AZ EN RU

Sənət məbədimiz 140 illik yubileyini bir sıra uğurlarla qeyd edir

    Bu il Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrının 140 yaşı tamam olur. Ötən illər ərzində naxçıvanlı və Naxçıvana qonaq gələn teatrsevərlər qarşısında mühüm xidmət göstərmiş bu sənət məbədi şərəfli yol keçmiş, milli teatrımıza verdiyi töhfələrlə böyük bir missiyanı yerinə yetirmişdir. Elə teatrın direktor müavini, Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Səməd Canbaxşiyev ilə söhbətimiz də bu barədədir.

    Səməd müəllim bizimlə söhbət zamanı diqqətə çatdırdı ki, teatrın 140 illik yubileyi ilə bağlı bir il öncədən plan və proqramları hazırlanıb. Müsahibimizdən bu mövzuda ətraflı danışmasını xahiş etdik: – Onlardan biri Naxçıvan teatrında yaxşı tamaşaları hazırlamaq və tamaşaçı önünə professional şəkildə çıxmaqdan ibarətdir. Bu istiqamət üzrə planlarımıza uyğun tamaşalar hazırladıq və bu il Naxçıvan teatrı üçün ilk 6 ay çox səmərəli oldu. Belə ki, ilk dəfə 6 ay ərzində bilet satışı ilə, ümumilikdə, 50-yə yaxın tamaşamızla səhnəyə çıxdıq. Qeyd edim ki, bunlardan 3-ü Türkiyədə, 46-sı muxtar respublikada olub. Bu rəqəmlər çox böyük göstəricidir. Fürsətdən istifadə edib teatra olan bu sevgi və diqqət üçün muxtar respublika sakinlərinə, teatrsevərlərə öz minnətdarlığımı bildirirəm. 
    Həmçinin diqqətinizə çatdırım ki, teatrımızda daha dörd tamaşa hazırlanaraq təhvil verilib. Onlardan ikisi repertuarda olan Aqşin Babayevin Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Xilaskar”, Mirzə Fətəli Axundzadənin “Lənkəran xanının vəziri” tamaşalarıdır. Repertuardan kənar isə Mehmet Ümid Görgülünün “Cibimizdəki dəlilik” və Viktor Hüqonun “Edam məhkumunun son günü” tamaşaları 6 ay ərzində hazırlanıb tamaşaçılara təqdim olunub.
    Onu da qeyd edim ki, hazırda iki tamaşa – Elçinin “Şekspir” və Molyerin “Skapenin kələkləri” əsərləri üzərində çalışırıq. Bu əsərlər tamaşaçılara sentyabr ayından, yəni yaradıcılıq mövsümündən sonra təqdim olunacaq. Daha bir tamaşamızın da məşqləri gedir. Bu isə Pərvin Ünalpın “Spiral” əsəridir.
    Bu gün teatrda çox böyük bir canlanma olduğunu diqqətimizə çatdıran Səməd Canbaxşiyev deyir ki, bunun səbəbi yaxşı kadrların teatra cəlb olunması ilə bağlıdır. Çünki hər şeyi yaxşı, çalışqan kadrlar həll edir. Teatrımıza yeni təyin olunan baş rejissor Mir Qabil Əkbərov Azərbaycanda ən gənc baş rejissor olmasına baxmayaraq, həm də çox istedadlıdır.
    Səməd müəllim Naxçıvan teatrının uzun müddət sonra baş tutan qastrol səfərindən də danışdı: – Ən son qastrol 2019-cu ildə bir günlüyə Qarsda olub. Amma bu cür geniş, uzun müddətdə qastrol səfərimiz olmamışdı. Türkiyəyə səfərə Məhəmməd Ümid Görgülünün və Rasim Aşının dəvəti ilə getmişdik. Qastrola da Rasim Aşının 8-ci Beynəlxalq Dionis Teatr Şənliyi və Təlimi Düşərgəsinə dəvət almışdıq. Biz də ora Naxçıvan teatrının “Cibimizdəki dəlilik” əsəri ilə 10 nəfərlik heyətlə qatıldıq. Burada bir ilk kimi “zeybək”oyununun musiqilərindən