AZ EN RU

Sənaye iqtisadiyyatın lokomotividir

Naxçıvanda bu sahə yeni inkişaf mərhələsinə qədəm qoyub

    İqtisadi inkişafın lokomotivi sayılan sənayenin inkişafının muxtar respublikamızda yeni mərhələyə qədəm qoyması, bu sahədə uzun illər aparılan islahatlar, yeni yaradılan istehsal müəssisələri və bununla həm də məşğulluğun təmin edilməsi belə deməyə əsas verir ki, bir vaxtlar aqrar region kimi tanınan qədim diyarımız artıq güclü sənaye potensialı olan bir məkana çevrilib. Fevralın 4-də Naxçıvan Biznes Mərkəzində muxtar respublika sahibkarları ilə keçirilən görüşdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov bununla əlaqədar bildirdi ki, sənayenin uğurlu inkişafı birbaşa sahibkarlıq fəaliyyəti ilə bağlıdır. Məhz bu səbəbdəndir ki, muxtar respublikada istehsal edilən sənaye məhsulunun 93 faizi özəl bölmənin payına düşür. Sənaye sahəsində rəqabətqabiliyyətli və ixracyönümlü məhsul istehsalının təşviqi, innovasiyalara əsaslanan yeni müəssisələrin qurulması və uğurların artırılması üçün 2022-ci il muxtar respublikada “Sənaye ili” elan edilmiş, bununla bağlı Tədbirlər Planı təsdiq olunmuşdur. “Sənaye ili”ndə muxtar respublikanın aid dövlət qurumları və sahibkarlıq müəssisələri qarşısında mühüm vəzifələr durur. Redaksiyamızın bugünkü qonaqları ilə söhbətimizi də bu istiqamətdə qurmağa çalışmışıq. 

    İlk sualımız Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin direktoru, iqtisad üzrə fəlsəfə doktoru, dosent Mehriban İmanovayadır.
    – Mehriban xanım, uzun illərdir ki, bir mütəxəssis kimi iqtisadiyyatın muxtar respublika modelinin, o cümlədən sənayenin inkişaf istiqamətlərinin araşdırılması ilə məşğulsunuz. Bu inkişafda başlıca amillər barədə nə deyə bilərsiniz? 
    – Ümummilli liderimiz Heydər Əliyevin yaratdığı möhtəşəm milli inkişaf strategiyasının uğurla davam etdirildiyi muxtar respublikada müstəqillik illərində diyarımız böyük sosial-iqtisadi nailiyyətlərə imza atıb və digər iqtisadi rayonlardan önə keçib. İqtisadi islahatları genişləndirən muxtar respublika bu müddət ərzində qarşıya qoyduğu sistemli, kompleks, strateji hədəflərin bütün komponentlərini tam uğurla reallaşdıra bilib. Bu hədəflərin reallaşmasında ölkədə aparılan iqtisadi siyasətin davamı kimi muxtar respublikamızda da tarazlı sosial-iqtisadi inkişafı tənzimləyən Dövlət proqramlarının uğurla icra edilməsi olub. Çünki sosial rifahla inkişafın sıx əlaqəsi, onun vahid məqsəd çərçivəsində inteqrasiyası iqtisadi siyasətlərə də dərindən təsir edir. Məqsəd muxtar respublikanın iqtisadi potensialının səfərbər edilərək tam hərəkətə gətirilməsindən, iqtisadi resursların dövriyyəyə cəlb olunmasından ibarət idi. Bu illər ərzində Naxçıvan siyasi və iqtisadi modernləşmənin həyata keçirilməsində çox qətiyyətli addımlar atdı, təbii-iqtisadi, texniki-istehsal və elmi-texniki potensial fəal surətdə təsərrüfat dövriyyəsinə cəlb edildi. Bunun məntiqi nəticəsi olaraq iqtisadiyyatın bütün sahələrində olduğu kimi, sənayenin inkişafında da böyük uğurlar qazanıldı, bu vacib sahə yeni inkişaf mərhələsinə qədəm qoydu. Əsas hədəflər yeni meyarlara cavab verən müəssisələrin yaradılması, onların texnoloji dəyişikliklərə, qlobal çağırışlara uyğun qurulması, istehsalın dinamikasına təsir edən yeni qabaqcıl müəssisələrdə tətbiq olunan texnologiyanın əhatə dairəsinin daha da genişləndirilməsindən ibarət idi. Görülən məqsədyönlü tədbirlərin nəticəsi 2004-cü illə müqayisədə 2021-ci ildə ümumi daxili məhsulun 13 dəfə, adambaşına düşən  məhsul istehsalının 11 dəfə artması ilə özünü göstərdi. Davamlı dövlət dəstəyi sayəsində muxtar respublikanın sənaye quruculuğunda diqqətəlayiq uğurlara nail olundu və bu, sənaye məhsulları istehsalının həcminin 42 dəfə artması ilə səciyyələndi. Onu da qeyd edim ki, 2021-ci ildə muxtar respublikada sənayenin ümumi inkişafını əks etdirən əsas göstərici kimi 1 milyard 69 milyon 655 min 700 manat dəyərində məhsul istehsal olunub. Ümumi daxili məhsulun tərkibində də ilk yeri 27,1 faizlə sənaye sahəsi tutub.
