AZ EN RU

Səlahiyyətli nümayəndə Cəhri qəsəbəsində sakinlərlə görüşüb

Avqustun 2-də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Babək rayonunun Cəhri qəsəbəsində olub, sakinlərlə görüşüb. 

Görüşdə səlahiyyətli nümayəndə “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” barədə məlumat verib, həyata keçiriləcək sosial-iqtisadi layihələri, o cümlədən kənd təsərrüfatının inkişafı istiqamətində görüləcək işləri diqqətə çatdırıb. 

Görüş zamanı 47 sakinin hər birinin ayrı-ayrılıqda müraciət və problemləri dinlənilib. Bütün müraciətlər protokallaşdırılaraq onların həlli istiqamətində müvafiq tədbirlər görüləcək.  

Qeyd edilib ki, hazırda qəsəbədə yollar yenidən qurulur, içməli su mənbələrindən yeni xətlər çəkilir, abadlaşdırma işləri görülür. Sakinlərin üzləşdiyi digər problemlər də aidiyyəti dövlət qurumları ilə birlikdə araşdırılıb qanunvericilik çərçivəsində həll olunacaq. 

Qeyd edək ki, Cəhri qəsəbəsini Gülşənabad, Payız, Aşağı Buzqov, Yuxarı Buzqov və Gərməçataq kəndləri ilə  birləşdirən qəsəbənin əsas avtomobil yolunda yenidənqurma işləri davam etdirilir, yeni asfalt örtüyü verilir. 2 zolaqdan ibarət olan əsas yolla yanaşı, ətraf məhəllələr də abadlaşdırılır, yollar asfaltlanır. Görüş zamanı sakinlər görülən işlərə görə dövlətimizin başçısına minnətdarlıqlarını ifadə ediblər.

Nəşr edilib : 02.08.2023 16:20