AZ EN RU

Sən elə bir zirvəsən...

Heydər Əliyev zirvəsindən baxanda Qalib, Zəfər qazanmış Azərbaycan görünür

     Qüdrətli dövlət xadimi, uzaqgörən siyasətçi, Ulu Öndər! Həmişə dövlətinə, xalqına qəlbən bağlı olmusan, millətimin maraqlarını ən yüksək kürsülərdə müdafiə etmisən, həyat amalın, məqsəd və məramın canından çox sevdiyin, qibləgahın bildiyin Azərbaycan olub. Şəriksiz örnəksən, nümunəsən, ən əsası Zəfər qazanmış bu yenilməz xalqın Ümummilli Liderisən!
    Öndərim, bu il hər bir yurdsevər azərbaycanlı yüzillik yubileyinə töhfə vermək amalı ilə yaşayır, xalqımız qarşısındakı xidmətlərini, dövlətçiliyimizin xilası, əbədiliyi naminə gördüyün işləri, parlaq şəxsiyyətini, ümummilli arzularını rəssam fırçası, tarixçi elmi əsəri, jurnalist isə araşdırma, publisistik materialı ilə təsvir edir. XXI əsrin qüdrətli, güclü, regionda lider olan Azərbaycanı bizə əmanət etmisən. Bu dövlətin güclü dayaqlarını, özülünü qurmusan, konturlarını işləyib hazırlamısan. Cənubi Qafqazın lideri olan ordunun təməl daşlarını atmısan, təbii sərvətləri iqtisadi gücə, iqtisadi müstəqilliyə yönləndirməyin yollarını müəyyən etmisən, vətənpərvər, elinə-obasına bağlı, dostunu, düşmənini yaxşı tanıyan, erməni işğalına son qoyan gəncliyə qayğının müəllifi olmusan və ən əsası XXI əsrin siyasətçisini – Müzəffər Lider cənab İlham Əliyevi müasir Azərbaycanın siyasi həyatına bəxş etmisən. 
    Sənin ailəndə böyüyüb boya-başa çatan, ata vəsiyyətinə əməl etməyi qarşısına məqsəd qoyan layiqli davamçın səbirlə, təmkinlə müəyyən etdiyin yolla gedərək dünya azərbaycanlılarının vahid arzusunu gerçəyə çevirdi, ürəyi Qarabağ eşqi ilə döyünən, qəlbində dünya boyda Şuşa sevgisi daşıyan millətimin arzularını çin etdi. XXI əsrin sərkərdəsini Zəfər yolundan uzaqlaşdırmaq, ona mane olmaq, işğalla barışmağa məcbur etmək istəyən nə çox qüvvə var idi. Həyatın qaydası budur: yollar hamar olanda qət edilən məsafə insana mənasız, asan gəlir. Amma çətinliklərə sinə gərib düzləri-dərələri min bir zəhmətin sonunda başa vuranda gedilən yolun qiyməti, dəyəri də insan üçün ayrı bir əhəmiyyətə malik olur. Cənab İlham Əliyev xalqımız üçün müqəddəs olan ata vəsiyyətini yerinə yetirmək yoluna çıxanda onun arxasındakı ən böyük güc, qüvvə, dayaq məhz elə Azərbaycan xalqı oldu.
    Böyük Öndər! Xalq bilirdi ki, ümummilli arzulara çatmaq, Qarabağ nisgilinə son vermək üçün Heydər Əliyev siyasətinə, Onun nəhəng ideallarına sığınmaq lazımdır. Bu illər ərzində iqtisadi müstəqillik ordumuzun gücü ilə birləşdi. Təqvimin bir günündə belə ordu cənab İlham Əliyevin diqqətindən kənarda qalmadı. Dünyanın aparıcı hərb sənayesində tətbiq olunan yeniliklər Azərbaycana gətirildi, mütəxəssislər hazırlandı, müdafiə sənayesi sahəsində yeniliyə nail olundu – silah-sursat istehsalına başlanıldı. Torpaqlarının 20 faizi işğal altında olan bir ölkə üçün bu, hərbi sahədə inqilab, yeni eranın başlanğıcı idi. Dünya yeni reallıqlarla idarə olunur, güc amili bütün platformalarda öz sözünü deyir. “Əgər güclüsənsə, sözün də, imzan da qüdrətlidir” anlayışı reallığa çevrilib. Biz də həm 30 illik münaqişəni sülh yolu ilə həll etmək missiyasını öz üzərinə götürənlərə, həm də mənfur düşmənə vaxt versək də, hərbi potensialımızı, gücümüzü hər keçən gün artırırdıq, son sözü Ali Baş Komandan və onun əmrlərinə daim müntəzir olan ordu məhz döyüş meydanında deyəcəkdi. 
    Müzəffər Ordunun banisi, müstəqillik illərində silahlı qüvvələr həm də məqsəd və məramı aydın olan şəxsi heyətlə güclənmişdi. Vətəndən əyninə parça biçən, bayrağı əbədi don bilən Vətən qeyrətli ölümsüzlər Qarabağı, Şuşanı görməsələr də Vətən dərsi keçmişdilər. Heç bir maneə, “keçilməz sədd” onların qarşısını ala bilməzdi. Mənfur düşmənin törətdiyi bütün təxribatların, cinayətlərin cavabını verməyin vaxtı gəlib çatmışdı. 