AZ EN RU

Səhiyyə sahəsi daim dövlətin qayğısı ilə əhatə olunub

Bu sahədə çalışan həkimlərimiz fövqəladə vəziyyətlərə hazır olub, insanların sağlamlığı qayğısına layiqincə qalırlar

Dünyada çox sayda sənət və minlərlə peşə var. Rəssam şəkil çəkir, bəstəkar musiqi bəstələyir, müəllim təhsilli gənclik yetişdirir, şair şeir yazır, yazıçı əsər. Tarixçi dünəni,  bu günü yazır. Sənətini, gördüyü işi ürəkdən sevən hər kəs yaratdığı bir əsərə, ya da ki, gözəl bir rəsmə, qələmə aldığı məqaləyə illər sonra baxanda onlar isə dünyaya yenidən qaytardıqları insanlara, dünyaya göz açmasına yardım etdikləri körpələrə, gözünə nur bəxş etdikləri insanlara baxanda qürurlanır. Onlar dünyanın mən deyərdim ki, ən çətin və şərəfli peşəsinə sahibdirlər. Azərbaycan həkimi. Öz şəfalı əlləri ilə Tanrıdan sonra insanlara şəfa və ümid verənlər. Sağlamlığa qovuşduqları, ölümdən xilas etdikləri insanlarla birlikdə gülüb, sevinənlər. Gecəsi-gündüzü bilinməyən bir peşənin sahibi olan həkimlərdir bugünkü müsahiblərimiz.

Ömrünün 70 ilinin yarısından çoxunu insanların sağlamlığına həsr edən Babək rayon  Nehrəm qəsəbə həkim ambulatoriyasının baş həkimi Hüseyn Niftəliyev muxtar respublikada tanınan həkimlərdəndir. O, 1975-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun pediatriya fakültəsini bitirib. 1982-ci ilin aprel ayında  Nehrəm kənd xəstəxanasına baş həkim təyin olunub. Yeni Azərbaycan Partiyasının üzvü kimi  2005-2010-2015-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə deputat  seçilib. 2004-cü ildə Naxçıvan Muxtar Respublikasının “Əməkdar həkimi”  fəxri adına,  2007-ci ildə “ Tərəqqi” medalına, 2013-cü ildə ulu öndər Heydər Əliyevin 90 illik yubileyi münasibətilə buraxılmış “Xatirə” qızıl medalına, 2019-cu ildə isə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018) yubiley medalına layiq   görülüb.  2021-ci ildə Azərbaycan Respublikasının Əməkdar Həkimi adına layiq görülüb. Onunla həmsöhbət olduğumuzda dedi ki, ilk həkimlik etdiyi vaxtlarda -1977 ci illərdə çox şəraitsiz xəstəxanalarda işləmək məcburiyyətində qalıblar. Elə olurdu ki, bu şəraitsiz xəstəxana palatalarında beş, altı nəfər birlikdə yatıb müalicə olunmaq məcburiyyətində qalırdı. Bu gün müasir xəstəxanalar ən yeni tibbi avadanlıqlarla təchiz edilib. İndi sahib olduğumuz tibb ocaqlarını həmin illərdə heç xəyal belə edə bilməzdik. Yaxşı şərait və müasir avadanlıqlar xəstələri müayinə etməyimiz və düzgün diaqnoz qoymağımızda ən yaxın köməkçimizdir. Bunu münbit şəraitə isə çətin günlərdən sonra gəlib çıxmışıq. Ulu öndərin Naxçıvana-öz doğma yurduna  gəlməyi bu diyarı həmin illərdə işğal və yox olmaq təhlükəsindən qurtarmaqla, yanaşı, yeni üfüqləri də açdı. Dahi rəhbərin siyasətinə sadiq olan insanların zəhməti ilə də yurdumuz gündən-günə gözəlləşdi . Hər sahə kimi səhiyyə də inkişafının ən yüksək səviyyəsinə çatdı.