    – Məhz bu amillər hesabına muxtar respublika sənayesində əldə edilən nailiyyətlər ilbəil artır, bütün sahələrdə əhalinin yerli istehsal məhsullarına olan tələbatının daxili imkanlar hesabına ödənilməsi üçün məqsədyönlü tədbirlərin həyata keçirilməsi diqqət mərkəzində saxlanılır.
    Elnur Mahmudov – Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi Sənaye şöbəsinin müdiri: 
    – Bu deyilənləri digər faktlar da təsdiqləyir. Bu illər ərzində yüzlərlə sənaye müəssisəsi inşa edilib, bu sahədə güclü potensial yaradılıb. Bu cəhətdən ötən ili daha uğurlu illərdən biri kimi xarakterizə etmək olar. Bəhs edilən dövrdə qazanılmış uğurlar, iqtisadi artım tempi sənayenin yeni inkişaf mərhələsinə qədəm qoymasına gətirib çıxarıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2022-ci ili muxtar respublikada “Sənaye ili” elan etməsi əslində gözlənilən idi. Çünki muxtar respublika iqtisadiyyatında sənaye sektorunun inkişafı prioritet sayılır. 
    Ümumi daxili məhsul üzrə ən yüksək artım 2014-cü ildə 29,3 faizlə əldə edilib. Bu göstərici 2015-ci ildə 28,7 faiz, 2016-cı ildə 27,8 faiz, 2021-ci ildə isə 27,1 faiz olub. 2021-ci ildə sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 3 milyard manatdan artıq təşkil edərək əvvəlki illə müqayisədə 2,4 faiz artıb. 2022-ci il üzrə muxtar respublikanın makroiqtisadi proqnoz göstəricilərində ümumi daxili məhsulun sahə strukturunda sənayenin ümumi payı 27,4 faiz planlaşdırılıb.
    Eltun İbrahimov – AMEA Naxçıvan Bölməsi İqtisadiyyat şöbəsinin müdiri, iqtisad üzrə fəlsəfə doktoru:
    – Muxtar respublikada sənaye müəssisələrinin sayının artırılması və onların infrastrukturunun genişləndirilməsi diqqət mərkəzində saxlanılır. Bunun ifadəsidir ki, sənayenin əsas hissəsini təşkil edən emal sənayesində çörəkbişirmə, şəkər, mineral su, spirtli içkilər, siqaret, plastik qapı və pəncərə, plastik su boruları, hörgü və döşəmə üçün kərpic, üzlük daş, sement, gips, gips lövhələr, əhəng, məsaməli beton, karbon qazı, metaləritmə və onlarla digər istehsal sahələri yaradılıb. Bu müəssisələrdə daxili bazarla yanaşı, ixracyönümlü məhsullar istehsal olunur. Ən əsası da son illərdə muxtar respublikanın böyük sənaye müəssisələrində daxili və xarici bazar üçün müasir standartlara uyğun olan mal və məhsullar özünə xeyli istehlakçı qüvvəsi qazanıb. Qeyd etmək lazımdır ki, bu sənaye müəssisələri xarici ölkələrdən gətirilmiş yüksəkkeyfiyyətli avadanlıqlarla təmin olunub. 
