AZ EN RU

Səhiyyə hər bir insan üçün çox vacib olan sahədir

"Özünü tibb, səhiyyə işinə, insanların sağlamlığının keşiyində durmaq işinə həsr edən adamlar, həqiqətən, çox yüksək hörmət və ehtirama layiq olan insanlardır”, ‐ deyən Ümummilli Liderimiz Heydər Əliyevin 2001-ci il 4 iyun tarixli Sərəncamı ilə hər il iyunun 17-si ölkəmizdə “Tibb İşçilərinin Peşə Bayramı Günü” kimi qeyd olunur. Bu günün qeyd olunması ölkəmizdə səhiyyə sahəsinə, o cümlədən tibb işçilərinə göstərilən qayğının parlaq təzahürüdür. Milli dövlət quruculuğu strategiyasında səhiyyənin də inkişafına həssaslıqla yanaşan, bu sahəyə diqqət və qayğısını heç zaman əsirgəməyən Ulu Öndər Heydər Əliyevin səhiyyə siyasəti də dahi rəhbərin layiqli davamçısı  tərəfindən uğurla davam etdirilir. Bu gün də tibbi xidmətin keyfiyyətcə müasir standartlar səviyyəsinə yüksəldilməsi, vətəndaşların sağlamlığının etibarlı təminatı məsələləri dövlətin  üzərinə götürdüyü sosial öhdəliklər sırasında mühüm yer tutur. Verdiyi bütün vədlərə həmişə sadiqlik göstərən, hər bir azərbaycanlının Prezidenti olduğunu əməli işi ilə təsdiqləyən dövlət başçısı cənab İlham Əliyev dahi rəhbərin müəyyənləşdirdiyi strateji siyasət kursunu səhiyyə sistemində də layiqincə davam etdirir. Səhiyyənin prioritet sahələri üzrə qəbul olunmuş dövlət proqramlarının həyata keçirilməsi xəstələrə göstərilən tibbi xidmətin səviyyəsinin xeyli yüksəlməsinə, xəstəliklər üzrə müayinələrin həcminin artmasına, xəstələrin dərmanla təchizatının əhəmiyyətli dərəcədə yaxşılaşmasına imkan verir. 
Son illər ölkəmizdə həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində müşahidə olunan uğurlu inkişaf muxtar respublikada digər sahələr kimi səhiyyəni də əhatə edir. Dövlət qayğısının ildən-ilə artırılması səhiyyə sistemini dövrlə ayaqlaşan, qlobal dəyişikliklərə cavab verən və tərəqqi edən bir sahəyə çevirməkdədir. Butün bu dəyişiklikləri qədim diyarımızda da müşahidə edirik. Müstəqillik əldə ediləndən sonrakı dövr ərzində aparılan genişmiqyaslı islahatlar çərçivəsində 
Naxçıvan Muxtar Respublika Xəstəxanası, Naxçıvan  Müalicə Mərkəzi, Doğum Mərkəzi, Duzdağ Fizioterapiya,  Onkoloji, Yoluxucu Xəstəliklər, Gigiyena və Epidemiologiya mərkəzləri, Psixi və Ağciyər Xəstəlikləri dispanserləri, Şərur, Babək, Ordubad, Culfa, Kəngərli, Şahbuz və Sədərək Rayon Mərkəzi xəstəxanaları, Akademik Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikası,kəndlərdə həkim ambulatoriyaları və feldşer-mama məntəqələri tikilərək və ya yenidən qurularaq istifadəyə verilib. Ümumilikdə, son illər ərzində 200  - dən çox  səhiyyə obyektinin tikilərək və ya yenidən qurularaq istifadəyə verilməsi muxtar respublikada səhiyyə sahəsində görülən işlərin əsas göstəricisidir.
Artıq bir neçə ildir  ki, ölkə başçısı tərəfindən muxtar respublikada aparılan islahatlar səhiyyə sahəsini də əhatə edib. Ötən aylar ərzində Naxçıvan səhiyyəsində bir çox yeniliklərə imza atıldı, Naxçıvan Doğum Mərkəzi Perinatal Mərkəzə, Stomatoloji Mərkəz isə Ağız-Diş Sağlamlığı Mərkəzinə,Diaqnostika Müalicə Mərkəzi Naxçıvan Müalicə Mərkəzinə çevrilərək xəstəxanaların imkanları genişləndirilib. Təcili tibbi yardım işinin təkmilləşdirilməsi üçün işlər görülüb.Ötən müddətdə bu vacib sahənin inkişafı, onun maddi-texniki bazasının və kadr potensialının gücləndirilməsi, infrastrukturun yeniləşdirilməsi daim diqqət mərkəzində saxlanılıb. Naxçıvan Muxtar Respublikasında da səhiyyə müəssisələrinin təmir və bərpası, ən modern avadanlıqla təchiz olunaraq istifadəyə verilməsi və digər tədbirlər səhiyyə sahəsində aparılan islahatların əsasını təşkil edir. Muxtar respublikada səhiyyə sahəsinin inkişafı ilə bağlı həyata keçirilən davamlı və kompleks islahatlar ölkəmizdə ümumi halda bütün nailiyyətlərin, uğurların qazanılmasının əsas səbəbi olan insan sağlamlığının qorunmasına və beləcə, dövlətimizin xoşbəxt gələcəyinə, millətimizin maddi və mənəvi baxımdan inkişafına xidmət edir. Yaradılan şəraitdən səmərəli istifadə etmək, əhaliyə yüksək səviyyədə səhiyyə xidməti göstərmək bütün səhiyyə işçilərinin qarşısında qoyulan ən önəmli tələblərdəndir. 
Qeyd etmək yerinə düşər ki,  dövlət büdcəsindən səhiyyəyə ayrılan vəsaitlərin ildən-ilə artırılması tibb müəssisələrinin fəaliyyətinin, ümumilikdə, tibb xidmətinin çağdaş tələblər səviyyəsinə qaldırılmasına yeni imkanlar açıb.  Ölkə başçısının da dediyi kimi: “Səhiyyə xidməti ən yüksək səviyyədə olmalıdır. Bu bizim sosial siyasətimizin əsas istiqamətidir. Çünki insanların sağlamlığı üçün bütün işlər görülməlidir. Azərbaycanda güclü iqtisadi və sosial siyasət aparılır. Hər bir yaşayış məntəqəsində, hər bir rayonda tibbi xidmət yüksək dünya səviyyəsində olmalıdır”. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təsdiq etdiyi “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda Naxçıvan Muxtar Respublikasında səhiyyə sahəsində göstərilən xidmətlərin keyfiyyətinin və əhatə dairəsinin artırılması, ixtisaslı kadrların yetişdirilməsi, özəl səhiyyə müəssisələrinin yaradılması kimi mühüm məsələlər yer almışdır ki, proqramın icrası bu sahədə göstərilən xidmətlərin keyfiyyətinin yüksəlməsinə zəmin yaradacaqdır. 
Ölkəmizdə  tibb işçilərinə də  xüsusi qayğı göstərilir, bu sahədə fəaliyyət göstərən həkim və orta tibb işçilərinin əməyi daim yüksək qiymətləndirilir. Tibb işçiləri fəxri adlarla təltif edilir. 
    
