AZ EN RU

Səmərəli keçən zamanın, maraqlı istirahətin və əyləncəli mühitin ünvanı

    Son illərdə günü-gündən gözəlləşən qədim diyarımızda əhalinin mədəni istirahətinin təmin olunması, vaxtlarının səmərəli keçirilməsi məqsədilə yeni park-xiyabanlar salınır, müasir əyləncə mərkəzləri istifadəyə verilir. Şəhər sakinlərinin, qonaqların, xüsusilə uşaqların sevimli məkanlarından olan “Əyləncə adası” İstirahət Mərkəzi də seçilən, sevilən məkanlar sırasındadır. Ötən günlərdə istirahət etmək, həm də qəzetimiz üçün yazı hazırlamaq məqsədilə adıçəkilən ünvanın yolunu tutduq. Ətrafı gəzinti yolları ilə əhatələnmiş, 2 mərtəbədən ibarət ticarət mərkəzi, hovuz və fəvvarələr, müxtəlif iaşə obyektləri, uşaq və böyüklər üçün çeşidli attraksionların olduğu kompleksdə müasir infrastruktur yaradılıb.
    Axşam saatlarında kompleksin ətrafındakı avtomobil sayından bura olan tələbatı təxmin etmək mümkündür. İlk növbədə, buradakı ticarət mərkəzini gəzməyə başladım. İki hissədən ibarət olan birinci mərtəbənin sağ tərəfində uşaqlar üçün nəzərdə tutulmuş müxtəlif attraksionlar var. Onlardan istifadə etmək istəyənlər, ilk növbədə, jetonlar, daha dəqiq desək, kart əldə edirlər. Buradakı maraqlı oyuncaqlar, rəngarəng işıqlar uşaqları özünə çəkir. Quraşdırılan işıqlandırma sistemi, seçilən mahnılar və uşaqların gülüş səsləri insanın zövqünü oxşayır.