Kəngərli Rayonu Mərkəzi xəstəxanasının Təcili Yardım şöbəsinin müdiri Nəcəf Həsənovu  rayonda böyükdən, kiçiyə hər kəs tanıyır. O, şəfalı əlləri bir çox insanı sağlamlığına qovuşdurub. Onunla rayon xəstəxanasında həmsöhbət oluruq:

O dedi: həkimlər daim fövqəladə vəziyyətlərə hazır olmalı və insanlara yardım etmək hissindən həzz almalıdır. Həkimlik rahatlıq sevənlərin sənəti deyil, gecəsi, gündüzü bilinməyən peşədir. Amma nə qədər əzablı-əziyyətli olsa da, sonu fərəhlidir. İşin sonunda bilirsən ki, kimi isə sevindirmisən, xeyirxahlıq etmisən. Belə məqamlarda keçirdiyin həyəcan da, əziyyətlər də insanın gözünə görsənmir. Həkim işlədiyim vaxtlardan bu günə kimi belə məqamlarla çox rastlaşmışam. Nigaran baxışlar, narahat ürəklərə təsəlli vermək o baxışlardakı nigarançılığı, narahatlığı sevincə çevirmək mənə görə dünyanın ən böyük xoşbəxtliyidir. Əlbəttə ki, bu böyük əzm və iradə, eləcə də insanlığa dərin məhəbbət tələb edir. Ömrünün 34 ilini insanlara şəfa paylamaqla keçirən həkim odu da bildirdi ki, dövlətimizin yaratdığı şərait xəstəliklərə düzgün diaqnoz qoymağımıza kömək edir. Xəstəxanadakı şərait, təcili yardım maşınlarının müasir standartlara cavab verməsi işimizi asanlaşdırır. Əməyi dövlətimiz tərəfindən qiymətləndirilən Prezident cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə Tərəqqi medalına layiq görülən həkim onu da qeyd etdi ki,  bu gün gənc həkimlər üçün də münbit şərait var. Onlar da gələcəkdə bacarıqlı peşəkar olmaq üçün bu şəraitdən istifadə edir və çalışırlar ki, həkim kimi şərəfli bir adı daha da ucalara qaldırsınlar.

İlqar İbrahimov 1966-cı ildə Ordubad rayonunda anadan olub. Ali təhsilini Azərbaycan Tibb Universitetində cərrahlıq ixtisası  üzrə alıb. Hazırda Ordubad Rayon Mərkəzi Xəstəxanasında Təcili Tibbi Yardım şöbəsinin müdiri, cərrah kimi çalışır.  1993-cü ildən bu xəstəxanada fəaliyyət göstərən həkim söhbətimiz zamanı qeyd etdi ki, ailələrində qohumları, qardaşı Ordubad Rayon Mərkəzi Xəstəxanasında çalışmış, öz iş təcrübələrinə görə tanınmış həkim olublar. Gecə-gündüz qardaşının xəstə çağırışların getməsi, xəstələrə yardım göstərməsi onda uşaq yaşından bu işə böyük həvəs yaradıb. Müsahibim deyir: – Səhiyyə sahəsi daim inkişafda olan sahədir. Muxtar respublikamızda prioritet sahə kimi səhiyyəyə daim diqqət və qayğı göstərilir. Bizim xəstəxanamız da bu qayğıdan öz bəhrəsini alıb. Müasir tibbi avadanlıqlar bizə öz işimizi günün tələbləri səviyyəsində qurmağa kömək edir. Fəaliyyətimiz üçün belə şəraiti yaradanlara minnətdarlığımı bildirirəm.

