AZ EN RU

Səlahiyyətli nümayəndə “Açıq mikrofon” layihəsi çərçivəsində tələbələrin suallarını cavablandırıb

Fevralın 22-də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Naxçıvan Dövlət Universitetində keçirilən “Açıq mikrofon” layihəsi çərçivəsində tələbələrlə görüşüb.

Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə keçirilən görüşdə Naxçıvan Dövlət Universitetinin və universitetin nəzdində fəaliyyət göstərən kolleclərin tələbələri iştirak ediblər.

Görüşdə çıxış edən səlahiyyətli nümayəndə universitet tələbələri ilə əvvəlki görüşləri xatırlayaraq ötən dövrdə görülən işlər barədə məlumat verib. Qeyd edib ki, “Heydər Əliyev İli”ni qeyd etdiyimiz 2023-cü il Naxçıvan Muxtar Respublikası üçün uğurlu il oldu, Heydər Əliyev irsi geniş təbliğ olundu. Ulu Öndərimizin zəngin dövlətçilik yolundan bəhs edən Fuad Nəcəfli gənclərin hər birinə əbədiyaşar liderimiz qədər vətənpərvər olmağı, Vətənini sevməyi arzulayıb. Vurğulanıb ki, bu siyasət bu gün ölkəmizdə Prezident İlham Əliyev tərəfindən böyük uğurlar və qələbə əzmi ilə davam etdirilir.

Fuad Nəcəfli bildirib ki, ötən dövrdə əhali ilə mütəmadi görüşlər keçirilib, muxtar respublikanın gələcək inkişaf istiqamətləri müəyyənləşdirilib. Ölkə başçısının 5 iyun 2023-cü il tarixli Sərəncamı ilə “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” təsdiq edilib və icrası üçün maliyyə vəsaiti ayrılıb. Çoxvektorlu Dövlət Proqramı sosial-iqtisadi həyatın bütün sferalarını əhatə edir. Proqrama əsasən bu il yaranmasının 100-cü ildönümünü qeyd etdiyimiz Naxçıvan Muxtar Respublikasında xüsusi iqtisadi rejim tətbiq olunacaq, diyarımızın iqtisadi inkişafı üçün daha geniş imkanlar açılacaq. Ötən ilin sonlarından icrasına başlanılan proqramın hədəf aldığı bu istiqamətlərdən biri də etibarlı gəncliyin yetişdirilməsi üçün təhsilin hərtərəfli inkişafına nail olmaqdır. Proqramda Naxçıvan Dövlət Universitetini daha da inkişaf etdirəcək layihələrin icrası nəzərdə tutulur.

Sonra söz Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Hüseyn İmanovun moderatorluğunda tələbələrə verilib. Səlahiyyətli nümayəndə 2 saatdan artıq bir müddətdə yerli və xarici tələbələrin, eləcə də universitetin gənc əməkdaşlarının ünvanladığı 30-dan çox sualı ətraflı cavablandırıb, müraciət və təkliflərini dinləyib.

Sualları cavablandıran səlahiyyətli nümayəndə bildirib ki, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın icrası çərçivəsində Naxçıvan Dövlət Universiteti üçün ikinci tədris kampusu inşa ediləcək. İngilisdilli tibb təhsili aparılacaq yeni kampus bu sahəyə dair bütün müasir təchizatla təmin olunacaq. Dünya nəhəngi olan IBM şirkəti ilə imzalanan memorandum gənclərimiz üçün mühüm perspektiv vəd edir. Bu əməkdaşlıq çərçivəsində Naxçıvan Dövlət Universitetinin tabeliyində Beynəlxalq Proqramlaşdırma İnstitutu yaradılacaq.

Vurğulanıb ki, tələbələrin xarici dil biliklərinə yiyələnməsi müasir dövrün əsas tələblərindəndir. Ötən ildən İngilisdilli tibb ixtisasının fəaliyyətə başlaması, eləcə də universitetin Beynəlxalq Məktəbinin istifadəyə verilməsi, bu mənada, mühüm önəm daşıyır. Naxçıvan Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Beynəlxalq Məktəbdə tədris Kembric təhsil proqramına əsaslanan metodologiya üzrə qurulacaq. Bütün bunlar Naxçıvanın gələcək inkişafı üçün çox böyük töhfələrdir. Çünki qarşıda mühüm hədəf var: dövrün reallıqları və tələblərinə əsaslanan ixtisaslı gənclər yetişdirmək.

Fuad Nəcəfli gənclərin gələcək karyera və iş imkanları, tələbələr üçün müvafiq güzəştlərin tətbiqi, təkliflərinin, startap layihələrinin dəyərləndirilməsi, idarəçilik sistemində irəli çəkilməsi, eləcə də digər mövzularda müraciətlərinə uyğun olaraq diqqətə çatdırıb ki, gənclərin şəxsi, kollektiv və peşəkar inkişafı məqsədilə tədbirlərin keçirilməsi, əmək bazarının tələblərinə uyğun ixtisaslı gənclərin sayının artırılması qarşıda duran əsas hədəflərdəndir. Sözügedən Dövlət Proqramına uyğun olaraq ali, orta ixtisas və peşə təhsili səviyyələri üzrə tədris mövcud tələblərə, o cümlədən sənaye müəssisələrinin tələblərinə uyğun qurulacaq. Həmçinin gənclərin asudə vaxtlarının səmərəli təşkili, şəxsi inkişafı istiqamətində fəaliyyətin təşkili məqsədilə Gənclərin İnkişaf və Karyera Mərkəzi yaradılacaq.

Fuad Nəcəfli səmimi görüşdə tələbə-gənclərə vətənpərvər və milli ruhda fəaliyyət göstərməyi, intellektli, savadlı gənclik kimi formalaşmalarını, bilik və bacarıqlarını ölkəmizin inkişafı naminə səfərbər etmələrini tövsiyə edib, tədrisdə və gələcək karyeralarında uğurlar arzulayıb.

Sonda “Açıq mikrofon” layihəsinin bütün iştirakçıları ilə xatirə fotosu çəkdirilib.

 

Nəşr edilib : 22.02.2024 21:23