AZ EN RU

Səhnədə keçən ömür

Ömrünü teatr sənətinə bağlayan insanlar bir qədər fərqli olurlar. Sanki hər gün onlar yeni bir obrazın daxili aləmi ilə yaşayırlar. Bu teatr sənətinin özünəməxsus qayda-qanunlarından irəli gəlir. O da var ki, bu sənətə ürəkdən bağlı olanlar heç vaxt ondan ayrıla bilmir, həyatını teatrsız, tamaşasız təsəvvür etmir. İstər peşəkar teatr olsun, istərsə də bu teatr üçün baza rolunu oynayan, necə deyərlər, müxtəlif sənət sanibləri olan həvəskarların toplandığı xalq teatrı olsun. Hər birində çalışan sənəti eyni dərəcədə sevir, onu yaşadır.

Bu cür aktyorlardan bir də Naxçıvan Şəhər “Gənclik” Xalq Teatrının rejissoru və aktyoru Akif Əsədovdur. Səhnədə özünəməxsus oyun tərzi, danışıq, davranış manerası onu digərlərindən həmişə fərqləndirib. Çünki Akif müəllim bu sənəti ali təhsil səviyyəsində mənimsəyib. Belə ki, Akif Əsədov orta məktəbi bitirəndən sonra taleyini incəsənətə bağlayıb. 1974-cü ildə Bakıda fəaliyyət göstərən Mədəni-Maarif Texnikumunda Özfəaliyyət kollektivləri rəhbəri fakültəsində təhsil alıb. Burada bir-birindən maraqlı rollar oynayan gənc Akif həm də Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində hazırlanan müxtəlif səpkili yumoristik verilişlərdə çıxış edib. Səyavuş Aslan, Nəsibə Zeynalova, Hacıbaba Bağırov kimi sənətkarlarla televiziya tamaşalarında rol  alıb. O qədər təbii oynayıb ki, bu korifey sənətkarların hörmətini qazanıb. Hətta o zaman Azərbaycan Televiziyasında Şukşinin hekayələri əsasına hazırlanan “Tayqa meşəsi” teletamaşasına görə Şuşa şəhərinə istirahətə göndərilib. Bundan sonra isə , Sabit Rəhmanın “Xoşbəxtlər” əsərindəki Bərbərzadə roluna və tədbirlərdə ustalıqla ifa etdiyi kiçik rollara görə nümunəvi həvəskar gənc aktyor kimi Macarıstanın Budapeşt şəhərinə göndərilib. 1980-ci ildə keçirilən respublika xalq teatrlarının  baxış müsabiqəsində Braziliya dramaturqu Q. Fiqeyerdonun “Ezop” əsərində oynadığı Həbəş roluna görə diploma layiq görülüb.

1983-cü ildə ilk dəfə onun iştirakı ilə xalq teatrında hazırlanan  Səttar Axundovun “Məhəbbət nişanəsi”  komediyası təkcə muxtar respublikanın kənd və şəhərlərini deyil, eyni zamanda Balakən, Zaqatala, Qax, Qazax, Şəki, Şamaxı kimi rayonlarda tamaşaçılara təqdim edilib. 1974-cü ildən 2022-ci ilə qədər 1 filmə, 14 sənədli filmə, 20-dən çox televiziya tamaşasına çəkilib, radioverilişlərdə iştirak edib.  

Akif müəllim deyir ki, 48 illik səhnə həyatımda Naxçıvan Şəhər “Gənclik”  Xalq Teatrının səhnəsində  100-dən artıq rol oynamışam. 20-dək tamaşaya quruluş vermişəm.  2005, 2015, 2017-ci illərdə  Naxçıvan Muxtar Respublikası xalq teatrlarının baxış müsabiqəsində qalib olmağıma səbəb həm sənətə olan sevgi, həm də  göstərilən dövlət qayğısıdır.  2019-cu ildə xalq teatrlarının muxtar respublika  festivalında  Seyfəddin Dağlının quruluş verdiyim və baş rolda oynadığım “Adı sənin, dadı mənim” komediyasına görə “Ən yaxşı aktyor” nominasiyası üzrə diploma layiq görülmüşəm.  

Onun xalq teatrında oynadığı  rollar heç də peşəkar teatrda  ifa edilənlərədn geri qalmır. Eyni emosiya, həvəs və bacarıqla təqdim edir obrazları. Bir qədər çevik və dinamik aktyor təsiri bağışlayır Akif Əsədov. Baxmayaraq ki, 65  yaşı var, amma yaşından 20-30 il balaca olan obrazları ustalıqla oynayır.

Bu gün də eyni həvəslə, maraqla xalq teatrının səhnəsində çıxış edir Akif Əsədov. Deyir ki, 65 yaşım olsa da, ürəyimdə gənclik eşqi və sənət yanğısı sönməsə də estafeti yeni nəslə  verməyin zamanı çatıb. Çox istərdim ki, məni bu sahədə elə mənim qədər sənəti sevən və ona bağlı olan biri əvəz eləsin. Düzdür, yetərincə marağı olan və bacarıqlı gənclər var. Amma mənim üçün bu sənət həyatımın sonuna qədər ayrılmayacağım ən yaxşı dostumdur.

Sənətinə qəlbən bağlı olan sənətkar deyir ki, xalq teatrları böyük səhnə üçün baza rolunu oynayır. Əsas odur ki, həvəskar gəncləri burda yetişdirib böyük sənət yoluna sala bilək. Onda aktyor ömrü bu gənclərlə bərabər uzun illər davam edəcəkdir.

Məcid RƏŞADƏTOĞLU

Nəşr edilib : 29.03.2022 17:22