AZ EN RU

Sənətin gücü iki qardaş ölkənin rəssamlarını bir araya gətirdi

Naxçıvanlı rəssamlar Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi, eyni zamanda Türkiyə Cümhuriyyətinin qurulmasının 100 illiyi münasibətilə Çorum şəhərində Türkiyə-Azərbaycan qardaşlıq sərgisində iştirak ediblər. 
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin üzvü Nilgün Ayşecik Çevik bildirib ki, belə tədbirlər hər iki qardaş ölkə arasında mədəni bağların daha da möhkəmlənməsinə xidmət edəcək. Nilgün Ayşecik Çevik sərgi iştirakçılarını təbrik edib, uğurlar arzulayıb.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, əməkdar rəssam Ülviyyə Həmzəyeva bələdiyyə sədrinə xatirə hədiyyələri təqdim edib. İştirakçılar arasında Naxçıvan Müəllimlər İnstitutu İncəsənət fakültəsinin kafedra müdiri, rəssam Həbibə Allahverdiyeva, Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsinin dekanı, əməkdar rəssam Cavid İsmayılov, Çorum Bələdiyyəsinin sədri Halil İbrahim Aşqın çıxış ediblər. İştirakçılar diqqətə çatdırıblar ki, Türkiyə ilə Azərbaycanın tarixən mövcud olan dostluq, qardaşlıq əlaqələrindən söz açıblar. Qeyd edək ki, sərgidə Naxçıvan Rəssamlar Birliyindən qırx rəssamın 100 ədəd müxtəlif mövzularda işlədiyi rəsm, mis üzərində döymə, taxta üzərində yandırma, minatür və qoblen sənət növündən nümunələr sərgi iştirakçılarına təqdim olunur. Nəzərə çatdıraq ki, sərgi 3 gün davam edəcək. 

Nəşr edilib : 28.10.2023 15:43