AZ EN RU

Şeiriyyətimizin Vətən eşqi ilə çağlayan Şəhri – Yarı

    Hisslər bu qədərmi təmiz, bu qədərmi məna yükü ilə dolub-daşar? Azərbaycanın memarı və qurucusu Heydər Əliyev şeirə, sənətə ən ülvi hisslərlə dəyər verərək müsahibələrinin birində “sevdiyiniz şair” sualına “Şəhriyar”, – deyə cavab verir. Ulu Öndərin Şəhriyar irsinə böyük rəğbət və diqqət göstərməsi, şairin 90 illiyində imzaladığı Sərəncam ona dövlət səviyyəsində ehtiramın ən mötəbər göstəricisi idi. Buna görə də “Heydər Əliyev İli”ndə ustad Şəhriyarı xatırlamamaq  böyük qəbahət olardı. 

    Ömrünü qara günlərlə keçirib ah-vay edən, sonsuz arzularını, saysız diləklərini baxışlarında söndürüb kiçik tabutuna sığdırıb arxasında, onu sevən, onu hiss edən, çiyinlərdə Şəhriyar yükünü daşıyan bir cahan qoyub getdi. O cahan ki gündüzün yadigarını gecəyə qataraq hər gecə ulduz sayıb Ayı gözləyir, fəqət, sinəsindən son nəfəsini çıxarıb atan Ay məzarını şeirləri ilə ömürlük ürəyimizdə qazıbmış.
    Səndən keçən dünya bizə nə qədər yad, nə qədər özgədir artıq. Sənə nağıl danışaq: “Qurd keçinin Şəngülümünü yenə yesin”, külək qalxsın qapı-bacanı yenə döysün, sən də yenidən uşaq ol, uzaq düşdüyün elinə qayıt, gözümüzdən yaşlar axdıqca sənə çıraq olaq, yol açaq! Dirildib Aşıq Rüstəmin sazını dilləndirək, sənin o yatmış bəxtini, o pərişan qəlbini, bəlkə, beləcə, oyada bilək... Heydərbabadan haray salıb, Arazın göz yaşlarını qurudaq, sənə ömür salaq! İçində yaşayan bir ölünü – Sürəyyanı dirildib çağıraq Turi-təcəllayə, sən də Musa olub o uzun səfərdən qayıt bizə. Tehrana qeyrət, Təbrizə vəfa olaq, Səmədlərdən, Rüstəmlərdən, Babillərin nəfəsindən nəfəs gətirib, ölü bir cana nəfəs olaq... Yazılmayan, “Yar-qasidi”, oxunmayan “Behcətabad xatirəsi” olaq, bəlkə, əllərin qələm, özün ilham olaraq qayıdasan bu dünyanın sənsiz qalan, səssiz qalan zülmətinə... Səssiz qalmış bu dünyanın zülmətinə səslənirik?! Hanı günbəgün qəddini əyib yaşadaraq öldürdüyün, indi isə öldürüb yaşatdığın Şəhriyar?! Susur hər kəs, hər şəhər... Susur sanki acıdan yoğrulduğun, Nişapur, ah-nalənlə nəfəs alan Tehran! Təkcə Təbriz danışır, indi hər parçası, hər daşı, çünki hicrana bürünüb, çünki hay-küyündə sızıltısının laylasını oxuyaraq, əbədi yatırtdığı Şəhriyarı hifz edir, Şəhriyara qucaq olub. Artıq o, əbədiyyət məkanında ölümün heçlik rəmzinə çevrilib. Yavaş-yavaş sakitləşir, danışan hər şey, təkcə yaşadığın məhəllənin kimsəsiz küçələri danışır, gəzərkən hər tinində can verdiyin, sənə sirdaş olub yumşalan divarların, vida astanasında gözlərindən mil çəkdiyin daşların dilə gəlir indi, misra-misra sən qışqırır, bənd-bənd evinin sənsizliyini qoruyur. Səs-səsə verən əşyaların çiliklənib söz tökür, otağının sən qoxan hər küncü əl-ələ verib, səni gözləyir, iz buraxdığın hər əşyan üzərində tozlanmış böyük bir xatirədən asılır, hər gün bir az da kimsəsizləşib, toxunulmaz, sınmaz olur... 
    Qardaş nə qədər yadlaşsa da, yaddan çıxmaz, ustad. Süsənlərə, sünbüllərə sarınan könlün Vahidin, Qabilin, Sabirin, Bülbülün şair ruhuna ruh, Rahimin, Süleymanın, Bəxtiyarın, Gülgünün, Osmanın, Nəbinin, Rəsulun Araz dolu həsrətli baxışına göz oldu. Heydərbaba sənsiz yetim, oğulsuzdur artıq. “Çoban qaytar quzunu” oxuyan yoxdur, ətəyində hər yaz bitən novruzgülü, qarçiçəyi sənsiz solur, itir-batır. Kəkliklərin səni tapmır, qanadı qırıq halda uçub köç edir, ustad!
    İndi qırıq qəlblərin təsəlliyə, nakam sevgilərin çarəyə, yarım qalmış canların tamamlanmağa, Vətən həsrəti ilə yanıb tutuşanların Vətənə ehtiyacı olanda, Şəhriyar deyə-deyə, keçdiyin küçələrin ahından nəfəslərinə qataraq sənə gəlir, sərgərdan olmuş adamlar kimi yalın ayaqlarla qaçıb sənin keçdiyin yollara sığınır, addım-addım ayaq izlərindən səni hiss edib, o maviyə bürünmüş qapına Şəhri-Yar deyib də gəlir. Bədənlərinə dar gələn ruhlarına ruhundan ruh qatasan deyə gəlir, ustad... Sən hiss edirsən, sənə sığınanları... bəlkə də, sən çağırırsan deyə hər kəs sual olaraq gəlib, cavab olaraq dönür.
    Görəsən, yarımcan bir çırağın işığını yandıran, gözlərinin odunu töküb neft əvəzinə ocağı odlandıran Kövkəb anamı səni Şəhriyar etdi, yoxsa rişxənd ilə qırcınan səhəri açarkən gözlərinə doldurduğun Sürəyyan?! Susma, ustad, susma, nə olar, danış bizimlə! Sən deyildinmi Sürəyyanın cənnətinə quş olub da gələn?! Hər kəs səni sevgi şairi olaraq “Behcədabad xatirələri” ilə sevdi. Görəsən, Pəri də belə sevdi, yoxsa o fərqli olaraq Behcədabadın qanatdığı yaraları da sevdimi? Bəs öz qanatdığı yaraları necə? Sevə bildimi o yaraları? “Getdi mənim həyatımı vurdu daşa, çıxdı başa” dediyin Pəri elə həmin Pəri idi ki, xəstə yatağında şama pərvanə olaraq sənə dəfələrlə baş çəkmiş, sənin qeydinə qalmağa başlamış fəqət sənin –