    Növbəti sualımızı diyarımızda sahibkarlıq fəaliyyəti ilə məşğul olan, bu sahənin inkişafına göstərilən qayğıdan bəhrələnən “Şərur-3” Məhdud Məsuliyyəti Cəmiyyətinin mühəndisi Fikrət Əhmədova ünvanlamaq istərdik: 
    – Artıq tam formalaşmış, özünə geniş alıcı kütləsi qazanmış “Şərur-3” Məhdud Məsuliyyəti Cəmiyyətinin fəaliyyəti barədə nə deyə bilərsiniz?
    – Bu müəssisə yaradıldığı gündən hərtərəfli dövlət qayğısı ilə əhatə olunub. Ümumi sahəsi 4950 kvadratmetr olan müəssisə üçün yeni bina tikilib, ən müasir istehsal avadanlıqları quraşdırılıb. Sahibkarlığın İnkişafı Fondu tərəfindən ayrılan kredit və şəxsi vəsait hesabına yaradılan müəssisədə emal bölməsi, istehsal, qablaşdırma, meyvə və bitki cövhərlərinin saxlanılması sahələri, laboratoriya, iş otaqları, hazır məhsul və xammal anbarları vardır. İstehsal prosesi tamamilə avtomatlaşdırılıb.  
    İstehsal gücü saatda 2 min butulka olan müəssisədə 25-ə yaxın çeşiddə likörlər, araqlar və xüsusi araq istehsal edilir. Xammal kimi muxtar respublikada bitən və yetişən kəklikotu, baldırğan, zirinc, qara tut, heyva, şaftalı, ərik və albalıdan, eləcə də yüksəkkeyfiyyətli spirtdən istifadə olunur. Məhsul gümüş filtrdən keçirilərək standartlara uyğun süzülür. Müxtəlifölçülü şüşə butulkalarda qablaşdırılan içkilər lazımi laboratoriya analizlərindən keçirildikdən və keyfiyyətinə müvafiq qaydada zəmanət verildikdən sonra satışa buraxılır.
    2015-ci il dekabr ayının 14-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri istehsal prosesinin ardıcıl texnoloji tələblər əsasında aparılması, keyfiyyətə daim nəzarət edilməsi, daxili bazarın tələbatının ödənilməsi və ixrac imkanlarının yaradılması barədə verdiyi tapşırıqların yerinə yetirilməsi müəssisədə yeni uğurlar qazanılmasına stimul olub. Belə uğurlar muxtar respublikada bütün istehsal müəssisələrinə göstərilən qayğı hesabına qazanılır. 
    – Bir az əvvəl ötən dövr ərzində muxtar respublikada çoxlu sənaye istehsalı müəssisələrinin fəaliyyətə başlaması və iqtisadiyyatımıza böyük gəlir gətirməsi barədə fikirlər səsləndi...
    Elnur Mahmudov: 
    – Bu istiqamətdə atılan addımların davamı olaraq ötən il muxtar respublikada 142 sənaye müəssisəsi açılıb, mövcud sənaye müəssisələrinin istehsal gücləri genişləndirilib. Bu müəssisələr arasında “Gəmiqaya Plastmas Kapsul və Qapaq” Məhdud Məsuliyyətli Cəmiyyətinin yeni çeşiddə plastmas kapsul və qapaq istehsalı sahəsi, Duzdağda açılan yeni şaxta, “Naxçıvan Xalça və İplik İstehsalı Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyətinin istehsalat korpusunda 7 müxtəlif təyinatlı müəssisə və “Naxplast” Məhdud Məsuliyyətli Cəmiyyətinin polietilen məmulatlar istehsalı sahəsi yerli tələbatın ödənilməsi ilə bərabər, ixrac potensialının güclənməsinə, yeni iş yerlərinin açılmasına öz töhfəsini verib. 2021-ci ildə yeni sənaye sahələrinin yaradılması və fəaliyyətlərinin stimullaşdırılması məqsədilə Sahibkarlığın İnkişafı Fondu tərəfindən 6 layihənin maliyyələşdirilməsinə 191 min 500 manat kredit ayrılıb. Sənayeni inkişaf etdirmək üşün isə bank və kredit təşkilatları tərəfindən təsərrüfat subyektlərinə 2021-ci ildə 11 milyon 276 min manat kredit verilib; cari ilin yanvar-mart aylarında da yeni sənaye sahələrinin yaradılması diqqətdə saxlanılıb, mebel, süd məhsulları, çörək istehsalı sahələri fəaliyyətə başlayıb, bəzi məhsulların emalı sahələrinin yaradılması davam etdirilib.
