AZ EN RU

Sel sularından səmərəli istifadə təmin edilib

Ötən günlərdə muxtar respublikada yağıntıların miqdarının çoxluğu sel sularının artması ilə müşahidə olunub. Belə ki, Cəhriçayına, Qahab və Sirab selovlarına sel suları gəlib.
 Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin tabe idarəsi Babək Rayon Meliorasiya və Su Təsərrüfatı İdarəsinin əməkdaşları tərəfindən sel sularının itkiyə getməməsi və səmərəli istifadə edilməsi üçün Qahab selovunda bəndlər tikilib. Cəmiyyətin mətbuat xidmətindən "Şərq qapısı"na bildirilib ki, sel suları Qahab, Naxışnərgiz kəndlərinin əkin və həyətyanı sahələrində istifadə olunması üçün yönləndirilib. Həmçinin Sirab selovundan Ağgöl və Sirab kəndinin əkin və həyətyanı sahələrinə, Cəhriçaya gələn sel suları isə Uzunoba, Payız, Cəhri-1 və Cəhri-2 göllərinə, Gülşənabad, Payız və Cəhri qəsəbəsində sakinlərin əkin sahələrinə yönləndirilib.
Bayram günlərində operativ çalışan idarə əməkdaşları texnikalar vasitəsilə sel sularından səmərəli istifadəni təmin ediblər.


Nail ƏSGƏROV

Nəşr edilib : 28.03.2024 20:08