AZ EN RU

Şəkərli diabet xəstəliyinin xalq təbabəti üsulları ilə tənzimlənməsi

    Dövrümüzün ən çox rast gəlinən xəstəlikləri arasında yer alan şəkərli diabet xəstəliyi qanda şəkərin miqdarının çox olması ilə xarakterikdir. Xəstəliyin səbəbi insulin hormonu ifrazının hər hansı səbəbdən kifayət qədər və ya heç olmaması, ya da toxumalarımızın insulinə qarşı rezistent hala gəlməsidir. Şəkərli diabetin hazırda 2 tipi vardır. Birinci halda pasientlər üçün gündəlik insulin inyeksiyaları mütləqdir, bəzi pasientlərdə avtomatik insulin pompaları implantasiya oluna bilər. İkinci tip diabet pasientlərinə isə həb şəklində dərmanlar və yaxud insulin təyin edilir. 

    Şəkər xəstəliyinin ən çox rast gəlinən və adətən, 35-40 yaşdan sonra ortaya çıxan tipi elə ikinci tipdir. Belə xəstələrdə mədəaltı vəzidə yetərincə insulin ifraz olunduğu halda, hüceyrələrdə olan insulin reseptorlarının işləməməsi səbəbindən insulin hormonuna qarşı həssaslıq itir. Bu zaman şəkər (qlükoza) insulin tərəfindən hüceyrələrə daşına bilmir və qlükoza miqdarı qanda çoxalmağa başlayır. Bu vəziyyət ağız quruması, çəki itkisi, çox su içmək və çox yemək yemə kimi simptomlarla təzahür edir.
    Qan şəkərinin uzun müddət miqdarının çoxluğu, ürək-damar sistemi, böyrəklər və gözlər başda olmaqla orqanizmdə bir çox qalıcı patologiyaların yaranmasına gətirib çıxarır. Dərman terapiyasından əlavə olaraq təbii üsullarla qanda şəkərin miqdarını tənzimləmək də mümkündür. Onların bəziləri ilə oxucularımızı da tanış etmək istəyirik:
    – 2 xörək qaşığı üyüdülmüş qarabaşağı 1 stəkan yağlılığı az olan kefirdə qarışdırıb, səhər və axşam qida qəbulundan 40 dəqiqə əvvəl istifadə etmək məsləhətdir.
    – Dəfnə yarpaqlarının dəmləməsi də xeyirlidir. Bunun üçün axşamdan termosda 10 dəfnə yarpağı 1/2 litr qaynar suda dəmlənilir və növbəti gün hər qida qəbulundan 30 dəqiqə əvvəl stəkanın 1/3 hissəsi olmaqla içilir.
    – Qara qarağat, böyürtkən yarpaqlarının dəmləmələri də çox faydalıdır.
    – 1 xörək qaşığı yemişan 1 fincan qaynar suda dəmlənilir və qida yeməzdən əvvəl çay kimi qəbul edilir.
    – 5 xörək qaşığı qədərində həmərsin əzilir və axşamdan termosda 1 litr qaynar suda dəmlənilir. Səhər bir neçə dəfə yaxşı süzülür və gündə 3 dəfə qida qəbulundan əvvəl stəkanın 1/3 hissəsi olmaqla içilir.
    – Adi soğan da qanda şəkərin səviyyəsini tənzimləyir. Gündə 2 dəfə qida qəbulundan əvvəl 1 xörək qaşığı soğan şirəsini için. Soğanın iyi sizi narahat edirsə, digər üsuldan istifadə edin: 1 baş soğanı sobada bişirin (qabıqlı), soyun və gündə 1 dəfə yeməkdən əvvəl qəbul edin.
    – 1 xörək qaşığı yonca çiçəklərini və yarpaqlarını 1 stəkan qaynar suda   3 saat ərzində dəmləyin və gündə             3 dəfə stəkanın 1/3 hissəsi olmaqla için.
    – 1 xörək qaşığı zirinc 1 stəkan qaynar suda dəmlənilir və gündə                3 dəfə qida qəbulundan əvvəl 2 xörək qaşığı qədərində istifadə olunur.
    – Yulaf da qanda şəkərin səviyyəsini tənzimləməyə yaxşı kömək edir. Bunun üçün 1 stəkan yulafın üzərinə 1 litr qaynar su əlavə olunur və vam odda kip bağlı qazanda 20 dəqiqə ərzində qaynadılır. 1 saatdan sonra suyu süzülür və gündə 3 dəfə qida qəbulundan əvvəl stəkanın 1/3 hissəsi olmaqla içilir.
    Bu xəstəliklə bağlı qəbul olunması məsləhət görülən bir sıra məhsullar da var.
    Avokado – diabetə qarşı dayanıqlığı artırır. Avokado yedikdən sonra qanda qlükozanın səviyyəsi uzun müddət sabit qalır, insan aclıq hiss etmir. Qara gavalı, digər quru meyvələr şəkəri artırsa da, qara gavalı şəkəri salır. Acı bibər metabolizmi aktivləşdirir, qanda şəkərin miqdarını aşağı salır, piylənmənin qarşısını alır. Mal ətində olan linol turşusu qanda şəkəri normallaşdırır, xərçəng əleyhinə effekt verir. Gündə 120 qram mal əti yemək olar. Sarımsaq mədə-bağırsaq xorası olanlara olmaz, amma diabet xəstələri sarımsaqla bağlı nə resept varsa, hamısını etsələr, yaxşıdır. Günə 2-3 diş sarımsaq qanda şəkərin miqdarını aşağı salır. Darçın da diabet xəstələri üçün xeyirlidir. Gün ərzində 1 çubuq və ya                 1 çay qaşığı darçını yoğurtla və südlə istifadə etdikdə qandakı şəkər səviyyəsini normada saxlamaq olar. Sarıkök də qandakı şəkərin miqdarını aşağı salır. Diabet xəstələrinin yeməklərində hər gün yarı çay qaşığı sarıkök istifadə etmələri məsləhətlidir. Öddaşından əziyyət çəkən xəstələr və hamilə qadınlar sarıkökdən ehtiyatla istifadə etməlidirlər. Zəncəfil 2 tip diabetlər üçün faydalıdır, antimikrob təsir xüsusiyyətilə yanaşı, şəkər xəstələrində  göz problemlərinin qarşısını alacaq. Zeytun yarpağı və gicitkən otunun hər birindən 1 xörək qaşığı götürüb           1 stəkan suda dəmləyərək gün ərzində davamlı olaraq içildikdə qanda şəkərin miqdarını tənzimləyir.
    Şəkərli diabet xəstəliyi ölümcül xəstəlik deyil, lakin düzgün qidalanma və yaşam tərzinə riayət etmədikdə ağırlaşmış nəticələrin əmələ gəlməsinə səbəb olar. Bəhs olunan şəkərli diabet xəstəliyi və bu xəstəliyin ağırlaşmasının qarşısını almaq üçün sadaladığımız müalicəvi dərman bitkilərini və digər vasitələri əldə etmək heç də çətin deyil. Çünki muxtar respublikamız dünyanın bir çox yerlərində olmayan müalicəvi bitkilərlə zəngindir. Qalır ki, onlardan həkim məsləhəti ilə istifadə edərək orqanizmimizi xəstəliklərdən qoruyaq.

Könül İSAYEVA
Naxçıvan Dövlət Universitetinin 
Tibb fakültəsinin müəllimi

Nəşr edilib : 22.11.2022 19:34