AZ EN RU

Selcan Abdullayeva: “İspaniyada ixtisasımı daha mükəmməl öyrənməyim dünya təcrübəsini mənimsəməyimdə mühüm rol oynadı”

    Müsahibimiz Erasmus+ K107 mübadilə proqramı çərçivəsində İspaniyanın Valladolid Universitetində təhsil almaq hüququ qazanan “Naxçıvan” Universitetinin dissertantı Selcan Abdullayevadır. 27 yaşlı dissertantımız Naxçıvan şəhər 11 nömrəli tam orta məktəbdə təhsil alıb. Daha sonra Naxçıvan Dövlət Universitetində İngilis dili ixtisasına yiyələnib. 2017-ci ildə isə həmin universitetə magistraturaya qəbul olub. 2019-cu ildən isə “Naxçıvan” Universitetinin Xarici dillər fakültəsində müəllim kimi fəaliyyətə başlayıb.

    – Selcan xanım, əvvəlcə sizi kollektivimiz, eləcə də çoxsaylı oxucular adından təhsildəki uğurunuz münasibətilə təbrik edir, müvəffəqiyyət arzulayırıq. Xaricdə təhsil almaq qərarı necə yarandı? Müraciət prosesi necə idi? Bir az bu barədə danışardınız...
    – Bir gənc kimi xaricdə təhsil almaq hər zaman maraq dairəmdə olmuşdur. Universitetimiz bu baxımdan bizə gözəl imkanlar yaradıb. Və beləliklə, xaricdə bütün resurslardan istifadə etməyin mənim üçün çox yararlı olacağını düşündüyümdən Valladolid Universitetinə Erasmus+ proqramı üçün müraciət etdim. Nəticələr açıqlandıqda qəbul olduğumu eşidib çox sevindim. Müraciət prosesində çox da çətinlik yaşanmadı. Ümumiyyətlə, Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşları bütün proses zamanı bizimlə yaxından maraqlanır, çətinlikləri aradan qaldırmağa kömək edirdilər. Müraciətin onlayn formada olması işi daha da asanlaşdırır. Həmçinin müraciət etmək istəyən hər kəsə deyə bilərəm ki, proses çox asandır və hər iki universitet bunun üçün hərtərəfli  dəstək olur.
    – Yaşadığınız  şəhər və universitet haqqında nə deyə bilərsiniz? 
    – İspaniyanın Valladolid şəhərində 5 ay müddətində oldum. Şəhər təmiz, sakit və rahat idi. Demək olar ki, bir çox yerə piyada getmək mümkün idi. Bundan əlavə, əhali çox mehribandır və bəzən dil problemi yaşasaq belə hamı bizə köməklik göstərməyə çalışırdı. Universitet haqqında onu deyə bilərəm ki, böyük və eyni zamanda hərtərəfli təchiz edilmiş ali təhsil ocağıdır. Fakültələr müxtəlif yerlərdə olsa belə hər birinin zəngin kitabxanası var idi. Kitabxanalardan istifadə üçün hər cür şərait yaradılıb. İstədiyin kitabı sifariş edərək rahatlıqla olduğun fakültədən əldə etmək mümkün idi.
    – Bəs oxuduğunuz universitetdəki tələbə həyatı milli ali təhsil ocaqlarımızdakı təhsil mühiti hansı xüsusiyyətləri  ilə  fərqlənir?
    – Ümumiyyətlə, dissertant kimi müəyyən sxem üzrə dərslərdə iştirak edirdik. Orada təhsil, əsasən, proyekt yönümlü olduğundan qrup halında daha çox işləyirdik və bu da qrupla işləmək bacarığını təkmilləşdiririr. Nəzərə alsaq ki, universiteti bitirdikdən sonra hər kəs daxil olduqları işdə komanda ilə işləməli olacaq, bu, çox gözəl bir xüsusiyyətdir.
    – Aldığınız təqaüd xərcləri qarşılamağa bəs edirdimi?
    – Təqribən, 850 avro aylıq təqaüd alırdıq. Kirayə və yaşayış xərcləri üçün kifayət edirdi. Bir də, əslində, ən gözəl tərəfi də elə o idi ki, məcbur olub büdcəni idarə etməyi öyrənirsən...