    Sol tərəfdə və ticarət mərkəzinin ikinci mərtəbəsində isə bir çox brend mebel və geyim firmalarının mağazaları fəaliyyət göstərir. Axşam saatları olmasına baxmayaraq, açıq olan mağazalarda alıcıların çoxluğu diqqətimizdən yayınmır. Necə deyərlər, axşam həm də burada alış-verişin artdığı vaxtdır.
    Binada, həmçinin müasir standartlara cavab verən kafe və restoran fəaliyyət göstərir. Restoranın çöldə hovuzla əhatələnən hissəsi də əhalinin istifadəsindədir. Çöldəki insan sıxlığı kafe və restoranda da müşahidə olunur. 
    Kompleksin açıq havada olan hissəsində də geniş imkanlar yaradılıb. Sıx düzülən oturacaqlar, işıqlı piyada gəzinti və velosiped yolları zövqlü istirahətə şərait yaradır.
    Yol kənarında iaşə obyektləri də fəaliyyət göstərir. Bu yol “Ləzzət küçəsi” adlanır. Burada müxtəlif restoran, kafe, aksesuar mağazası yerləşir. Bu obyektlərdən biri sosial şəbəkələrdə qarşıma çıxan, Naxçıvanda ilk dəfə fəaliyyətə başlayan bir məkan idi. Oxuduğum rəylərə əsasən belə qənaətə gəlmişdim ki, bura insanların xeyli marağına səbəb olub. Burada həm xoşladığım yeməyi daddım, həm də obyekt sahibi ilə həmsöhbət oldum. Müsahibim qısa söhbətimiz zamanı dedi: “Obyektimiz “Cahan AVM” daxilində  1 aydır ki, fəaliyyət göstərir. Burada kabab, dönərlə yanaşı, yeni yemək və sevilən bir neçə şirniyyat növünün satışına başlamışıq. Son zamanlarda artıq kafe və restoranlarımız dünya mətbəxindən yeni təamları menyularına daxil edirlər. Biz də insanların yeniliyə olan  marağını nəzərə alaraq bu məhsulların satışına başladıq. Bizə, adətən, gəzinti zamanı ayaqüstü nələrsə dadmaq istəyənlər müraciət edir”.
    Burada addımbaşı satış məntəqələri əhalinin ehtiyaclarını ödəyir. Balaca müştərilərin sevimlisi olan qarğıdalı partladılmışı və “pambıq” satan belə satış məntəqələrindən birinin yanından keçərkən yaşlı bir babanın öz nəvəsinə “pambıq” alıb yoluna davam etdiyini gördüm. Babasının əlindən tutub ətrafı maraqla izləyən balaca qızın evə getmək istəmədiyi hiss olunurdu. Gülümsəyərək babasına “Deyəsən, balaca evə getmək istəmir”, – deyə yaxınlaşdım. Bu nurani baba da eyni təbəssümlə cavabladı: Yox, qızım... Bütün gün gəzmək istəyir. Elə ki yay fəsli gəldi, əlimizdən yapışıb bizi buraya gətirir. Əslində, bu istirahət məkanı mənim də xoşuma gəlir. Gözəl, səliqəli yerdir. Adam istəyir, hər axşam çıxıb gəzsin... Şükür ki, şəhərimizdə belə səliqəli, təmiz park-xiyabanlar, xidmət mərkəzləri var. 20-30 il bundan əvvəl bu ərazi bomboş səhranı xatırladırdı. İndi isə artıq hərtərəfli müasirliyə qovuşub.
    Bu istirahət mərkəzində  hər yaş qrupundan insan görə bilərsiniz. Onu da qeyd edim ki, yalnız şəhər sakinlərinin deyil, digər bölgələrdən olan qonaqları da burada görmək mümkündür. Növbəti müsahibim Bakı şəhər sakini Cabbar Əliyev dedi: “Axırıncı dəfə 2008-ci ildə – hərbi xidmət zamanı Naxçıvanda olmuşdum. Düz 14 il sonra yolum bir daha buradan düşdü. Bilirsiniz, bu qədər böyük dəyişikliklə qarşılaşacağıma inanmazdım. Hər şey dəyişib... Naxçıvanın yeri mənim üçün ayrıdır. Qonaqpərvərlikləri, istiqanlılıqları, yeməkləri, küçələri, tarixi abidələri, bir sözlə, hər şeyi çox gözəldir. Burada olduğum müddətdə Naxçıvanın bir sıra əyləncəli, gəzməli yerlərinə səyahət etmişəm. Bu gün də yolumu bu gözəl məkandan – “Əyləncə adası”ndan saldım. İnsan burada vaxtın necə keçdiyinin fərqində olmur. Gözəl mühit, təmiz yerlər insanda xoş əhvali-ruhiyyə yaradır. İnşallah, tezliklə yenidən Naxçıvana səfər edəcəyəm”.
    Öz doğma diyarımızın – Naxçıvanımızın layiq olduğu tərifini həmvətənimizin dilindən eşitmək çox qürurverici hiss idi.
    İran İslam Respublikasının vətəndaşı Fatemah Fatohi bizimlə söhbət zamanı dedi: – Bir neçə müddətdir ki, Naxçıvandayam. Bu, mənim Naxçıvana artıq üçüncü səfərimdir. Hər səfərimdə daha maraqlı, daha yaddaqalan hadisələrin şahidi oluram. Bu gün də istirahət üçün “Əyləncə adası”nı seçdim. İnsanların çox olduğu bu qaynar məkanı mən çox sevirəm. Ümumiyyətlə, Naxçıvanın hər güşəsi biz qonaqlar üçün dəyərlidir. Hesab edirəm ki, naxçıvanlılar çox xoşbəxt və bəxtəvər insanlardır. Ümid edirəm ki, bu şəhərə bir daha gəlmək fürsətini qazanaram.
    “Əyləncə adası”nda həm uşaqlar, həm də böyüklər üçün kifayət qədər istirahət guşələri, xidmət obyektləri var.  Cəlbedici oyun, eyni zamanda xidmətin keyfiyyəti, hər kəsi qane edir. Top hovuzu, Paris aparatı, dövr edən balaca qatar uşaqların ən çox sevdiyi  attraksionlardır.
     Kompleksin gəzinti sahəsinə çıxarkən mərkəzə yerləşdirilmiş səhnə nəzərə çarpır. Burada yay mövsümündə müxtəlif konsert proqramları təşkil edilir. Həmin günlərdə, xüsusilə insan sıxlığı daha çox müşahidə olunur. Digər günlərdə isə səhnədə müxtəlif mahnılar səsləndirilir. Bununla yanaşı, həmin guşədə milli kinofilmlərimizin yayımlanması da milli dəyərlərimizin təbliği baxımından təqdirəlayiqdir.
    Sahil Parkı da kompleksin maraqlı hissələrindəndir. Burada müxtəlif idman qurğuları, 2 şəlalə, Naxçıvançay yatağında yaradılmış göl mövcuddur. Qeyd etmək lazımdır ki, Naxçıvançayın sərin küləyi bütün park boyunca hiss olunur. Burada bir neçə yerdə velosipedlər icarəyə verilir ki, həm kiçiklər, həm də böyüklər park ətrafında velosipedlər üçün ayrılmış yoldan rahatlıqla istifadə edirlər. Həmçinin burada müxtəlif heyvanların saxlanıldığı “Mini zoo” adlanan  kiçik zoopark var ki, heyvansevər balacalarımızın buraya da marağının şahidi olduq.
    Bir sözlə, “Əyləncə adası” İstirahət Kompleksində yaradılmış şərait böyüklərin də, kiçiklərin də tələbatını ödəyir. Siz də istirahət günlərinizin maraqlı və əyləncəli keçməsini istəyirsinizsə, buraya üz tutmağı unutmayın.

Aysel YUSİFZADƏ
Naxçıvan Dövlət Universitetinin 
Jurnalistika ixtisası üzrə IV kurs tələbəsi

Nəşr edilib : 22.07.2022 21:12