AZ EN RU

Şəhidlik zirvəsi elə bir yerdədir ki, oradan Vətən görünür

    Zaman-zaman əsrlərin sınağına tab gətirmiş Azərbaycan xalqı bu dəfə də sınaqdan mərd-mərdanə çıxdı. Xalqımızın mərd oğulları 44 gündə 30 illik həsrətə son qoydu. Ana oğlunu, əlindən xınası getməyən gəlinlər ərini, nişanlısının vüsalına qovuşacağı günü həsrətlə gözləyən qızlar sevgililərini, ağzı süd qoxulu körpələr atalarını, dağ vüqarlı atalar övladlarını Vətənə qurban verdilər, lakin vüqarlarını, dəyanətlərini itirmədilər. Yüzlərlə qəhrəman öz həyatını xalqımızın azadlığı, ərazi bütövlüyü uğrunda qurban verdi. Xalq elliklə Vətən torpağının müdafiəsinə qalxdı. Torpağımızın igid oğulları Azərbaycanın közərən yarasına məlhəm olmaq üçün cəbhəyə tələsdi.  Kimisi çiyinlərdə bayrağa bükülmüş, kimisi isə çiynində bayraqla döndü yurduna qələbə müjdəsi ilə. Şəhid, qazi olmaq şərəfinə layiq görüldülər. Tanrının süfrəsinə qonaq olub, bu xalqın qəlbində əbədiyyət alovu yandırdılar. Onlardan biridir Şərur elinin qəhrəman övladı Kamal Əbilov. 
    Əbilov Kamal Vidadi oğlu 1996-cı ilin mayında Şərur rayonunun Oğlanqala kəndində dünyaya göz açmışdı. 2004-cü ildə Oğlanqala kənd tam orta məktəbində ilk təhsilinə başlayan Kamal 2011-ci ildə hərb sənətinin təməl biliklərinə yiyələnmək üçün Naxçıvan şəhərindəki Heydər Əliyev adına Hərbi Liseyə qəbul olunmuşdu. 2014-cü ildə bu təhsil ocağını bitirib Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olaraq təhsilini davam etdirən Kamal 2018-ci ildə AAHM-i bitirir, Kamal leytenant rütbəsi alaraq N hərbi hissədə fəaliyyətə başlayır. Vətən müharibəsi zamanı Murovdağ istiqamətində döyüşərək şəhid olub. Şərur şəhəri Şəhidlər xiyabanında dəfn edilib. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən “Vətən uğrunda”, “İgidliyə görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.
    O, Vətən müharibəsində bir ovuc torpağı canından əziz bilib qurban oldu Vətənə. İllərdir, həsrətində olduğumuz qələbə xəbəri ilə qayıtdı yurdumuza. Şərur şəhərindəki Şəhidlər xiyabanında onun məzarı başında dayanmışam, indi lal baxışlar mənə baxır. Şuşa dağlarına yayılan “Qarabağ şikəstəsi”nin səsini duyduqca, Ağalıya qayıdan köçü, orada doğulan körpənin səsini eşitdikcə, xalqımızın vaxtilə başına gətirilən müsibətlərin qisasını alan  oğullardan biri olduğum üçün qürur duyuram, – deyir bu baxışlar mənə. Bir-bir ziyarət edib, baş əyirəm Vətən oğullarının məzarları önündə.
    Deyirəm ki, sizin dünyaya yumulan gözləriniz Qarabağımızın gözlərinə işıq verdi. İllərdir, sönən çırağımız alovlandı, azan səsinə həsrət qalan torpağımızın qulağı bu müqəddəs səsi eşitdi. Üçrəngli, ay-ulduzlu bayrağımız sizin kimi oğulların əllərində işğaldan azad edilən torpaqlarda dalğalandı. Onlar ən yüksək zirvəyə – şəhidlik zirvəsinə yüksəldilər, o zirvənin başında isə Azərbaycan bayrağını dalğalandırdılar. O bayraq ki o enməsin deyə yüzlərlə igid öz canından keçmişdi. Və bu gün o bayraqlar şəhid məzarlarının başı üstə qürurla keşik çəkir, onların ziyarətçilərini salamlayır. 

Ramiyyə ƏKBƏROVA

Nəşr edilib : 06.09.2023 18:30