AZ EN RU

Səlahiyyətli nümayəndə Milli Konservatoriyanın rektoru, xalq artisti, professor Siyavuş Kərimi ilə görüşüb

Aprelin 5-də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Azərbaycan Milli Konservatoriyasının rektoru, xalq artisti, professor Siyavuş Kərimi ilə görüşüb.

Naxçıvan Dövlət Universitetinin çox ciddi platforma olduğunu deyən səlahiyyətli nümayəndə Fuad Nəcəfli bu potensialdan geniş istifadə olunması üçün mühüm addımlar atıldığını diqqətə çatdırıb. Fuad Nəcəfli qeyd edib ki, 11 prioritet istiqamət üzrə icrası davam etdirilən “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda Naxçıvan Dövlət Universitetinin fəaliyyət imkanlarının genişləndirilməsi də əsas hədəflərdən biri kimi qarşıya qoyulub. Ali təhsil ocağı üçün yeni tədris korpusu tikiləcək, ingilis dilində tibb ixtisası üzrə tədris imkanları yaradılacaq.

Xalq artisti Siyavuş Kərimi Naxçıvanın mədəni həyatında baş verən inkişaf proseslərini yüksək dəyərləndirərək bu prosesdə fəal iştirak etmək istədiklərini diqqətə çatdırıb. Bildirib ki, bu məqsədlə Naxçıvan Dövlət Universiteti ilə ilkin müqavilə imzalanıb. Razılaşmaya əsasən Milli Konservatoriyanın məzunları Naxçıvan Dövlət Universitetində pedaqoji fəaliyyətlə təmin olunacaqlar. Eyni zamanda qarşılıqlı tələbə və müəllim mübadiləsi aparılacaq.

Naxçıvan Dövlət Universiteti ilə birgə Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 illiyi ilə bağlı böyük bir layihə üzərində işlədiklərini bildirən Siyavuş Kərimi vurğulayıb ki, budəfəki səfər çərçivəsində əməkdar artist, məşhur cazmen Emil Əfrasiyabla birlikdə ali təhsil ocağının yaradıcı kollektivləri ilə görüşlər keçirilib, ustad dərsləri təşkil olunub, mövcud potensial yüksək qiymətləndirilib.

Görüşdə iştirak edən Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev Milli Konservatoriya ilə birgə əməkdaşlıq çərçivəsində görüləcək işlərin Naxçıvanda mədəni mühitin daha da inkişafına və bu potensialdan səmərəli istifadəyə mühüm töhfə verəcəyini bildirib.

Nəşr edilib : 05.04.2024 23:00