AZ EN RU

Səmərəli əkinlərdən, suvarma metodlarından istifadə aktual məsələdir...

    Dünyada müşahidə olunan qlobal iqlim dəyişiklikləri, temperaturun yüksəlməsi, əsasən, qonşu ölkələrdən daxil olan yerüstü su ehtiyatlarının, çaylarda sululuğun, yağıntıların xeyli azalması, digər tərəfdən əhalinin sürətli artımı, iqtisadiyyatın, kənd təsərrüfatı sahələrinin inkişafı Azərbaycanda içməli və suvarma suyunun getdikcə tükənməsinə yol açmaqla təxirəsalınmaz tədbirlərin görülməsini zəruri edir. Artıq 3 il bundan öncə, daha dəqiq desək, 2020-ci il 15 aprel tarixdə dövlətimiz tərəfindən bu istiqamətdə mühüm addım atılıb. Belə ki, Prezident cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, su təsərrüfatının idarə olunmasının təkmilləşdirilməsi və bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə komissiya yaradılıb, komissiyaya su təsərrüfatı üzrə idarəetmədə sahələrarası koordinasiyanın zəif, sudan istifadədə isə itkilərin yüksək olması kimi problemlərin həlli istiqamətində tədbirlərin görülməsi tapşırılıb.

    Nəzərə alsaq ki, ölkəmizdə son illərdə aqrar sahənin inkişafına həm hökumət, həm də əhali tərəfindən böyük diqqət yönəldilib, ilboyu minlərlə hektar ərazidə əkin-biçin işləri aparılır, o zaman daha çox su sərfiyyatının yarandığı suvarmada israfçılığın qarşısının alınması üçün əsas şərtlərdən biri kimi, səmərəli metodların tətbiqi ön plana çıxır. Digər tərəfdən suvarma prosesində ədalətli bölgünün təmin edilməsi də həm məhsuldarlıq, həm də suya qənaət baxımından olduqca vacib məsələdir. Dövlət başçısı da məhz çıxışlarının birində bu məsələlərə toxunaraq deyib: “...Bəzi su anbarlarından çıxan boru xətlərində, yaxud da su anbarlarına digər su anbarlarından daxil olan boru xətləri boyunca qanunsuz qoşmalar var. Yəni bu indi aşkar olunubdur. Çünki heç kimin vecinə deyildi, heç kimin məsuliyyətinə aid deyildi. Ona görə bu qanunsuz qoşmalar, əlbəttə, suyun ədalətli bölgüsünə də ziyan vurur. Aydın məsələdir ki, təsərrüfat sahibləri bu sudan istifadə edirlər. Amma o birilərinə çatmır, bir də ki, israfçılığa yol verilir. Bəzi əkin sahələrində o qədər su verilir ki, buna ehtiyac yoxdur. Ona görə burada vahid idarəetmə mexanizmi işlənməlidir...”
    Ölkəmizin kənd təsərrüfatı sürətli inkişaf etmiş iqtisadi rayonlarından hesab olunan Naxçıvanda da son illərdə əkinçiləri ən çox narahat edən məqamlar sırasında suvarma suyunun tələbatı ödəməməsi öndə gəlir. Məhz muxtar respublika Nazirlər Kabinetinin 2023-cü il 9 mart tarixli Sərəncamı ilə təsdiq olunan “Naxçıvan Muxtar Respublikasında içməli və suvarma sularının böhranlı vəziyyətində idarə olunmasına dair Tədbirlər Planı”nda nəzərdə tutulan icrası vacib işlər həm dövləti, həm də əhalini düşündürən sözügedən aktual məsələnin həlli yollarının tapılması üçün geniş imkanlar açır. Bu mühüm əhəmiyyətli dövlət sənədinin suvarma su təchizatı ilə bağlı hissəsinə nəzər yetirdikdə qarşıya qoyulan vəzifələr sırasında quraqlığa davamlı bitki sortlarının əkilməsinin təbliği və dəstəklənməsi, kənd təsərrüfatı məhsullarının istehsalı zamanı suvarmada elmi yanaşmanın və innovativ texnologiyalardan (çiləmə, pivot, damcı və qapalı) istifadənin təşviqi xüsusilə diqqət çəkir. Bu sahədə mövcud vəziyyət, əkinçilikdə su ehtiyatlarından səmərəli istifadə ilə bağlı görülən və görüləcək işlər barədə Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Toxumçuluq və Bitkilərin Mühafizəsi İdarəsinin müdiri Niyamət İsayevlə söhbət etdik. Niyamət müəllim qeyd etdi ki, tarixən aqrar region kimi tanınan, şöhrət qazanan Naxçıvanın hazırda 178 min 73 hektar əkinəyararlı torpağı vardır ki, onun 64 min 724 hektarı əkin altındadır. Təbii ki, yüksək məhsuldarlığın əldə olunmasında lazımi texnika, kerfiyyətli toxum sortları, düzgün aqrotexniki qulluq, gübrə, dərmanlarla yanaşı, suvarma prosesinin səmərəli idarə edilməsi də olduqca vacib şərtdir.
