AZ EN RU

Sənayeləşmə siyasətinin davamlılığı makroiqtisadi inkişafın hərəkətverici qüvvəsi kimi

    Azərbaycan Respublikasının dövlət siyasəti iqtisadiyyatın hərtərəfli inkişafının təmin edilməsini, o cümlədən yüksək texnologiyalar əsasında sənayenin dinamik inkişafını və şaxələndirilməsini nəzərdə tutur. Uğurla həyata keçirilən bu siyasət nəticəsində yüzlərlə sənaye müəssisəsi müxtəlif təyinatlar üzrə tikilib istifadəyə verilmiş və xeyli sayda yeni iş yerləri yaradılmışdır.

    Son illərdə Azərbaycan Respublikasının regionlarının sosial-iqtisadi və mədəni inkişafına dair rəqabətədavamlı müxtəlif prosesli sənaye məhsulları istehsalının ahəngdarlığının və səmərəliliyinin təmin edilməsi məqsədilə sənaye parklarının yaradılması istiqamətində mühüm tədbirlər görülür. Belə ki, istehsal proseslərinin aparılması və təşkili, xərclərin səviyyəsinin aşağı salınması, kommersiya əlaqələrinin sürətləndirilməsi, kiçik və orta sahibkarlıq fəaliyyətinin daha da inkişaf etdirilməsi və digər məsələlərin düzgün həll edilməsi baxımından sənaye məhəllələri xüsusi əhəmiyyətə malikdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 13 may tarixli Qərarı ilə sənaye məhəllələrinin yaradılması sahibkarlıq fəaliyyətinin müntəzəm davam etdirilməsi ilə bağlı olan müəyyən məsələlərin tənzimlənməsi istiqamətində “Sənaye məhəllələri haqqında Nümunəvi Əsasnamə”yə müvafiq olaraq kiçik və orta sahibkarlığa dövlət dəstəyinin göstərilməsi sənaye məhəllələrinin təşəkkülü prosesində stimullaşdırıcı mövqe tutur.
    Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 13 sentyabr tarixli Fərmanına əsasən Naxçıvan Muxtar Respublikasında Şərur Sənaye Məhəlləsi yaradılmışdır. Belə sənaye məhəllələrinin yaradılmasında əsas məqsəd bu istiqamətdə sahibkarlıq fəaliyyətinin dövlət tərəfindən dəstəklənməsi, kiçik və orta sahibkarlıq fəaliyyətinin sürətli inkişafı, müxtəlif sənaye və xidmət sahələrinin daimi inkişafı üçün əlverişli mühitin yaradılmasının təmin edilməsi, əhalinin sənaye məhsulu istehsalı, müxtəlif iş və xidmətlər sahəsində məşğulluq fəaliyyətinin artırılmasından ibarətdir. Mülkiyyət formasına görə dövlət tərəfindən idarə olunacaq Şərur Sənaye Məhəlləsinin yaradılması prosesi daxili və xarici bazarın konyukturasına uyğun məhsul istehsalı və satışı, həmçinin sənaye məhsulu istehsalının perspektiv fəaliyyətinə, rəqabətqabiliyyətli stimullaşdırıcı tədbirlərin kompleks həyata keçirilməsinə, əsas istehsal vasitələrindən səmərəli istifadəyə və beləliklə, sənayenin dayanıqlı inkişafının tənzimlənməsinə imkan verəcək. Reallaşan bu iqtisadi siyasət yeni formalaşan təsərrüfat strukturlarının çoxalması mikro və orta sahibkarlığın gücləndirilməsi və şaxələnmiş dinamik inkişafı özəl sektorun əhəmiyyəti və rolunun müntəzəm artması ilə müşayiət olunacaq. Belə ki, müasir innovasiyalı iqtisadiyyatda, mütərəqqi texnologiyalar əsasında qurulmuş, mövcud dünya standartlarının tələblərinə cavab verən belə müasir müəssisələr yalnız iqtisadi cəhətdən deyil, həmçinin əhalinin məşğulluğu və yeni iş yerlərinin açılması ilə sosial vəziyyət baxımından da çox mühüm əhəmiyyətə malikdir.
