AZ EN RU

Seminar keçirilib

    Naxçıvan Muxtar Respublika Xəstəxanasında Türkiyə Respublikasının Diclə Universitetinin Uşaq Sağlığı və Xəstəlikləri bölümünün  professoru, həkim-pediatr İlyas Yolbaşın iştirakı ilə seminar keçirilib. 
    Seminarda muxtar respublikanın səhiyyə müəssisələrində çalışan neonatoloqlar, pediatrlar, ailə həkimləri və Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin tələbələri iştirak ediblər. Seminardan sonra iştirakçıların uşaq sağlamlığı ilə bağlı sualları cavablandırılıb. 
     Bildirək ki, təlimlər üç ay davam edəcək və sonda iştirakçılara sertifikatlar veriləcək. 
    Təlimdən sonra professor İlyas Yolbaşla həmsöhbət olduq. O bildirdi ki, qardaş ölkədə olmaqdan  çox məmnundur.  Burada olacağı üç ay ərzində Tibb fakültəsində uşaq xəstəlikləri barədə mühazirələr oxuyacaq. Həkim onu da qeyd etdi ki, səhiyyə ocaqları ilə tanış olub: “Xəstəxanalar çox yaxşı qurulub. İmkanlar genişdir. Burada istənilən əməliyyatı icra etmək üçün imkan var”. Həkim onu da bildirdi ki, Naxçıvan Sağlamlıq Mərkəzində xəstə qəbulu da həyata keçirir. 
    Professor İlyas Yolbaş diyarımızla bağlı təəssüratlarını belə ifadə etdi: “Naxçıvan türk xalqları üçün dəyərli bir məkandır”, – deyən qonaq qeyd etdi ki, qədim şəhər öz təmizliyi və müasirliyi ilə də insanda xoş təəssürat yaradır. Yeməklər və adət-ənənələr də yaxın olduğu üçün doğmadır Naxçıvan. Sərin “Badamlı”, “Sirab” suyunuz isə daim masamın üstündə olur.

 Ramiyyə ƏKBƏROVA

Nəşr edilib : 25.10.2023 21:22