AZ EN RU

Sənaye məhsullarının həcmi ümumi daxili məhsulda ilk yeri tutur

    Naxçıvan Muxtar Respublikası zəngin sənaye potensialına malikdir. Muxtar respublikanın təbii sərvətləri hələ ötən əsrdən başlayaraq burada mineral sular, daşduz, travertin və digər sahələrin sənaye üsulu ilə istehsalına imkan verib. Lakin ötən əsrin səksəninci illərinin sonu, doxsanıncı illərin əvvəllərində məlum durğunluq digər sahələr kimi, sənaye istehsalına da öz mənfi təsirini göstərib. Əlavə olaraq  muxtar regionun blokadaya salınması yerli məhsulların istehsalına öz mənfi təsirini göstərib. Lakin Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan milli inkişaf strategiyası və iqtisadiyyata yeni yanaşmalar region sənayesinin də dirçəldilməsinə töhfəsini verib. Tədricən yerli müəssisələrin yaradılması muxtar respublikada idxal olunan məhsulların həcmini ildən-ilə azaldıb. Hazırda isə muxtar respublikada 384 növdə məhsul istehsal olunur ki, bunun da 127 növü ərzaq, 257 növü isə qeyri-ərzaq məhsullarıdır. Əhalinin 108-i ərzaq, 242-si qeyri-ərzaq olmaqla, 350 növdə məhsula olan tələbatı yerli imkanlar hesabına ödənilir.
    Sənaye məhsullarının istehsalı müasir dövrdə iqtisadiyyatın əsas sahəsini təşkil edir. Burada isə ən böyük rolu özəl sektor oynayır. Təsadüfi deyil ki, bu gün istehsal olunan sənaye məhsulunda özəl bölmənin payı 92,3 faiz təşkil edir. Bu faiz həm də onu göstərir ki, muxtar respublikada sənaye sahibkarlığına böyük maraq var və dövlətin də dəstəyi nəticəsində sənaye sahəsində çalışan sahibkarlar tərəfindən hər il yeni istehsal sahələri yaradılır. Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin məlumatına görə hazırda muxtar respublikada yaranan ümumi daxili məhsulun tərkibində ilk yer sənaye sahəsinə aiddir. Statistikaya görə, sənaye üzrə 2022-ci ilin yanvar-noyabr aylarında 1 milyard 26 milyon 196 min 200 manat dəyərində məhsul istehsal edilmişdir ki, bu da 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,3 faiz çoxdur.

Səbuhi HƏSƏNOV

Nəşr edilib : 11.01.2023 20:06