AZ EN RU

Seminar-məşğələ keçirilib

    Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən nazirliyin 2022-ci ilə dair iş planının icrası ilə əlaqədar aidiyyəti orqanlarla qarşılıqlı əməkdaşlıq fəaliyyəti davam etdirilir. Bu məqsədlə mərkəzin ekspertləri tərəfindən Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbində peşə hazırlığının artırılması kursuna cəlb olunmuş yol-patrul xidmətinin əməkdaşları üçün “Nəqliyyat vasitələrinin idarə edilməsində təhlükəsizlik tədbirlərinin praktikası” mövzusunda seminar-məşğələ keçirilmişdir.
    Tədbiri giriş sözü ilə Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis kapitanı Ayaz İsmayılov açaraq Məhkəmə Ekspertizası Mərkəzi ilə əməkdaşlığın əhəmiyyətini qeyd etmiş, mövzunun aktuallığı haqqında məlumat vermişdir. 
    Mərkəzin Yol-nəqliyyat hadisələri ekspertizası bölməsinin eksperti,                    I dərəcəli ədliyyə qulluqçusu Azər Abdullayev yol-nəqliyyat hadisələrinin başvermə səbəbləri, nəqliyyat vasitələrinin istismar qaydaları və  nəqliyyat vasitələrinin təhlükəsiz idarə edilməsi üsulları barədə məlumat vermişdir. Ekspert qeyd etmişdir ki, bu gün piyadaların yola daxil olarkən sərnişinlərin nəqliyyat vasitəsilə gedərkən və nəqliyyat vasitəsindən düşərkən, eyni zamanda sürücülərin yol hərəkəti qaydalarına, ən önəmlisi təhlükəsizlik qaydalarına əməl etmələri insanların həyat və sağlamlıqları üçün olduqca zəruridir.
    Mərkəzin Yol-nəqliyyat hadisələri ekspertizası bölməsinin böyük eksperti, I dərəcəli ədliyyə qulluqçusu Məhəmməd Həşimov çıxış edərək bildirib ki, yol-nəqliyyat hadisələrinin təhlilinə əsasən hadisələrin əksəriyyəti sürücülərin avtomobili qeyri-normal idarə etməsi və yol hərəkəti qaydalarına əməl etmə­məsi nəticəsində baş verir. Ona görə də sürücülər yol hərəkəti qaydaları ilə bağlı biliklərini təkmilləşdirməlidirlər. 
    Sonda yol-patrul xidmətinin əməkdaşlarının maraqlandıqları suallara aydınlıq gətirilmişdir.

Naxçıvan Muxtar Respublikası
Ədliyyə Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 16.11.2022 21:36