    Gəlmisən canımı almağa, sənə qurban, indi niyə? 
    Düşmüşəm əldən daha, ey bivəfa, indi niyə?
    Nuşdarusan, amma Söhrab öləndən sonra gəlmisən? 
    Ay daş ürək, bir qədər tez gəlsəydin, indi niyə?

    sözlərinlə sirrə qədəm basmışdı!

    İndi evini ümidsizcə isladan göz yaşları, yanar dağa dönən ağrılar, ürək aynasında çata dönənlər yad edir, hər divardan asılmış şəklindən soraqlaşır səni...
    “Neçə siqaret yandırıb kül etmişdin Sürəyyanın odunda?!
    Nə qədər göz yaşlarıyla saymışdın?! Sürəyyanın getdiyi günü... göz yaşların bitmədiyi kimi günlər də bitməyəcəkdi...Fəryadında çarəsizliyin lallaşarkən, sevgin saçlarının bəyazından asılmışdı, əllərin qırışarkən nə qədər cığır açmışdı sevgin ömür yoluna?! Son dəfə görmək ümidi ilə gecə boyu gözləyərkən gözlərin alışdı sevginin yuxusuzluğuna, o zamandan bərimi masmavi gözlərin bitməyən gecənin qaranlığında saralıb soldu?! Sən ən gözəl onun qəlbində gizləndin, illər boyu... Zaman keçdikcə məskən saldın orada... axtarıldın, arandın Məhəmmədhüseyn olaraq doğulub, bir gün Şəhriyar olaraq çıxdın meydana... Gecədən zülmət səhərə oyananda oyun bitmişdi, danışdığın hekayənin yolu bitmədiyi üçünmü, Səbanın setarında simə dönüb, yalnızlığında rəqs etmiş?! Nimanın şeirlərində sirləşib, Sadıq Hidayətin “Pəs Qole” şəlaləsindən su olub axaraq, intihar edib dəfələrlə ölmüşdün?! İndi necə də sükuta qərq olub, qaranlığın kor səssizliyində lal olubsan, ömürlük yarım qalıb, sərhədləri göz yaşı ilə, nisgili ilə qıra bilməyən, çiyinlərdə Vətən həsrəti ilə, nakam sevgisi ilə məzara daşınan, Vətəndən aralı darda qalıb, şeirlərindən azadlıq tapıb səadətə addımlayan, Azərbaycansız heç olub, Vətənin eşq məktəbində can vermiş şairsən artıq. Ruhdaşları ilə şeirlərdə, kitablarda görüşən, yazdığı hər misra ilə Vətənə qucaq dolusu sevgi, həsrət yağdıran, nəğməkar bülbülü bağından, güllərindən aralı salıb qəlbinə tikan oxu vuran elə həmin ayrılıqsan ki ayrılıqsan! Geriyə buraxdığı hər şeiri, hər gün Şəhriyar olan, Heydərbaba kimi daşlaşıb, dillərdə gəzən elə həmin Şəhriyarsan artıq!!! Öz şəfəqlərini əbədiyyət üfüqlərinə saçıb, öz işığında yanan, batan ulduz doğacaq Günəşsən indi!
    Təbriz Şəhriyarsız oğulsuz, yetimdir artıq. Heydərbaba hər gün sənin yerinə səs salır: “Gəl görək, niyə gec qaldın”, – deyir. Biz sənin xəyalımızda daima yaşatdığımız yarım qalan anlıq xoş xatirələrin və ilhamımızı səndən aldığımız nəfəsinlə yaşayırıq. Necə demişdin: 