    – Ümumiyyətlə, nə kimi çətinliklərlə qarşılaşdınız?
    – Çətinliklər haqqında deyə bilərəm ki, ünsiyyət problemi var idi. Dil baryeri olduğundan ünsiyyət qurmaq çətin idi və bir müddət sonra ünsiyyətsizlik insanı psixoloji cəhətdən çox yorurdu. Bundan əlavə,  xəstəlik, yorğunluq, məişət işlərinin öhdəsindən təkbaşına gəlmək məcburiyyətində idim və bu da istər-istəməz insanda müstəqil hərəkət etmək, sərbəst qərar qəbul etmək, özünəinam formalaşdırır. 
    – Xaricdə olduğunuz müddətdə ən çox nə üçün darıxırdınız?
    – Ən çox öz dilimizdə danışmaqdan və yeməklərimizdən ötrü...
    – Xaricdə təhsil alan tələbələrin bəziləri oxuduğu ölkələrdə qalıb Azərbaycana gəlmək istəmirlər. Siz bunu nə ilə əlaqələndirirsiniz?
    – Bəlkə də, insan öz gələcəyini, fəaliyyət perspektivini başqa ölkədə görür və təhsil aldığı ölkədə cəmiyyətə, insanlara daha çox fayda verə biləcəyini düşünür. Lakin harada yaşamağımızdan asılı olmayaraq, doğma Azərbaycanımızın dövlətçilik maraqlarını, milli mənafelərini qorumalı, Azərbaycan həqiqətlərinin təbliğatçısına çevrilməliyik. Dövlətimizin başçısı, Prezident cənab İlham Əliyev Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində keçirilən, “Zəfər Qurultayı” kimi tarixə düşən Dünya Azərbaycanlılarının V Qurultayındakı nitqində Azərbaycan diasporunun mühüm vəzifələrini, gələcək fəaliyyət istiqamətlərini sadalamış, həmin tarixi çıxışı zamanı demişdir: “Əlbəttə, mən çox şadam ki, xaricdə fəaliyyət göstərən diaspor təşkilatlarımız Azərbaycan ilə daim təmasdadırlar, Dövlət Komitəsi ilə təmasdadırlar və müxtəlif ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatları arasında koordinasiya da təkmilləşir. Bu da çox vacibdir. Əlbəttə, biz hamımız – Azərbaycanda yaşayan azərbaycanlılar istəyirik ki, xaricdə yaşayan azərbaycanlılar öz tarixi Vətəni ilə sıx bağlı olsunlar. Heç olmasa, ildə bir dəfə hər bir azərbaycanlı öz ailəsi ilə Azərbaycana gəlsə, çox yaxşı olar – xüsusilə azad edilmiş torpaqlara getmək üçün”.  
    – Sonda bir daha xaricdə təhsilin üstünlüklərindən danışmanızı istərdim.
    – Əvvəla, xarici dilin inkişafı bu üstünlüklərdən biridir. Müxtəlif ölkələrdə ictimai-siyasi ab-havanı, ayrı-ayrı xalqların milli mentalitetini, yaşayış tərzini, yeni bir mədəniyyət öyrənmək, müxtəlif insanlarla dostlaşmaq, öz  ixtisasını daha mükəmməl şəkildə öyrənmək, dünya təcrübəsini mənimsəmək bu üstünlüklərdəndir.
    – Gələcək üçün nə kimi planlarınız var?
    – Hazırda gələcək üçün planım akademik karyera qurmaq və yeni sahələr öyrənməkdir. İnsan bir şeyi öyrənməyə başlayanda istər-istəməz digər sahələrə də qapı açır və təhsilə maraq, fərqli düşüncə tərzi, öyrənmək təşəbbüskarlığı və zəhmətkeşlik mütləq uğur dolu nəticəsini verir. Mən buna inanıram.
    – Müsahibə üçün təşəkkürümü bildirir, gələcək fəaliyyətinizdə uğurlar arzu edirəm.

Aynur Əliyeva
“Naxçıvan” Universitetinin ictimaiyyətlə əlaqələr və 
marketinq sektorunun müdiri

Nəşr edilib : 24.02.2023 22:18