Muxtar respublikada səhiyyə sahəsində yeniliklər və inkişafa doğru yeni layihələr həyata keçirilir. 
Naxçıvan Muxtar Respublika Xəstəxanasının  laboratoriyasında vətəndaşların gözləmə narazılıqlarının aradan qaldırılması üçün Qanalma otağının laboratoriyadan ayrılaraq daha geniş və lazımi şəraitlə təmin olunmuş otaqla əvəz olunması  növbə monitorunun quraşdırılması xidməti daha da yaxşılaşdırılıb. Qanalma otağı  lazımi avadanlıqlarla təmin edilib.
Həmçinin Naxçıvan Muxtar Respublika Xəstəxanasında  təcili tibbi təxirəsalınmaz yardım işinin yaxşılaşdırılması istiqamətində işlər görülmüşdür.
Əhaliyə göstərilən səhiyyə xidmətlərinin keyfiyyətinin yüksəldilməsində icbari tibbi sığortanın tətbiqi hər bir vətəndaş üçün mühüm əhəmiyyət daşıyır. Tibbi xidmətlərin keyfiyyətini daha da yaxşılaşdırmaq və müasir tələblərə uyğunlaşdırmaq, habelə əhalinin sağlamlığının etibarlı qorunmasını təmin etmək, muxtar respublika ərazisində ambulator tibbi yardım almaq üçün göndərişlərin verilməsi ləğv edilib.  Belə ki, muxtar respublikada sığortaolunanlar yaşadıqları və ya qeydiyyatda olduqları ərazidən asılı olmayaraq, ixtisaslaşdırılmış ambulator tibbi yardım üçün göndəriş olmadan həm yaşadığı ərazi üzrə, həm də digər şəhər və rayonlarda istənilən tibb müəssisəsinə müraciət edə bilirlər. 

