AZ EN RU

Sələsüz kənd tam orta məktəbində şagirdin döyülməsi həqiqəti əks etdirmir

Şahbuz rayonunun Sələsüz kənd tam orta məktəbində şagirdin müəllimlər tərəfindən döyülməsi ilə bağlı yayımlanan məlumat həqiqəti əks etdirmir
"Gündəlik Naxçıvan" adlı facebook səhifəsində Şahbuz rayon Sələsüz kənd tam orta məktəbinin 7-ci sinifində oxuyan qız şagirdinin  döyülməsi və  təhqir olunması ilə bağlı yayılan məlumatdan dərhal sonra Şahbuz rayon Təhsil Şöbəsinin əməkdaşları həmin məktəbdə olmuş məktəbin təlim- təlim tərbiyyə işləri üzrə direktor müavini Sahilə Həsənovanın,  təşkilatçısı İlahə Hüseynovanın  və  uşaq birliyi təşkilatının rəhbəri Çiçək Novruzovanın   izahatları alınmışdır. Məlum olmuşdur ki, tənəffüs vaxtı  iki şagird arasında sadəcə mübahisə olmuşdur. Şagirdə qarşı müəllimlər tərəfindən   təzyiq göstərilməmiş,  baş vermiş mübahisə ilə bağlı məktəbin vəzifəli şəxsləri tərəfindən onlarla  fərdi söhbətlər aparılmışdır. Döyüldüyü iddia edilən  şagirdin atası Əfqan Hüseynov   və sahə müvvəkili də  məktəbə dəvət olunmuş  aydın olmuşdur ki, şagirdin valideyininin mətbuatda yayılan məlumatdan xəbəri olmayıb.  Xəbəri olmadan  ailəsi haqqında yalan məlumat yazıldığını bildirən valideyin bundan məyus olduğunu bildirmişdir. 
Naxçıvan Muxtar Respublikası Ombdusmanının, Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Şahbuz Rayon İcra Hakimiyyətinin müvafiq şöbəsinin  əməkdaşları  da məktəbdə olmuş, şagirdlə görüş keçirmişlər. Hazırda hüquq-mühafizə orqanları tərəfindən hadisə ilə bağlı həqiqətəuyğun olmayan məlumat yayan tərəflərin araşdırılması aparılır. 
Qeyd edək ki, hazırda şagirdlər və onların valideynləri arasında hər hansı narazılıq və ya qarşılıqlı şikayət yoxdur.
 Məlumat üçün bildirək ki, adı qeyd edilən facebook səhifəsi aidiyyəti üzrə dəqiqləşdirmə aparmadan bundan əvvəl də bir neçə dəfə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin aidiyyatı qurumları haqqında həqiqətəuyğun olmayan və öz təsdiqini tapmayan,  cəmiyyəti çaşdıran məlumatlar yaymışdır. İctimaiyyəti məlumatlandırmaq istəyirik ki, təsdiqlənməmiş bu tipli məlumatlara inanmasınlar. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi müəssisələrdə tədrisin təşkilinə, nizam-intizam qaydalarına xüsusi həssaslıqla yanaşır. Hər hansı xoşagəlməz hal olduqda pedaqoji yanaşmanı əsas almaqla qanunvericiliyə uyğun olaraq tədbirlər görür.
İki şagird arasında olan mübahisənin  həqiqətə uyğun olmayan əlavələrlə yayımlanması peşəkar jurnalistika etikasına ziddir. Bu tipli hallar cəmiyyətdə məktəbə və müəlllimə inamsızlıq formalaşdırmağa xidmət edir.

Nəşr edilib : 20.03.2024 14:34