Məhəmməd Ağayev 1953-cü il sentyabrın 7-də Culfa rayonunun Camaldın kəndində anadan olub. Hazırda doğma kəndində yaşayır. Məktəb illərindən həkimlik peşəsinə böyük marağı olub. İstəyib ki, imkansız, köməyə ehtiyacı olan insanlara tibbi cəhətdən yardım göstərsin. Müsahibimin deyir ki, 1968-ci ildə orta məktəbi əla qiymətlərlə bitirdikdən sonra 1974-cü ildə Azərbaycan Tibb Universitetinin müalicə və profilaktika fakültəsinə daxil olub. 1980-cı ildə həmin ali təhsil ocağını həkim-terapevt ixtisası üzrə bitirib. Həmin il Naxçıvan Muxtar Respublika Xəstəxanasında 1 illik internatura kursunu bitirib və Culfa Rayon Mərkəzi Xəstəxanasında həkim-terapevt kimi tibbi fəaliyyət göstərməyə başlayıb. 1983-cü ildən Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunun nevrologiya kafedrasında nevropatoloq ixtisası üzrə kursda olub və həmin dövrdən həkim nevropatoloq işləyir. Culfa Rayon Mərkəzi Xəstəxanasında 1998-ci ildən baş həkimin müalicə işləri üzrə müavini , 2001-ci ilin dekabrdan 2017-ci ilin aprel ayınadək baş həkim vəzifəsində çalışıb. Hazırda həmin xəstəxanada həkim-nevropatoloq vəzifəsi üzrə çalışır və  sinir sistemi xəstələrinin normal həyata qayıtması, əmək qabiliyyətinin bərpa olunması və sair sahələrdə insanlara kömək edir. Həkim onu da bildirdi ki, səhiyyə sahəsinə dövlətimizin qayğısı olduqca böyükdür. Yüksək dərəcəli tibbi avadanlıqlar dövlətimiz tərəfindən bütün xəstəxanalarda təmin olunub.  Səhiyyə sahəsində olan yenilikləri həkimlərin nəzərində çatdırmaq üçün konfranslar, tibbi mühazirələr təşkil olunur. Azərbaycan dövləti vətəndaşlarımızın sağlamlığı naminə hər cür yardım göstərir.

     Çalışdığı işi ürəkdən sevə bilmək, ona  aşıq olmaq isə hər kəsə nəsib olmur deyir Şərur Rayon Mərkəzi Xəstəxanasının gənc  həkim -cərrahı  Nurlan Cəfərov . Onunla çətin keçsə də uğurla başa çatan əməliyyat sonrası həmsöhbət oluruq:

Bu gün muxtar respublikanın səhiyyə sahəsi dövlət qayğısı ilə əhatə olunub. Müxtəlif ölkələrə dövlət tərəfindən təkmilləşdirmə kurslarına göndərilirik. Bundan əlavə işlədiyimiz xəstəxanalar ən müasir avadanlıqlarla təmin olunub. Şərur rayon mərkəzi xəstəxanası da müasir tibbi avadanlıqlarla təchiz edilib. Rayon sakinləri buradakı şəraitdən istifadə edib öz sağlamlığının qeydinə qalır. Həkim onu da bildirir ki, bu günə kimi onlarla əməliyyat edib onların arasında iki yaşlı uşaq da var, 94 yaşlı qoca da. Elə vaxt olub ki, əməliyyat  6-8 saat çəkib. Amma əməliyyat otağından çıxıb  yaxınlarına əməliyyatın uğurlu keçdiyini demək ona bu saatlar boyunca çəkdiyi çətinlikləri unutdurub.

Elvin Gülmalıyev 1987-ci ildə  martın 15-də Şahbuz rayonunun Yuxarı Qışlaq kəndində anadan olub. Hazırda Şahbuz rayonunun Ayrıc kəndində yaşayır. 2004-cü ildə Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin Pediatriya ixtisasına qəbul olunub, 2011-ci ildə həmin ixtisası bitirib. 2008-2009, 2009-2010-cu tədris ilində  dövlətin qayğısı ilə  Türkiyə Respublikasının Kocaeli Universitetində praktika keçib. 2010-2011-ci illərdə bir illik internatura təhsilini Türkiyənin Fırat Universitetində davam etdirib, orada öz ixtisası ilə yanaşı ultrasəs müayinəsi ixtisasına yiyələnib. Müsahibimin deyir ki, həkim olmağa uşaqlıqdan qərar verib. Həkimlik peşəsi ona həmişə sirli, müqəddəs görünüb. Universiteti bitirəndən sonra hərbi xidmətə çağırılıb, üç aylıq kurs keçəndən sonra zabit rütbəsi alıb. İki il N saylı hərbi hissədə  hərbi həkim vəzifəsində işləyib. 2013-cü ildən Şahbuz Rayon Xəstəxanasında pediatr, ultrasəs müayinəsi həkimi, dializ həkimi və digər vəzifələrdə işləyib. İşdən kənar vaxtlarda isə Naxçıvan şəhərində fəaliyyət göstərən “Şəfa” özəl tibb müəssisəsində çalışır. Həkimin dediklərindən: – Mənim üçün ən önəmli iş xəstələrimin sağlamlığını bərpa etmək, onların inam və etimadını qazanmaqdır. İşlədiyim müddət ərzində “İlin gənc həkimi” seçilmişəm, səhiyyə sahəsində təşəkkürnamə və fəxri fərmanlarla təltif olunmuşam. Bir həkim kimi daim öz üzərimdə çalışıram. Tibb sahəsindəki yenilikləri izləyir, sahəm üzrə müəyyən araşdırmalar aparıram. Səhiyyə sahəsinə dövlətimiz böyük qayğı göstərir. Muxtar respublikamızın ən ucqar kəndlərində belə feldşer-mama  məntəqələri fəaliyyət göstərir, bütün rayon və şəhərlərdə ən müasir cihaz və avadanlıqlarla təchiz edilmiş yeni xəstəxanalar tikilib istifadəyə verilib. Bu xəstəxanaların hər birində təcili tibbi  yardım şöbəsi fəaliyyət göstərir ki, bu şöbələrdəki müasir texnologiyaya malik təcili yardım maşınları hər an çağırışa çıxmağa hazırdır. Bütün bunlar dövlətimizin səhiyyə sisteminə göstərdiyi qayğının bariz nümunəsidir.