istifadə edərək bu oyunu Azərbaycan teatrına ilk dəfə gətirdik. Rəqslərin quruluşu teatrımızın əməkdaşı, aktrisa Ləman Əliyevanın idi. Tamaşanı Sardesdə açıq səma altında oynadıq. Bu da tamaşa tariximizdə bir ilk idi. Bizi fərəhləndirən məqamlardan biri də o idi ki, qardaş ölkənin teatrsevərləri tərəfindən çox yaxşı qarşılandıq. Dionis Teatr Şənliyi və Təlimi Düşərgəsində izləyicilərin, demək olar ki, çoxu Türkiyənin ən tanınmış sənət adamları idi. Tamaşaları 400-dən çox teatrsevər izləyirdi. Daha sonra Sardes qəsəbəsində folklor nümunələrimizdən olan “xınayaxdı” mərasimini və “kos-kosa” oyununu təşkil etdik. Həmçinin nümayiş etdirdiyimiz “Tənzərə” yallısı da izləyicilərdə böyük maraq yaratdı. Səfər zamanı insanlar bizə yaxınlaşır və Azərbaycan incəsənəti ilə maraqlanırdılar. Biz də çalışırdıq ki tamaşalarla yanaşı, incəsənətimiz haqqında da zəngin təəssürat yaradaq. Xüsusən də fəaliyyət göstərdiyimiz Naxçıvan teatrı barədə geniş məlumatlar verir, sənət məbədimizə olan dövlət qayğısından söhbət açırdıq. Səmimi söhbət zamanı onu da qeyd etdik ki, bu il Naxçıvan teatrının 140 illiyi tamam olur. Bu, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin 100 illik yubileylərinə təsadüf edir. Bura gəliş səbəbimizin də əsasında bu yubileylərin qeyd olunması dayanır. Həmin festivaldan sonra avqust ayının 15-dən 17-nə kimi qardaş ölkənin Foça şəhərinə səfərimiz baş tutdu. Bildirim ki, Foça zəngin turizm potensialına malik kurort, istirahət şəhəridir. Orada “Cibimizdəki dəlilik” tamaşasını səhnələşdirdik. Xüsusi olaraq qeyd edim ki, Türkiyənin Naxçıvandakı Baş Konsulluğunun dəstəyi ilə bizim bütün xərclərimiz qarşılandı. Naxçıvanda fəaliyyət göstərən bir neçə şirkət də bizə köməklik göstərdi. O da qürurverici oldu ki, bu səfərimizdə İzmirlə Naxçıvan arasında mədəni əlaqələr quruldu. Qastrol səfərimizdən sonra Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən Türkiyənin Baş konsulu Asip Kaya teatrımızda olub səfər proqramımızla yaxından maraqlandı. 
    Səməd müəllim söhbətinə belə davam edir: – 18-23 avqust tarixlərində teatrın heyəti geri qayıtsa da, mən qalmalı oldum. Foça şəhərində təşkil olunmuş Beynəlxalq II Meddah və Masal festivalına dəvət edildim. Qeyd edim ki, bu festival Türkiyədə hazırda bir qədər zəifləmiş məddahlıq sənətinin yenidən inkişaf etdirilməsi məqsədilə təşkil olunur. Məddahlıq mövzusu ilə ötən il ilk dəfə tanış olub, bu il bir neçə mövzu üzərində işləmişdim. Türkiyədə bu çox yaxşı sənət növüdür və istəyərdik ki, Naxçıvanda da bu sənəti inkişaf etdirək. Bir mənbədən məlumdur ki, vaxtilə Naxçıvanda da məddahlıq sənət növü olubdur. Bu sənətin unudulmasına əsas səbəb onların dini mövzularda olduqları, milli qürur, milli mənsubiyyət məsələlərini önə çəkdikləri üçün ideologiyanın təsirinə məruz qalmasıdır.