    Həmsöhbətim dedi: – Son illərdə dünyada baş verən su qıtlığı, quraqlıq halları, heç şübhəsiz, ilboyu günəşli günlərin daha çox olduğu ölkəmizə, muxtar respublikamıza da təsirsiz ötüşmür. Məhz bu baxımdan ölkəmizdə həyata keçirilən vahid dövlət siyasətinə uyğun olaraq Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti tərəfindən içməli və suvarma sularında səmərəli istifadəyə dair Tədbirlər Planı hazırlanıb, bir sıra təşkilatlar qarşısında aidiyyəti vəzifələr qoyulub. Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları olaraq biz də, ümumən, ölkəmiz, dövlətimiz üçün vaciblik daşıyan, əhəmiyyət kəsb edən Tədbirlər Planında nəzərdə tutulan həll variantlarının effektivliyinə nail olmaq üçün çalışırıq. Söhbət əgər əkinçilikdə suvarma suyuna qənaətdən, səmərədən gedirsə, onu deyə bilərəm ki, artıq bir neçə ildir ki, muxtar respublikamızda bu sahədə işlər görülür, yeni metodların tətbiqinə üstünlük verilir. Təbii ki, suvarma suyundan səmərəli və qənaətlə istifadə edilməsi üçün mütərəqqi üsullardan  və innovativ qaydalardan istifadə günümüzün reallığı kimi olduqca vacibdir. Şırımla suvarma taxıl, eləcə də cərgəarası bitkilərin becərilməsində  istifadə olunan mütərəqqi  üsullardan biri kimi müasir əkinçilikdə xüsusi yet tutur. Bu üsuldan istifadə zamanı suvarma suyuna qənaət edilir, eyni zamanda bitkilərin suya olan tələbatı müntəzəm təmin olunur. Atmosfer yağıntılarının torpaqda səmərəli toplanması və istifadəsi yüksək səviyyədə olur. Şırım üsulunun səmərəliyini izah etmək, fikrimizi tam olaraq aydınlatmaq üçün kiçik bir nümunə də göstərə bilərik. Misal üçün, mora üsulu ilə 1 hektar taxıla 1000-1200 kub su sərf edildiyi halda, şırım üsulu ilə 800-900 kub yetərlidir. Bu üsulun üstün cəhətlərindən biri də sahələrdə dərmanlamanın əkinlərə ziyan yetirmədən, keyfiyyətli şəkildə aparılmasına yol açmasıdır. 
