AZ EN RU

Səhiyyə müəssisələrinə işə qəbul edilmiş yeni kadrlarla görüş keçirilib

    Muxtar respublikada bütün sahələr kimi, səhiyyə sahəsinə də xüsusi diqqət və qayğı göstərilir, bu sahənin inkişafı istiqamətində mühüm addımlar atılır, tibb işçilərinin təkmilləşdirilməsi üçün məqsədyönlü tədbirlər həyata keçirilir. Tibb sahəsində kadr hazırlığının təkmilləşdirilməsi istiqamətində aparılan islahatlardan biri kimi tibb işçilərinin müsabiqə yolu ilə işə qəbul edilməsi muxtar respublikada səhiyyənin inkişafına öz töhfəsini verməkdədir.
    Bu istiqamətdə həyata keçirilən tədbirlərin davamı olaraq Naxçıvan Muxtar Respublikası Dövlət İmtahan Mərkəzi tərəfindən tibb işçilərinin işə qəbulu üzrə növbəti müsabiqə keçirilib. 22-23 may və 31 may 2023-cü il tarixlərdə test imtahanı və klinik tapşırıq mərhələsi olmaqla iki mərhələdə aparılan müsabiqə nəticəsində 1-həkim, 23-ü isə orta tibb işçisi olmaqla, 24 nəfər ən yüksək bal toplayaraq muxtar respublikanın səhiyyə müəssisələrində işlə təmin edilib.
    Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində yeni işə təyin olunan tibb işçiləri ilə keçirilən görüş zamanı Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin birinci müavini, nazir vəzifələrini icra edən Samiq Sadıxov muxtar respublika səhiyyəsində aparılan əsaslı islahatlardan və səhiyyənin inkişafına göstərilən dövlət qayğısından danışaraq bildirib ki, bu gün Naxçıvan səhiyyə sistemində aparılan əsaslı islahatlar və kadr potensialının təkmilləşməsi əhalinin sağlamlığının təmin olunmasına verilən dəyərin və göstərilən qayğının bariz nümunəsidir.
    Qarşıya qoyulmuş hədəflərə nail olmaq üçün səmərəli fəaliyyətin önəmini qeyd edən Samiq Sadıxov bildirib ki, peşəkar kadrlar uğurun zəminidir. Səhiyyə sistemi qarşısında qoyulan vəzifələrdən biri də budur ki, insanlar tibbi yardımı yerlərdə ala bilsinlər, hər bir müayinə və tibbi müdaxilə üçün Naxçıvan şəhərinə, başqa yerlərə getmək məcburiyyətində olmasınlar. Muxtar respublikada artıq belə şərait yaradılıb. Rayon mərkəzi və kənd sahə xəstəxanaları, həkim ambulatoriyaları, feldşer-mama məntəqələri müasir tələblər səviyyəsində qurulub, tibbi avadanlıqlarla təchiz edilib və həmin avadanlıqlarda işləyə biləcək kadrlar yetişməkdədir.
    Müvafiq vəzifəyə təyin edilmiş, əmrləşdirilərək iş yerlərinə göndərilən yeni kadrlara tapşırıq və tövsiyələrini verən Samiq Sadıxov onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
    Sonda müsabiqə yolu ilə yeni işə qəbul edilən tibb işçiləri minnətdarlıq ediblər.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 24.06.2023 19:31