AZ EN RU

Sən heç zaman sönməyən Günəşsən, türkün qadını

Zaman gəldi, əlinə qılınc alıb döyüş meydanında cəngavər oldun. Qana doymayan düşmənin başını sözünlə kəsdin. Nüşabə olub dünyanın fatehinə ləl-cəvahiratı qızıl sinidə təqdim etdin, övladın yad əllərdə əsir olarkən hər biriniz bir ana, hər biriniz bir Burla xatın oldunuz Turala. Bəzən Atabəyə Möminə xatın olub adına şərəf abidəsi ucaltdırdın. Bəzən simi qaçmış kamana Məhsəti Gəncəvi nəğməsi, bəzən Sara xatına ağ atın vəfası oldun. Koroğluya Nigar, Nəbiyə Həcər, İlhama Fərizə oldun. Sən heç zaman sönməyən Günəş olub bu yurda yenidən doğdun. Vaxt oldu oğluna dayaq olub dövləti idarə etdin. Elə gün oldu ki, təkbaşına ordunu toplayıb məğlubedilməz qalanın müdafiəsinə qalxdın. Vaxt oldu göylərə ucalan təyyarənin qanadında döyüşlərə qatıldın. Sən müstəqillik arzusu ilə meydana çıxan oğullarla bir olub güllələrə sipər oldun. Sən tək yadigarın nişan üzüyünü silahla dəyişib, soyuq qış gecələrində çıraq işığında yun corab toxuyub, gündüzlər güllə yağışı altında çətinliklə tapdığın undan çörək bişirib səngərdəki əsgərə göndərib, özün ac yatdın. “Ac qalaq, ancaq Vətənsiz qalmayaq”, – dedin. Sən, azərbaycanlı qadını namusuna xələl gəlməsin deyə, qucağındakı körpənin səsini düşmən eşidib sizi əsir almasın deyə, körpəni öz əlinlə əbədi susdurub, qayaların başından uçuruma atıb canına qıydın. Soyuq, şaxtalı qış gecəsində yurdundan çıxmaq məcburiyyətində qalanda əynində nə varsa öz körpənə bələyib özün buz kəsildin. Sən cənnət Qarabağın əldən getməsin deyə, qanlı döyüşə girib, bir parçanı Qarabağda torpağa tapşırıb bədəninin yarısı ilə qayıtdın evinə.
Sən bu Vətən var olsun deyə, canından əziz balanı bir ovuc torpağa qurban dedin. Özün  Vətən uğrunda şəhid olan övladının  məzarına torpaq atıb, başı üstə qürurla dayanıb düşmənə gözdağı verdin. Şəhid anası, şəhid yarı adını ləyaqətlə daşıyıb, özün öz yarının tabutunu çiyninə alıb dünyaya kim olduğunu sübut etdin. Sən böyütdüyün övladlarla Banuçiçəyin, Tomrisin, Nüşabənin, Sara xatının, Aləmşahbəyimin, Həcərin davamçısı olduğunu göstərdin. 
“Sən  madar balanı Vətənə qurban verib oğlumun bəy paltarı  Şuşada, Xocalıda dalğalanan  bayraqdır, oğlumun bəy xonçası Qubadlıda, Laçında, Zəngilanda  açan çiçəklərdir”, – deyəndə, böyütdüyün oğullar sənin illər öncə tapdalanan namusunu öz qanı ilə pak edib, düşməndən qisasını alanda,  biz bir ölüb min dirilən millətik deyəndə, əcdadının adını ləyaqətlə daşıyıb türkün qadınının necə böyük, məğlubedilməz olduğunu  sübut etdin. Oğulların üçrəngli bayrağı qeyrət rəmzimiz Şuşada dalğalandıranda, Xankəndidə düşmənin tabutuna son mismarı vuranda dünya gördü türkün qadınının necə yenilməz olduğunu. 


Ramiyyə ƏKBƏROVA

Nəşr edilib : 08.03.2024 10:57