    Müsahibim bildirdi ki, artıq 4-5 ildir ki, Naxçıvanda suvarma metodu kimi damcı üsuluna üstünlük verilir. Dövlətimiz tərəfindən bu sahənin təşviqi üçün stimullaşdırma tədbirləri də görülür, damcı üsulu ilə salınmış intensiv meyvə bağlarına subsidiyalar ayrılır. Damcı üsulunun üstün keyfiyyətləri çoxdur. Bu metodda suya qənaət olunmaqla, az su ilə daha çox sahə suvarılır, torpaqda eroziya prosesi baş vermir, qrunt sularının  səviyyəsi su itkiləri olmadığından dəyişməz qalır, torpaqlarda təkrar şoranlaşmanın qarşısı alınır, suvarma suyu birbaşa bitkinin  kök sisteminə verildiyindən onun kökətrafı zonada bərabər şəkildə paylanması təmin edilir. Su ilə birlikdə ehtiyac olan gübrəni də bitkiyə vermək olur. Damcı sistemi qısa müddətdə böyük əraziləri optimal şəkildə suvarmağa imkan yaradır, sistem avtomatik idarə olunduğundan əl əməyi azalır, bitkilərin su təminatı yaxşılaşır. Bu suvarma üsulundan, əsasən, meyvə, tərəvəz, bostan və bir çox tarla bitkilərinin becərilməsində istifadə olunur. Damcı ilə suvarmanın iki növü vardır: Bağçılığın salınmasında damcı ilə suvarma (daimi sistem). Tərəvəz bitkilərinin damcı ilə suvarılması (mövsümi sistem). Damcı ilə suvarmada adi suvarmaya nisbətən 2-5 dəfə suvarma suyuna qənaət edilir, bitkinin kök ətrafı suvarıldığından suyun torpaq səthindən buxarlanması ilə itkiyə getməsi baş vermir. Suvarma ümumi sahənin 30-60 faizini əhatə edir. Damcı suvarma sistemi tətbiq olunan sahələrdə istənilən vaxt aqrotexniki xidmətlər göstərmək və məhsul yığmaq mümkündür. Diqqət yetiriləsi məqamlardan biri də odur ki, damcı üsulu ilə suvarılacaq bostan və tərəvəz bitkilərinin, eləcə də meyvə bağlarının salınması zamanı ərazinin torpağı əvvəlcədən analiz olunaraq sututarlığı, suvarılmada su miqdarı müəyyənləşdirilməlidir. Suvarmada digər bir geniş istifadə edilən yağışyağdırma üsuludur ki, bu zaman suvarma suyu nasosların köməyi ilə çiləyici aparatlara xüsusi borular vasitəsilə müəyyən olunmuş təzyiqlə vurulur və yağış şəklində səpilərək torpağı, bitkiləri nəmləndirir. Bu üsulla suvarmada tоrpaq qatı müntəzəm olaraq nəmlənir, suvarma avtomatlaşdırılır, tоrpaq deqradasiyasının qarşısı alınır, suvarmanın kiçik normalarla və tez-tez aparılması hesabına suvarma suyuna qənaət olunaraq becərilən bitkilərin məhsuldarlığı yüksəlir. Həmçinin sahələrdə hər il əsaslı hamarlama işlərinin aparılmasına, şırım və zolaqların düzəldilməsinə ehtiyac olmur. Daha mürəkkəb relyef şəraitində bu üsulla suvarmanın aparılması, eləcə də sahələrdə dövri suvarma normalarının istənilən kiçik həcmdə verilməsi mümkündür.Yağışyağdırma üsulu ilə suvarma müxtəlif növ kənd təsərrüfatı bitkilərinin (yonca, xaşa, qarğıdalı, soya, buğda, arpa, günəbaxan, kartof, çuğundur, kök, soğan və sair) becərilməsində geniş istifadə olunur.