    Səməd müəllim diqqətə çatdırdı ki, festivalda Kazım Qarabəkir Paşa və Naxçıvan teatrı mövzularında danışdım. Çıxışım Türkiyədəki tamaşaçılar tərəfindən daha maraqla dinlənildi. Bu da təsadüfi deyildi, çünki 1918-ci ildə Kazım Qarabəkir Paşa Türk-İslam ordusu ilə gəlib erməni dəstələrini məhv etdikdən sonra həmin illərdə teatrla da maraqlanmışdır. Onun həmin illərdə teatra qayğısı, Namiq Kamalın “Vətən və Silistirə” əsərini təqdim etməsi, ona bir qədər rejissorluq etməsi, səhnə tərtibatı, hətta geyimlərlə bağlı verdiyi məsləhətlər, ümumilikdə, Naxçıvanda gördüyü işlərlə bağlı çıxışım hamıda heyrət doğurdu. Çünki hər kəs onu türk ordusunda böyük şücaət göstərən, qəhrəmanlıq nümayiş etdirən paşa kimi tanıyırdı. İzah etdim ki, Qarabəkir Paşa həm də rəssamlıq sənəti ilə məşğul olub. Azərbaycanın dahi dramaturqu Hüseyn Cavidlə dost olub, hətta Hüseyn Cavid ona şeir yazmışdı. Bununla yanaşı, çıxışımda iki qardaş dövlət arasında sıx münasibətlər, Naxçıvan şəhərində Kazım Qarabəkir Paşanın adını daşıyan məscidin açılması, Ümummilli Lider Heydər Əliyevin açılışda şəxsən iştirak etməsi barədə də bəhs etdim. 
    Bu müddət ərzində internet üzərindən yayımlanan üç verilişdə də qonaq qismində iştirak etdim. Buradakı fəaliyyətimiz yerli medianın da diqqət mərkəzində idi. 
    Söhbətinə davam edən Səməd Canbaxşiyev dedi ki, bu gün iqtisadiyyat ölkəmizin əsas dayağı olsa da, mədəniyyət xalqımızın tarixidir. Əgər tariximizi yaşatmaq istəyiriksə, mədəniyyətin bir qolu olan teatrdan da bəhrələnməliyik. Onların da əsas hədəfi iki qardaş ölkə arasında mədəni əlaqələri birgə inkişaf etdirmək, orada fəaliyyət göstərən yaradıcı heyətin də muxtar respublikaya qastrol səfərlərinə nail olmaqdır. 
    Söhbətimizin sonunda Səməd Canbaxşiyev bildirdi ki, Azərbaycan Respublikası mədəniyyət nazirinin əmri ilə Naxçıvan Dövlət Milli Dram Teatrı, Naxçıvan Dövlət Kukla Teatrı, həmçinin ölkəmizin bir sıra teatrlarının nəzdində teatr studiyaları yaradılıb. Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində teatrların maddi-texniki bazasının möhkəmləndirilməsi, yaradıcılıq potensialının inkişaf etdirilməsi məqsədilə atılan bu addım regionlarda teatr sahəsində kadr probleminin aradan qaldırılmasını təmin edəcək. 
    Bununla bağlı artıq Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında “Təməl” Teatr Studiyası yaradılıb. Studiyanın üzvü olacaq yeniyetmə və gənclər bir dərs ili müddətində burada aktyor sənəti, səhnə danışığı, plastika və ritmika və teatr tarixi və nəzəriyyəsi ixtisaslarından dərslər və təlimlər alacaqlar. Təlim-dərsləri də teatrın peşəkar və təcrübəli aktyorları tədris edəcəklər. Eyni zamanda Bakıdan və Türkiyədən ustad dərsləri keçmək üçün mütəxəssislər də dəvət olunacaq. 
    Təlim-dərslərin sonunda kursu uğurla bitirən müdavimlərə sertifikatlar veriləcək və onların iştirakı ilə hazırlanan tamaşa teatrın repertuarına salınacaq. 
    Biz də, öz növbəmizdə, 140 illiyini qeyd edən teatra bundan sonrakı fəaliyyətində uğurlar diləyir, naxçıvanlı teatrsevərlərə mədəni xidmət göstərilməsində müvəffəqiyyətlər arzulayırıq.

Aidə İBRAHİMOVA

Nəşr edilib : 31.08.2023 20:34