    – Ölkəmizdə yeni yaradılmağa başlayan sənaye parkları barədə fikirlərinizi bilmək istərdik. 
    Mehriban İmanova: 
    – Ölkəmizdə sənaye məhəllələrinin yaradılması Azərbaycan Respublikası Prezidentinin “Sənaye məhəllələrinin yaradılması və fəaliyyətinin təşkili haqqında” 2014-cü il 8 oktyabr tarixli Fərmanı ilə müəyyən edilib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 13 may tarixli Qərarı ilə Sənaye məhəllələri haqqında nümunəvi əsasnamə təsdiq olunub. 
    Bu istiqamətdə görülən işlərin davamı olaraq Prezident cənab İlham Əliyev 2019-cu il 13 sentyabr tarixdə Naxçıvan Muxtar Respublikasında Şərur Sənaye Məhəlləsinin yaradılması haqqında Fərman imzalayıb. 
    Mülkiyyətinə görə dövlət tərəfindən qurulacaq və idarə olunacaq Şərur Sənaye Məhəlləsinin yaradılması göstərilən hərtərəfli xidmət, stimullaşdırma tədbirlərinin həyata keçirilməsi ilə rəqabətqabiliyyətli, daxili və xarici bazarın tələbatına uyğun məhsul istehsalına,  istehsalın perspektiv fəaliyyətinə, istehsal vasitələrindən effektiv istifadəyə və beləliklə, sənayenin kompleks inkişafını tənzimləməyə imkan verəcək. Bu iqtisadi siyasətin reallaşması formalaşan təsərrüfat strukturlarının artması, kiçik sahibkarlığın genişlənməsi və dinamik inkişafı, özəl sektorun rolunun getdikcə artması ilə müşayiət ediləcək. Mövcud dünya standartlarına uyğun olaraq mütərəqqi texnologiyalar əsasında qurulmuş belə müasir müəssisələr yalnız iqtisadi cəhətdən deyil, həm də yeni iş yerlərinin açılması ilə sosial baxımdan da mühüm əhəmiyyət daşıyır. 
    Şərur rayonundakı 6 istehsal korpusundan ibarət sənaye məhəlləsində ilkin olaraq bitki yağı, ofis ləvazimatları, kağız-torba və corab istehsalı sahələrinin yaradılması nəzərdə tutulub. Bu, həmin məhsulların idxalının azaldılmasında mühüm rol oynamaqla, ixracın və rəqabət qabiliyyətinin artırılması, məşğulluğun təmini, investisiyaların və müasir texnologiyaların cəlb edilməsi kimi prioritet vəzifələrin həyata keçirilməsində xüsusi əhəmiyyətə malikdir. Beləliklə, Ali Məclisin Sədri cari ildə müasir çağırışlar nəzərə alınmaqla muxtar respublikanın aid dövlət qurumları və sahibkarlıq müəssisələri qarşısında konkret vəzifələr qoyub. Əminik ki, bu vəzifələrin uğurla həyata keçirilməsi və icrası “Sənaye ili”nə əhəmiyyətli töhfələr verəcəkdir.