Gənc həkim Zərri Əbilova bir neçə  aydır ki, rayon xəstəxanasında çalışır. O dedi:       – Həkim olmaq istəyim orta məktəb illərindən var idi. Bu istəyimi reallığa çevirmək üçün əzmlə çalışdım və ali məktəbə qəbul oldum. İnsanların keçirdikləri əzab-əziyyətləri, ruhi sarsıntıları duymaq, onun səbəblərini aşkar etmək üçün bu peşəni özümə həyat yolu seçdim. Doğma diyarımızda  bütün  sahələrlə yanaşı, tibbi kadrların hazırlığının ən müasir tələblər səviyyəsində qurulmasına da ardıcıl və hərtərəfli dövlət qayğısı göstərilir. Naxçıvan Dövlət Universitetin Tibb fakültəsi üçün ən müasir standartlara cavab verən tədris bazası yaradılıb. Bu qayğının çoxşaxəli imkanlarından mənim kimi bir çox insan da bəhrələnib. Fakültədə mükəmməl təhsil almaqla, yanaşı qardaş Türkiyədə və İran İslam Respublikasındakı universitetlərinin tibb fakültələrində, xəstəxanalarında ixtisas təcrübələrində iştirak etməyim bu peşənin sirlərinə dərindən bələd olmağıma səbəb olub. Zərri həkim onu da vurğuladı ki,  bu gün bu yolda yorulmadan irəliləyir, yenilikləri öyrənir və muxtar respublika sakinlərinin sağlamlığının keşiyində dayandığım üçün qürur duyuram. Diyarımızda gənclər hərtərəfli qayğı ilə əhatə edilir. Mən də bu qayğıdan bəhrələnənlərdən biriyəm. Naxçıvan dövlət universitetinin Tibb fakültəsini bitirib Sədərək rayon Mərkəzi Xəstəxanasında işə qəbul olmağıma çox sevindim. Bura yaşadığım Dəmirçi kəndinə yaxın məsafədə yerləşir. Hər cür şərait də mövcuddur ki, təcrübə qazanım. Yaradılan şəraitə görə minnətdaram.  

Bu gün muxtar respublikanın təkcə şəhər mərkəzlərində deyil ən ucqar kəndlərindəki səhiyyə ocaqlarında olarkən inana bilmirsən ki, vaxtı ilə blokadanın yaratdığı ağır çətinliklərlə üz-üzə qalan bir məkan bir gün belə bir inkişafa nail olub. Bütün bunlar ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasətin Naxçıvan Muxtar Respublikasında uğurla həyata keçirilməsinin ifadəsidir. İnsanların sağlamlığı keşiyində dayanan ağxalatlı peşə sahibləri də bunu dərindən dərk edir, onların qarşısına qoyulan vəzifələrin öhdəsindən layiqincə gəlməyə səy göstərirlər.

 Ramiyyə Əkbərova

Güntac ŞAHMƏMMƏDLİ

 

Nəşr edilib : 17.06.2022 12:44