    Niyamət İsayev dedi: – Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin müvafiq Tədbirlər Planında qarşıya qoyulan vəzifələr sırasında quraqlığadavamlı bitki sortlarının əkilməsinin təbliği və dəstəklənməsi məsələsi də qeyd olunub. Bu baxımdan, demək olar ki, muxtar respublikada quraqlığadavamlı bitkilər, əsasən, üzüm, püstə, bostan bitkilərindən qovun, dənli-taxıl bitkilərindən “Bayraqdar” buğda sortudur. Gəlin bir neçə müqayisəli nümunələr çəkib bu barədə fikrimizi tam aydınladaq. Taxılçılıq muxtar respublika əkinçiliyində aparıcı yer tutduğundan ilk olaraq bu sahədən başlayaq. Misal üçün, bir-iki ildir, təsərrüfatçılarımız tərəfindən geniş istifadə olunan “Bayraqtar” buğda növünü götürək. Bu növün digərlərindən fərqi, üstünlüyü onun quraqlığa, soyuğa, xəstəlik və zərərvericilərə qarşı davamlı olmasıdır. Digər buğda növlərini vegetasiya dövründə 4-5 dəfə suvarmaq zəruridirsə, “Bayraqtar” bol məhsul götürmək üçün ona 2-3 dəfə suvarma suyu vermək kifayətdir. Məhsuldarlığı da yüksəkdir. Orta hesabla hər hektardan 30-40 sentner məhsul əldə etmək mümkündür. Digər bir nümunə kimi, muxtar respublikamıza hələ sovetlər dönəmində böyük şöhrət qazandırmış üzümü qeyd etmək olar. Üzüm kollarının kökü 4-5 metr dərinliyə çatdığı üçün suya tələbatı azdır, il ərzində bir-iki dəfə suvarmaq yetərlidir. Məhsuldarlığın hektara 200-300 sentner düşdüyünü nəzərə alsaq, mövsümdə 1 hektar ərazidən 20 ton məhsul yığmaq olar. Bunun da kiloqramını minimum 1 manatdan götürdükdə bir ailənin büdcəsini zənginləşdirmək, güzəranını yaxşılaşdırmaq üçün kifayət qədər yetərli vəsait edir. Digər tərəfdən üzümün zəhməti də yüngüldür, üzümçülük əl əməyi az tələb edən sahədir, əsas işlər texnika vasitəsilə həyata keçirilir. Onu da vurğulamaq yerinə düşər ki, ölkəmizin digər yerlərinə nisbətən Naxçıvanda bitən üzümün şəkərliyi, dad və əmtəə keyfiyyəti yüksəkdir. Bu da imkan verir ki, üzümdən həm süfrədə qida məhsulu kimi, həm də sənayedə araq, çaxır alınmasında istifadə olunsun. Bütün bunları nəzərə aldıqda belə nəticəyə gəlinir ki, əgər gələcəkdə böyük üzümçülük təsərrüfatları yaradılarsa, suya kifayət qədər qənaət edilər, qalan su ehtiyatının balanslaşdırılmış şəkildə taxıl və digər sahələrə yönəltməklə əkinçilikdə yüksək məhsuldarlıq, irəliləyiş, nailiyyət əldə etmək olar. Bu baxımdan biz də kənd təsərrüfatı işçisi kimi mütəmadi olaraq yerlərdə əkinçilərlə görüşlər keçirir, səmərəli suvarma metodlarına, əkinçilik üsullarına, əkin qaydalarına üstünlük vermələri üçün maarifləndirici söhbətlər aparırıq. İnanırıq ki, qarşımıza çıxan bütün maneələr kimi, bu ümumbəşəri vəziyyətdən də əl-ələ verərək alnıaçıq, üzüağ şəkildə çıxacağıq...
    Ümummilli Liderimiz Heydər Əliyev deyirdi ki, bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır. Məhz Ulu Öndərin layiqli davamçısı ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə sudan səmərəli istifadə məsələsinin xüsusi gündəmə gətirilməsinin, dövlətimizin bu istiqamətdə həyata keçirdiyi təxirəsalınmaz tədbirlərin də əsas məqsədi bu ümumbəşəri problemin yaxın gələcəkdə Azərbaycan üçün daha ağır nəticələrə yol açmasının qarşısını almaqdır. Kənd Təsərrüfatı Nazirliyinin Toxumçuluq və Bitkilərin Mühafizəsi İdarəsinin müdiri Niyamət İsayevlə söhbətimizdən gəldiyimiz qənaət isə budur ki, quraqlığadavamlı, su sərfiyyatı az olan əkin növlərini kütləviləşdirməklə, şırım əkin üsulundan, damcı, çiləmə kimi səmərəli suvarma metodlarından istifadə etməklə bu sahədə irəliləyişlərə nail olmaq mümkündür...

Nail ƏSGƏROV

Nəşr edilib : 03.05.2023 21:01