Muxtar respublikada səhiyyə sahəsində yeniliklər və inkişafa doğru yeni layihələr bununla da yekunlaşmır. Ana və uşaq sağlamlığının qorunması istiqamətində görülən işlərin davamı kimi, Naxçıvan Muxtar Respublikası Doğum Məkəzi Perinatal Mərkəzə çevrilmiş, yeni yaradılan Perinatal Mərkəz yeni xidmətlərlə – hamiləliyin patologiyası hallarında qadınlara ixtisaslaşdırılmış tibbi yardım göstərməklə yanaşı, hər hamilə qadın üçün fərdi olaraq doğuşa hazırlıq və doğuşun aparılması taktikasının hazırlanması, o cümlədən dünyaya yenicə göz açan körpələrə yüksəkixtisaslı diaqnostik, konsultativ və müalicə yardımı göstərən yeni tipli səhiyyə müəssisəsi kimi fəaliyyətini davam etdirir.
     
Dövlətimizin hərtərəfli diqqət və qayğısı bizə muxtar respublikada əhalinin sağlamlığının mühafizəsi ilə əlaqədar çox mühüm vəzifələri uğurla yerinə yetirməyimizə geniş imkan yaradıb. Dövlət başçısının səhiyyə sahəsinə olan diqqət və qayğısı, Azərbaycan xalqının sağlamlığının qorunması yolunda atdığı mühüm addımlar, ümumiyyətlə, ölkədə həyata keçirilən sosialyönümlü siyasət Ulu Öndərin bu istiqamətdə müəyyən etdiyi strategiyanın uğurla davam etdirilməsinin parlaq təzahürüdür. “Mən istəyirəm ki, hər bir insan yaxşı yaşasın, hər bir insanın maddi imkanları artsın, uşaqlar yaxşı məktəblərdə oxusunlar, müəllimlər yaxşı məktəblərdə dərs desinlər. Həkimlər gözəl xəstəxanalarda işləsinlər və insanlarımız da sağlam olsunlar”, – deyən Prezident cənab İlham Əliyev bu istəklərini gerçəkləşdirmək üçün vaxtını, qüvvəsini və səylərini əsirgəmir. Azərbaycan Prezidentinin səhiyyə sahəsində siyasətini daim dəstəkləyən səhiyyə işçiləri onun müvəffəqiyyətlə həyata keçirilməsi üçün əzmlə çalışır, Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi yolla inamla addımlayırlar.Və bu gün fəxr hissi ilə deyirik ki,Azərbaycan həkimi təkcə xəstəxanalarda deyil, döyüş meydanında da öz andına sadiq qalıb insanları ölümdən xilas etdi.  Bir əlində silah,digər əlində neştər tutan ağxalatlı qəhrəmanlar Vətən savaşında yüzlərlə igidin həyatını xilas edib öz canlarını Vətənə qurban verdilər. Şəhidlik zirvəsinə ucalıb Azərbaycan xalqının ağxalatlı qəhrəmanlarına çevrildilər.

Ramiyə ƏKBƏROVA

Nəşr edilib : 17.06.2024 12:30