    Şərur rayonundakı sənaye məhəlləsi müxtəlif istehsal korpuslarından ibarət olacaq. Bu sənaye məhəlləsində ofis ləvazimatları, mebel, ayaqqabı, bitki yağı və corab istehsalı sahələrinin yaradılması nəzərdə tutulub. Bu isə adıçəkilən məhsulların idxalının azaldılmasına təkan verəcək. Həmçinin rəqabət qabiliyyətinin və ixracın artırılmasına, əhalinin məşğulluğunun təmini, mütərəqqi texnologiyanın tətbiqi və investisiyaların cəlb edilməsi kimi prioritet funksiyaların yerinə yetirilməsinə stimul yaradacaq.
     Qeyd edək ki, bu ərazidə sənaye məhəlləsinin yaradılması iqtisadi cəhətdən çox əlverişlidir. Belə ki, Şərur rayonu mükəmməl nəqliyyat və rabitə infra­strukturuna, elektrik enerjisinə giriş imkanlarına və əmək qabiliyyətli işçi qüvvələri resurslarına malik olan bir ərazidir. Elə bu baxımdan ayrılmış ərazidə müxtəlif şirkətlərin bir-biri ilə yaxın məsafədə yerləşdirilməsi, kommunal və təhlükəsizlik xidmətləri, ümumi infrastruktur, yanğınsöndürmə və ərazilərin ümumi olması istehsal prosesinin ardıcıl və zəncirvari getməsi ilə istehsal edilən məhsulların maya dəyərinin aşağı düşməsinə səbəb olacaq. Bütün bunlarla yanaşı, Şərur Sənaye Məhəlləsi investisiya qoyuluşlarının davamlı inkişaf etməsini, həmçinin kiçik və orta sahibkarlıq müəssisələrinin daimi mənfəət əldə etməsi imkanlarını genişləndirməklə muxtar respublika iqtisadiyyatının daha da sürətli inkişafına əlverişli şərait yaradacaq, eyni zamanda sənayedə işgüzar fəallığın yüksəlməsinə və sahibkarlıq fəaliyyətinin daha sürətli inkişafına stimul verəcəkdir.
    Şərur Sənaye Məhəlləsi muxtar respublikanın perspektiv iqtisadi inkişafına, sosial məsələlərin həllinə müasirliyi, mütərəqqi texnologiyaları və sürətli texniki-iqtisadi yanaşmaları özündə əks etdirməklə əhəmiyyətli təsir göstərəcəkdir. Düşünülmüş iqtisadi və sosial strategiyanın layiqincə həyata keçirilməsi muxtar respublikamızın dayanıqlı və özünəməxsus inkişaf yolunda daha da fərqlənməsinə səbəb olacaq. 
    Xatırlatmaq yerinə düşər ki, 14 dekabr 2020-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən imzalanan müvafiq Sərəncamla Naxçıvan Dövlət Universitetində Texnologiyalar Parkının yaradılması da bu istiqamətdə həyata keçirilməsi nəzərdə tutulmuş tədbirlərin reallaşdırılmasını təmin edəcək. Texnologiyalar Parkının yaradılmasında əsas məqsəd elmlə istehsalatın qarşılıqlı əlaqəsinin qurulmasına şərait yaratmaq, istehsalatı innovativ ideyalar əsasında inkişaf etdirmək və elmi tədqiqatların səmərəliliyini yüksəltməkdən ibarətdir. Burada tələbələr, tədqiqatçılar, yaradıcı gənclər təmsil olunacaq. Belə ki, texnopark yeni ideyalar, layihələr, səmərəli təkliflər, müxtəlif meyarlar, perspektiv nəticələr və təşəbbüslər mərkəzi olmaqla, eyni zamanda iqtisadiyyatın sahə strukturları üçün səmərəliliyin yüksəldilməsi prosesinin sürətləndirilməsini təmin edəcək. Hətta təsərrüfat subyektlərinin məhsul, iş və xidmətlər mexanizminin inkişaf etdirilməsi, iqtisadi fəallığın təmin olunması və nəhayət, dayanıqlı biznes mühitinin yaradılmasında Texnologiyalar Parkının səmərəli nəticələrini müşahidə etmək mümkün olacaq.
    Əminliklə demək olar ki, Şərur Sənaye Məhəlləsi özünün səmərəli fəaliyyəti ilə yerləşdiyi ərazinin, yerli əmək və təbii ehtiyatlarını dövriyyəyə cəlb etməklə regionun sosial-iqtisadi və perspektiv inkişafına öz töhfəsini verəcək.

Nuriyyə İBRAHİMOVA 
Naxçıvan Dövlət Universitetinin
Mühasibat uçotu və maliyyə 
kafedrasının dosenti

Nəşr edilib : 01.12.2022 20:18