AZ EN RU

“Sən qalibsən Azərbaycan” adlı tədbir keçirilib

Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində Naxçıvan şəhər 5 nömrəli körpələr evi-uşaq bağçasının təşkilatçılığı ilə 28 May – Müstəqillik Gününə həsr olunmuş “Sən qalibsən Azərbaycan” adlı tədbir keçirilib. Əvvəlcə  Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin əməkdaşı Məmməd Bayramov bildirib ki, şəhid ailələrinə dövlətimiz tərəfindən hər zaman qayğı göstərilir və şəhidlərin xatirəsi daim uca tutulur. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi məqsədilə ümumtəhsil məktəblərində sinif otaqlarına şəhidlərin adları verilir, məktəblilərin vətənpərvərlik hisslərinin yüksəldilməsi məqsədlə gənclərin çağırışaqədərki hazırlıq dərslərinin tədrisi qazilərimizə həvalə olunur. Nazirlik tərəfindən keçirilən müsabiqələrdə, həmçinin işlə təminatda şəhid ailələri və qazilərə üstünlük verilir. Bugünkü tədbirin keçirilməsində əsas məqsəd şəhidlərimizin xatirǝsini dərin hörmətlə yad etmək, qazilərimizin şücaətlərini gənc nəslə aşılamaqdır.

“Ləzzət Qrup” Məhdud Məsuliyyətli Cəmiyyətinin əməkdaşı Sara Rzayeva bildirib ki, dövlət-xalq-ordu birləşərərək 30 il işğal altında olan torpaqları düşmən tapdağından azad etdi. Naxçıvanın igid oğullarının  da qəhrəmanlığı dillərə dastan oldu. Bu gün artıq onların ruhu şaddır.

Tədbirdə Naxçıvan şəhər 5 nömrəli körpələr evi-uşaq bağçasının müdiri Cəmilə Hüseynova vurğulayıb ki, ölkəmizdə uşaqların sağlam, hərtərəfli, Vətənə layiqli övladlar kimi böyümələri üçün hər cür şərait yaradılıb. Uşaq ailənin, xalqın, dövlətin ən qiymətli sərvətidir. Bu qiymətli sərvəti fiziki və mənəvi cəhətdən sağlam, cəmiyyətə faydalı vətəndaş, Vətənə sadiq övlad kimi böyütmək çətin və məsuliyyətli olduğu qədər də şərəfli bir işdir. Gələcəyimizi bugünkü uşaqlara əmanət edəcəyik, onların düzgün tərbiyə olunmasına hər zaman diqqətli və məsuliyyətli olmalıyıq.

Sonra şəhid valideynlərinin çıxışları dinlənilib.

Tədbirin bədii hissəsində şəhid ailələrinə vətənpərvərlik ruhunda şeir, mahnı və rəqs nümunələri nümayiş edilib.

Bülbül QULİYEVA

Nəşr edilib : 24.05.2024 16:16