AZ EN RU

Seminar-müşavirə keçirilib

    Naxçıvan Müəllimlər İnstitutununda “Təhsilalanların elmi-tədqiqat fəaliyyətinin təşkili vəziyyəti və qarşıda duran vəzifələr” mövzusunda növbəti seminar-müşavirə keçirilib. 
    Tədbiri giriş sözü ilə açan institutun rektoru Azad Novruzov bildirib ki, respublikamızda elmin inkişafı dövlət siyasətinin əsas prioritetlərindən biridir. Həmçinin elm və təhsilin inteqrasiyasının təmin edilməsi, yüksəkixtisaslı elmi kadrların hazırlanması sisteminin təkmilləşdirilməsi qarşıda duran əsas vəzifələrdəndir. 
    Rektor vurğulayıb ki, institutda  tələbələrin Tələbə Elmi Cəmiyyəti xətti ilə elmi-tədqiqat işlərinə cəlb edilməsi, magistratura, doktorantura və dissertantura yolu ilə elmi kadr hazırlığı keyfiyyətcə yeni səviyyəyə qaldırılır, mütəmadi olaraq gənc tədqiqatçılar üçün ixtisasartırma kursları və elmi-praktik konfranslar təşkil edilir, onların ölkə və beynəlxalq elmi layihələrdə iştirakı təmin edilir. Rektor tədbirin əhəmiyyətini xüsusilə qeyd edərək bildirib ki, bu istiqamətdə atılan hər bir addım bugünkü Tələbə Elmi Cəmiyyəti üzvlərinin sabahın alimləri kimi yetişdirilməsi işinə xidmət edir. 
    İnstitutun elmi katibi, dosent Qurban Qurbanlının “Naxçıvan Müəllimlər İnstitutunda təhsilalanların elmi-tədqiqat fəaliyyətinin təşkili vəziyyəti və qarşıda duran vəzifələr”, Riyaziyyat və onun tədrisi metodikası kafedrasının müdiri, professor Yaqub Məmmədovun “Tələbə və magistrantların elmi-tədqiqat işlərinə verilən tələblər və onların təmin edilməsi yolları” mövzularında çıxışları olub. Diqqətə çatdırılıb ki, bu gün institutun 250-dək tələbə və magistrantı Tələbə Elmi Cəmiyyəti xətti ilə elmi-tədqiqat fəaliyyətinə cəlb edilib.
    Sonra Riyaziyyat-informatika müəllimliyi ixtisası üzrə IV kurs tələbəsi, Tələbə Elmi Cəmiyyətinin sədri Aysun Nağdəliyevanın “Naxçıvan Müəllimlər İnstitutunun Tələbə Elmi Cəmiyyəti: 2021-2022-ci tədris ilinin I yarımilinin yekunları və qarşıda duran vəzifələr” mövzusunda çıxışı dinlənilib. 
    Seminar müzakirələrlə davam edib, mövzu ilə bağlı tələbələri maraqlandıran suallar cavablandırılıb. Naxçıvan Müəllimlər İnstitutunda 2021-2022-ci tədris ilinin yaz semestrində TEC-in fəaliyyət qrafiki müəyyənləşdirilib.

Naxçıvan Müəllimlər İnstitutunun mətbuat və ictimaiyyətlə 
əlaqələr xidməti

Nəşr edilib : 30.03.2022 19:32