AZ EN RU

Şəkərli diabet uşaqların valideynləri göstərilən dəstəyə görə minnətdardırlar

Aprelin 5-də Naxçıvanda birinci tip şəkərli diabetdən əziyyət çəkən uşaqların valideynləri Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədli ilə görüşüb, göstərilən dəstəyə görə minnətdarlıqlarını ifadə ediblər.

Görüş iştirakçılarına səlahiyyətli nümayəndə Fuad Nəcəflinin salamlarını çatdıran Samir Seyidəhmədli “Naxçıvan Muxtar Respublkikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” çərçivəsində muxtar respublikada həyata keçirilən tədbirlər, o cümlədən səhiyyə islahatları barədə məlumat verib. Bildirib ki, şəkərli diabetdən əziyyət çəkən uşaqların dərman preparatları və digər ləvazimatlarla təminatı ilə yanaşı, ötən ildən başlayaraq ölkəmizdə ilk dəfə Naxçıvanda bu kateqoriyadan olan uşaqlara pulsuz müasir qlükoz sensorlar da verilir. 2023-cü ilin 6 ayı və cari ilin ötən dövründə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşəbbüsü və dövlət dəstəyi hesabına 0-18 yaş arası şəkərli diabetli 82 uşaq 959 qlükoz sensorla təmin olunub.

Səlahiyyətli nümayəndənin müavini bildirib ki, tibbi-sosial tədbirlərin əlçatanlığının və davamlılığının təmin olunması məqsədilə bu tədbirlər bundan sonra da davam etdiriləcək.

Valideynlər adından çıxış edən Məhərrəm Əhmədov və Nisə Cəfərova qeyd ediblər ki, ötən il Ağbulaq İstirahət Mərkəzində təşkil olunan “Diabet mənim dostumdur” adlı istirahət düşərgəsi, eləcə də mütəmadi olaraq qlükoz sensorlarla təminat övladlarının tibbi, sosial və psixoloji inkişafına mühüm təsir göstərib, onların cəmiyyətə inteqrasiyasını təmin edib.

Valideynlər bütün bunlara görə dövlətimizə minnətdarlıqlarını bildirib, Naxçıvanda həyata keçirilən yenilikləri dəstəklədiklərini, dövlətimizlə daim həmrəy olduqlarını bildiriblər.

 

Nəşr edilib : 05.04.2024 19:33