        Hara getsəm, orada hiss edərəm sən varsan,
        Dönərəm mən küləyə, yolları asan gedərəm.

    Özün deyirdin ki, hər bir can yandıran şeirini bir əzizinin qəlbinə vurduğu dağ bahasına əldə etmisən. Bu dağ basılmış yanıqlı çağların sənə “Behcədabad xatirələri” adlı ölməz əsəri qazandırdı. 
    Ustad! Yarım qalan taleyində nə ömür yaşadın ki? Bu həştad ilin yarısı gecə oldu – yuxuda, xəyalda keçdi, qalan yarısının yarısı oynamağa – uşaqlıq dövrünün şıltaqlıqlarına, ömrünün gənclik adlanan qalan yarısı həyati, maddi-cismani ehtiyacları ödəməyə həsr olundu, qalan yarısında qocalıq çağları – bədbəxtlik və çətinlik dövrü başlandı. Ustad, sən bu uzun və mənasız illərdə düşünməyə, yaratmağa, incilər saçmağa macal tapıbsansa, deməli, ömür elə budur, qalanı isə boş xəyaldır. 
    Şəhriyarsız Təbriz hicrana bürünüb. Özünü acıdan yoğruldub ağrıdan yaradıb. Ömürlük yarım qalan şair, sərhədləri göz yaşı ilə, nisgili ilə qıra bilmədən sonsuz arzularını, saysız diləklərini baxışlarında söndürüb, kiçik tabutuna sığdıraraq, çiyinlərdə Vətən həsrəti ilə, nakam sevgisi ilə məzara daşındı. Vətənindən aralı darda qalıb, şeirlərində azadlıq tapıb səadətə addımladı. Azərbaycansız heç olan şair Vətəninin eşq məktəbində can verdi. O ancaq ruhdaşları ilə şeirlərdə, kitablarda görüşdü. Yazdığı hər misra ilə qucaq dolusu sevgi, həsrət yağdırdı Vətənə. Geridə buraxdığı hər şeir, hər gün Şəhriyar oldu Azərbaycana. Hər gün ümidsizcə Şəhriyarı gözləyən ümid, arzu oldu Vətənə. Yüz min kərə sınansa da, bu ayrılıq elə Vətəndən ayrıldığı həmin ayrılıq idi ki, nəğməkar bülbülü bağından, güllərindən aralı salıb qəlbinə tikan oxu vurdu. 
    O artıq bu dünyaya əbədiyyət dünyasından nur atəşi saçıb işıq salır. Onun keçdiyi karvan ayrılığın acı şərbətini içib, bu dünyadan gedər-gəlməz yollarla zülmət qaranlığa gedib. O gedəndən ürəklərimizdə dayanan zaman çoxdan keçib, lakin keçmişimizdən Şəhriyarımız – xəyal meydanımız qalıb. Cismi bu dünyadan köç etsə də, Şəhriyarın eşqi ruhumuzda həmişəlik yaşayır, heç qocalmır, günü-gündən dərinləşib kök salır, damarlarımızda qan olub axır... Şəhriyar yanan ürəklərə “Araz olub” hey axır, axır!!!

Fariz  ƏHMƏDOV
Könül SEYİDOVA

Nəşr edilib : 15.09.2023 20:35