AZ EN RU

Səhiyyə Nazirliyi Laçında əhali üçün kardioloji müayinələr təşkil edib

Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə iyunun 12-də nazirliyin akademik C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun (ETKİ) həkim briqadası Laçın şəhərində əhali üçün kardioloji müayinələr keçirib.

Səhiyyə Nazirliyinin media və kommunikasiya şöbəsindən verilən məlumata görə, işğaldan azad olunan ərazilərə “Böyük Qayıdış” Proqramı çərçivəsində nazirlik tərəfindən davamlı şəkildə təşkil olunan tədbirlər zamanı vətəndaşlar arasında müxtəlif tibbi müayinələr, eyni zamanda, sağlamlığın təşviqi istiqamətində maarifləndirici aksiyalar keçirilir.

Tədbirin əsas məqsədi vətəndaşların ürək-damar sistemi xəstəliklərinin qarşısının alınması, miokard infarktı riskinin erkən aşkarlanması və müalicələrin təyin edilməsidir.

Aksiya çərçivəsində institutun kardioloq, nevropatoloq, endokrinoloq, tibb bacısı və laboratoriya üzrə mütəxəssislərindən ibarət briqadası əhaliyə tibbi baxış aparıb, ExoKQ, EKQ müayinələri keçirib. Eyni zamanda, qanda şəkər, ekspress üsulla xolesterinin səviyyəsi müəyyənləşdirilib. Bundan əlavə, müayinələr zamanı səhhətində problem aşkarlanan sakinlərə peşəkar tibbi məsləhət verilib və müvafiq müalicələr təyin olunub.

Ümumiyyətlə, aksiya zamanı 200-dən çox vətəndaş müayinələrdən keçirilib.

Müayinələrdən sonra sağlam həyat tərzinin təşviqi ilə bağlı, eyni zamanda, yüksək təzyiq və ürək tutması zamanı ilk tibbi yardımın göstərilməsinə dair Laçın ictimaiyyəti üçün maarifləndirici tədbir təşkil olunub.

Ətraflı təqdimatla çıxış edən Kardiologiya İnstitutun direktoru, professor Gülnaz Dadaşova ürək-damar xəstəliklərinin müasir tibbin ən aktual məsələlərindən biri olduğunu diqqətə çatdırıb. Direktorun sözlərinə görə, ürək xəstəliyi və insult üçün ən əhəmiyyətli davranış risk faktorlarına qeyri-sağlam qidalanma, fiziki aktivlik səviyyəsinin aşağı olması, siqaret və alkoqol kimi zərərli vərdişlər aiddir.

Eyni zamanda, tədbirdə yerli əhaliyə ürək-damar xəstəlikləri və onların profilaktikası haqqında faydalı məlumat verilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, işğaldan azad olunan digər ərazilərdə də Səhiyyə Nazirliyi tərəfindən davamlı olaraq maarifləndirici tədbirlərin və müayinə aksiyalarının keçirilməsi nəzərdə tutulub.

Nəşr edilib : 12.06.2024 15:04