AZ EN RU

Səlahiyyətli nümayəndəlik “Şərq qapısı” qəzetinin kollektivini təbrik edib

“Media haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2024-cü il 19 aprel tarixli Azərbaycan Respublikasının Qanununu təsdiq edib. Bununla əlaqədar olaraq “Şərq qapısı” qəzetinin redaksiyasında tədbir keçirilib. 
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin əməkdaşı Günay Nəzərova tədbiri açaraq Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəflinin təbrikini kollektivə çatdırıb. Fuad Nəcəfli təbrikində bildirib ki,  "Media haqqında" Qanuna dəyişiklik edilməsi barədə Qanunun imzalanması cənab Prezidentin mediaya göstərdiyi növbəti qayğısıdır.
Qeyd olunub ki, 103 yaşlı “Şərq qapısı” qəzeti özünün fəaliyyəti dövründə Ümummilli Liderimiz Heydər Əliyevin mətbuat siyasəti sahəsində müəyyənləşdirdiyi istiqaməti əsas götürüb və “Media haqqında” Azərbaycan Respublikası Qanununa edilən müvafiq dəyişiklik qəzetin fəaliyyətində yeni mərhələnin başlanğıcıdır. 
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Mətbuat və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Rəmzi İbrahimov bildirib ki, Ulu Öndər Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin  Sədri olduğu zamandan bu günə kimi muxtar respublika parlamenti ilk dəfə ölkə Konstitusiyasının ona tanıdığı qanunvericilik təşəbbüsü hüququndan istifadə edərək Milli Məclisdə "Media haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişiklik təşəbbüsü ilə çıxış edib. Qeyd olunub ki, ölkə başçısının bu gün imzaladığı müvafiq Qanunda dəyişikliyə əsasən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin rəsmi orqanı olan “Şərq qapısı" qəzetinin təsisçisi statusunun qanunvericilikdə təsbit edilməsi və qəzetin fəaliyyətinin təmin olunmasının hüquqi əsasının yaradılması mümkün olacaq. 
Tədbirdə “Şərq qapısı” qəzetinin baş redaktoru Sara Əzimova kollektiv adından qəzetə göstərilən növbəti qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlığını bildirib. 
“Şərq qapısı” qəzetinin baş redaktor müavini Məmməd Babayev və məsul katibi Muxtar Məmmədov bildiriblər ki, bu qayğı kollektivin məsuliyyətini daha da artırmaqla qarşıya mühüm vəzifələr qoyur. Kollektiv var gücü ilə bundan sonra da çalışacaq ki, həmin vəzifələrin yerinə yetirilməsinə nail olsun.

Nəşr edilib : 01.05.2024 22:15