    Eltun İbrahimov: 
    – Müasir dünyada sənayenin inkişafı elmdən kənar təsəvvür oluna bilməz. İnkaredilməz faktdır ki, elmin və texnologiyanın inkişafına görə fərqlənən ölkələr sənaye məhsulu istehsalında xeyli önə çıxıblar. Sənaye-elm əlaqələrinin əsas önəmini qısa xarakterizə etsək, bu, rəqabətqabiliyyətli iqtisadiyyat, hərtərəfli böyümə, iş yerlərinin yaradılması, keyfiyyətli həyat, mühüm tədqiqatlara investisiyaların cəlb olunması deməkdir. Əgər elmə yönələn investisiyalar artırsa, bu universitetlər, tədqiqat institutları və özəl sektor arasında ciddi bağların formalaşmasına gətirib çıxarır. Muxtar respublikada da bu gün əsas diqqətdə saxlanılan məsələ gələcəkdə elmin nailiyyətlərinin istehsala və texnologiyaya tətbiq olunmasıdır. Yeri gəlmişkən qeyd edim ki, Naxçıvan Dövlət Universitetində Texnologiya parkının yaradılmasını elm və sənayenin qarşılıqlı vəhdətini göstərən ən bariz nümunə hesab edə bilərik. Məlum olduğu kimi, dünyanın bir sıra universitetlərində texnoparklar fəaliyyət göstərir. Muxtar respublikada bilikli və innovativ ideyalı gənclərin düşüncələrini və layihələrini dəstəkləmək üçün müxtəlif layihələr icra olunur, innovasiya laboratoriyaları yaradılıb istifadəyə verilir. Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi gənc və yeniyetmələrin istedadlarının önə çıxarılması, startap təşəbbüslərinin dəstəklənməsi və yeni ideyaların reallaşdırılması baxımından mühüm addım hesab olunur. İnnovativ cəmiyyətdə yeni texnologiyaların inkişafı ilə informasiya sektoru, insan kapitalı və ixtisaslı əmək amili mühüm əhəmiyyət kəsb edir, təhsilin davamlılığı ön plana çıxır, yeni informasiya magistralları yaradılır, elektron ticarət kimi yeni biznes növləri meydana gəlir. Sənaye sahəsində istifadə olunan insan və maşın gücü informasiya cəmiyyətində, tədricən, öz yerini düşüncə və ağlın gücünə verir.
    – “Sənaye ili”nə yeni töhfələr verəcək Şərur Sənaye Məhəlləsində yeni açılacaq istehsal sahələrindən biri də karton tara və kağız paket istehsalı sahəsi olacaq. 
    Fikrət Əhmədov: 
    – Muxtar respublikada və ölkənin digər bölgələrində karton taraya və kağız paketə olan tələbatın yerli istehsal hesabına ödənilməsi məqsədilə fəaliyyət göstərəcək yeni istehsal sahəsi muxtar respublikada sahibkarlığın inkişafına göstərilən daha bir qayğının ifadəsidir. “Şərur-3” MMC-nin nəzdində, Şərur Sənaye Məhəlləsində fəaliyyət göstərəcək müəssisənin günlük istehsal gücü birnövbəli iş rejimi ilə 52 min karton tara, 240 min ədəd kağız paketdir. Sahibkarlığın İnkişafı Fondunun güzəştli krediti ilə Türkiyə Respublikasından avadanlıq və Rusiya Federasiyasından xammal alınacaq. Bu istehsal sahəsinin yaradılmasında məqsəd daxili bazarın qorunması, yeni iş yerlərinin açılmasıdır. İlkin olaraq yeni istehsal sahəsində 6 işçinin çalışması nəzərdə tutulub. Sonrakı mərhələlərdə müəssisənin fəaliyyətinin genişləndirilməsi məqsədilə yerli mütəxəssis potensialından istifadə olunacaq. İstehsal zamanı ekoloji təhlükəsizlik tədbirləri diqqətdə saxlanılacaq. 

    Sözsüz ki, 2022-ci ilin muxtar respublikada “Sənaye ili” elan olunması bu sahədə rəqabətqabiliyyətli və ixracyönümlü məhsul istehsalının təşviqinə, innovasiyalara əsaslanan yeni müəssisələrin qurulmasına və həmçinin yeni məhsul növlərinin istehsalına şərait yaradacaq, daxili bazarda belə məhsulların bolluğu təmin olunacaq. Ali Məclis Sədrinin dediyi kimi: “Sənaye müəssisələri, ilk növbədə, daxili bazarı yerli istehsal məhsulları ilə təmin etməlidir. Bu gün ölkəmizdəki sabitlik və inkişaf, sahibkarlara göstərilən dövlət qayğısı, verilən kreditlər və daxili bazarın qorunması imkan verir ki, yeni sahibkarlar formalaşsın, kiçik müəssisələr inkişaf edərək böyük sənaye müəssisələrinə çevrilsinlər”. 
    Redaksiyamızın qonaqları ilə söhbətdə muxtar respublikamızda sosial-iqtisadi inkişafı çox düzgün ifadə edən bir ifadə bir daha təsdiqləndi: Naxçıvan modeli. Bu gün o modelin yeni səhifələri yazılmaqdadır və biz də vaxtaşırı olaraq bu mövzuya qayıdacağıq.

Muxtar MƏMMƏDOV
Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti

Nəşr edilib : 19.04.2022 18:30