlarını bir araya gətirdi

    Bu yaxınlarda Naxçıvandan 22 rəssamın iştirak etdiyi Ümummilli Lider Heydər Əliyevin anadan olmasının və Türkiyə Cümhuriyyətinin qurulmasının 100 illiyi,  eyni zamanda Zəfər Günü münasibətilə Çorum və Ərzurum şəhərlərində keçirilən Türkiyə-Azərbaycan qardaşlıq sərgisi maraqlı məqamlarla yadda qalıb. Bununla bağlı Naxçıvandan tədbirə qatılmış iştirakçılarla həmsöhbət olduq.

    Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar rəssamı Ülviyyə Həmzəyeva sərgi barədə təəssüratlarını bölüşərək dedi: “Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin üzvü Nilgün Ayşecik Çevik və  Çorum bələdiyyə başkanı Halil İbrahim bəyin dəvəti ilə keçirilən həmin tədbirdə iştirak etdik. İğdırda ilk olaraq “Şuşa” adlı məktəbin açılışı reallaşdı. Məktəbdə Milli Qəhrəmanımız Mübariz İbrahimova həsr olunmuş bir otaq yaradılıb. Buradakı çıxışımda Mübariz İbrahimovun həyatı barədə ətraflı danışdım. Həmin tədbirdə iştirak etmək mən və sənət yoldaşlarım üçün qürurverici idi. Bu tədbirdən sonra Çorum şəhəri bələdiyyəsinin nəzdində olan qalereyada təşkil edilmiş sərgidə iştirak etdik.  
    Müsahibim onu da diqqətimizə çatdırdı ki, sərgidə Naxçıvandan 40 rəssamın müxtəlif mövzularda işlədiyi rəsm, mis üzərində döymə, taxta üzərində yandırma, miniatür və qobelen sənət növündən nümunələr iştirakçılara təqdim olundu və maraqla qarşılandı:  – Çorum valisi ilə görüşdük və rəssamlarımızın əsərlərindən ona da hədiyyə etdik. Çorum qədim ərazisi,  abidələri olan bir şəhərdir. Rəssamlarımızla  tarixi yerlərə, muzeylərə ekskursiyalar etdik. Çorumda qadınlar üçün bələdiyyə tərəfindən yaradılmış müəssisə var. Qadınlar müəllimlərin yönləndirməsi ilə öz əl işlərini hazırlayır. Buraya axın edən turistlərə də məhz həmin əl işləri hədiyyə edilir. Bizə də onlar tərəfindən hədiyyələr təqdim olundu. Çorum səfəri bizim üçün maraqlı və yaddaqalan oldu. 
    Müsahibimiz onu da vurğulayır ki, Çorumdan sonra Ərzurumda çox qədim tarixi olan qoşa minarəli mədrəsədə də sərgi təşkil olunmuşdu. Orada 80 əl işimizi nümayiş etdirdik.  Sərgi zamanı 44 günlük Vətən müharibəsi qəhrəmanlarının fotokadrlarına baxış oldu. Bununla da Naxçıvan Rəssamlar Birliyi olaraq bu səfərlərlə həm Ulu Öndər Heydər Əliyevin, həm Türkiyə Cümhuriyyətinin 100 illiyini, eyni zamanda Prezident cənab İlham Əliyevin 20 illik fəaliyyətinin işığında Zəfər bayramımızı qeyd etdik. 
    Digər müsahibimiz Naxçıvan Müəllimlər İnstitutunun İncəsənət kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə  doktoru,  Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Həbibə Allahverdiyeva oldu. O bildirdi ki, Çorum və Ərzurum şəhərlərində keçirilən “Türkiyə-Azərbaycan qardaşlıq sərgisi” Türkiyə-Azərbaycan dostluğunun, birliyinin bariz nümunəsi idi. Üç gün davam edən sərgilərdə mənim “Əshabi-kəhf”, müəllim yoldaşlarım Ləman Məmmədovanın “Günəbaxanlar”, Həbib Allahverdiyevin “Narlarla natürmort”, Rübabə İmanlının “Narlar” əsərləri də yer almışdı. Qədim tarixə, mədəniyyətə malik Çorum şəhərinin müxtəlif yerlərinə gəzinti zamanı qədim Hitit mədəniyyəti  tarixi haqqında geniş məlumat, maraqlı bilgilər əldə etdik.  Çorumlu Obası, Gençlik Kamp Mərkəzində sərgidə iştirak edən rəssamlarla görüş keçirildi və bələdiyyə sədri Dr.Halil İbrahim tərəfindən plaket və hədiyyələr təqdim olundu. Ərzurumdakı sərginin açılışında Ərzurum Valisi Mustafa Çiftçi,  Azərbaycanın Qarsdakı Baş konsulu Nuru Quliyev, Naxçıvan  Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, millət vəkili Ülviyyə Həmzəyeva çıxış etdilər. Sərgi çərçivəsində Türkiyə-Azərbaycan dostluq  və qardaşlıq bağlarından, Qarabağ Zəfərindən, iki ölkə arasında keçirilən bu kimi tədbirlərin mədəni əlaqələrin inkişafına verdiyi töhfələrdən danışıldı. Ərzurumun tarixi-memarlıq abidələri, muzeyləri ilə tanışlıq biz rəssamlarda geniş təəssüratlar yaratdı. Bu cür ekskursiyaların  tez-tez təşkil olunması sevindirici haldır.  Ona görə ki,  əl işlərimizi təkcə Azərbaycan daxilində deyil, həm də beynəlxalq səviyyədə tanıda bilirik. Bizə göstərilən qonaqpərvərlik üçün təşkilatçılara dərin minnətdarlığımı bildirirəm.
    Müsahiblərimizin təəssüratları da belə deməyə əsas verir ki, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının və Türkiyə Cümhuriyyətinin qurulmasının 100 illiyinə, eyni zamanda Zəfər Gününə həsr olunan sərgi əsl bayram əhvali-ruhiyyəli, qardaşlıq nümunəsi kimi yadda qalıb.

 Bülbül QULİYEVA

Nəşr edilib : 04.11.2023 18:17