44 günün hər anında Azərbaycan əsgəri Vətənin hər bir qarışı uğrunda mübarizə aparıb əfsanəyə çevrildiyi, sadə döyüş vasitələri ilə dünya hərb tarixinə qızıl hərflərlə düşəcək igidlik göstərdiyi halda, qorxaq, rəzil düşmən fərarilik edib döyüş meydanından qaçmaqla, ona təhkim olunmuş silah-sursatı hara gəldi atıb dəf olmaqla məşğul idi. Müstəqillik illərinin gəncləri qanları ilə tarix yazırdı. Torpağın həqiqi sahiblərinin soyuq Kəlbəcər dağlarından oxuduğu Zəfər çələngi – “Vətən yaxşıdır” nəğməsi xan Arazın sığal çəkdiyi, vüsal, həsrət körpüsü Xudafərində əks-səda verirdi. Qazan xan, Bamsı Beyrək, Koroğlu, Babək qeyrətli oğullar gələcək nəsillər üçün tarix dərsliyi yazdılar. Obrazlı desək, bu kitabdakı hadisələr Azərbaycanın döyünən ürəyi Qarabağda baş verir, əsas qəhrəman Azərbaycan əsgəri, zaman 44 günü əhatə edir, sonda xeyir şər üzərində şanlı Zəfərə imza atır, özgə torpağında gözü olan uşaq qatilinin, işğalçının, barbar qüvvənin başına “Dəmir yumruq” endirilir.
    Böyük dövlət xadiminin “Arzu edirəm ki, sizinlə birlikdə gedək Şuşaya. Gedəcəyik! İnanın ki, gedəcəyik! Şuşa Azərbaycanın gözüdür” müdrik kəlamı Azərbaycan əsgəri, xalqı üçün müqəddəs and yeri olmuşdu. Və 2020-ci il noyabrın 8-də, tarixi Şuşa şəhərində ay-ulduzlu bayrağımız göylərə ucalanda, Müzəffər Lider Sənin məzarın üstünə gəlib Qələbə sorağını çatdıranda 44 günlük şanlı Zəfər yürüşü başa çatmış, müqəddəs vəsiyyətinə əməl olunmuşdu. XXI əsrin Azərbaycanı Günəş kimi dünyaya doğmuşdu. Adının qarşısını yeni epitetlər bəzəyirdi: Qalib Azərbaycan, Zəfər qazanmış Azərbaycan! Otuz il ərzində torpağımızı murdarlayan, dini-mədəni abidələrimizə barbar münasibət bəsləyib onları talan edən düşməndən fərqli olaraq doğma od-ocağımıza sahib çıxdıq. Sevinc, qürur və fəxarət dolu göz yaşları ilə məmləkətimizin qanayan yarasına məlhəm olduq, Vətənə sarıldıq, babalarımızdan bizə miras qalan qurub-yaratmaq, tikmək, ucaltmaq ənənəsinə sadiq qaldıq. Çünki biz əsrlərdən bəri zamanla qol-boyun gələn Xudafərin körpüsünü, Möminə xatın, Qarabağlar türbəsini inşa edən memarların övladlarıyıq. Qarabağı da kərpic-kərpic ucaldırıq, hava limanları, yollar, körpülər tikib istifadəyə veririk, üçrəngli bayrağın ucalığından güc alıb işğaldan azad olunmuş Talış, Ağalı kəndlərinə yeni həyat, nəfəs, körpə səsi, müqəddəs məscidlərimizə azan səsi qaytarırıq.
    Müzəffər xalqın Müzəffər Lideri müharibədən sonrakı duruşu, iradəsi, qətiyyəti, möhtəşəm idarəetmə bacarığı ilə siyasi platformada da öz sözünü deyir. Düşmənin istər cəbhədə, istərsə də danışıqlar masasındakı bütün təxribat planlarını alt-üst edir. Qazanılan parlaq Qələbəyə görə hər yerdə son sözü biz deyirik, şərtləri biz müəyyən edirik. Qarabağdakı qanunsuz erməni silahlı birləşmələri, eləcə də orada məskunlaşan erməni əsilli Azərbaycan vətəndaşları üçün çərçivə hər keçən gün daralır, qondarma ordu tezliklə bu torpaqlardan rədd olacaq, mülki əhali isə Azərbaycan bayrağı altında Azərbaycan qanunları ilə yaşayacaqlar. Bunu bir başqası yox, “Sözümüz imzamızdır”, – deyən cənab İlham Əliyev diktə edir. O isə hər zaman verdiyi vədlərə sadiq qalır. Mənfurlar bilsinlər ki, tarixi şəhərimiz olan İrəvanda keçirilən hansısa musiqi platformasında təlxəklik edib Azərbaycanın Dövlət Bayrağını yandırmaqla iş bitən deyil. Bu o bayraqdır ki, bu yaxınlarda Laçın-Xankəndi yolunun başlanğıcında quraşdırılan sərhəd-buraxılış məntəqəsində gözünüzə ox kimi batır, bu o bayraqdır ki, tezliklə İrəvanda dalğalanacaq.
    Tarixi yaxşı bilən tarixi şəxsiyyət, fenomen insan! Fəxr et, qürur duy XXI əsrin Qalib Azərbaycanı ilə. Tarix haqqın, ədalətin tərəfində oldu, günahsız insanların qanı yerdə qalmadı. Bir əsr soyqırımı siyasəti yürüdüb bizə məxsus torpaqlarda “böyük Ermənistan” yaratmaq xülyası ilə yaşayan xəstə təfəkkürlü topluma tarix dərsi keçdik. Böyük Zəfərə Heydər Əliyev ucalığından baxanda Qələbəmiz çox əzəmətli, möhtəşəm görünür. Dövlətçilik tariximizin ən güclü Azərbaycanına və onun memarına eşq olsun!!!
 

Muxtar Rzazadə
Məqalə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının

100 illiyi münasibətilə keçirilən “Dahilik zirvəsi” esse müsabiqəsinə təqdim edilir

Nəşr edilib : 03.05.2023 22:21